“Ərəblər kötük balından ötrü baş yarırlar”
09.01.2019, 00:00
200
“Ərəblər kötük balından ötrü baş yarırlar”

Arıçılıqla məşğul olanlar deyirlər ki, bal məhsullarının ən yaxşı alıcıları ərəb ölkələrinin vətəndaşlarıdır. Keyfiyyətə xüsusi əhəmiyyət verən ərəblər daha çox kötük balının həvəskarıdırlar. 
Türkiyənən Van vilayətində arıçılıqla məşğul olan Metin Erasan deyib ki, kötük balı endemik bitkilər olan ərazilərdə daha yaxşı alınır. “Son illər Qətər və Səudiyyə Ərəbistanından gələn tələblərin qarşısında dura bilmirik. Ərəb iş adamları böyük həcmdə bal məhsulları, xüsusən kötük balı istəyirlər. Əlimizdə nə məhsul varsa onlara göndəririk. Builki qiymətlər kiloqramı 150 lirədən başlayır”. 
Deyirlər, kötük balı dünyadakı 4 əsas arı cinsi olan Boz Qafqaz arısı vasitəsi ilə daha keyfiyyətli əldə olunur. Düzdü, bu balı əldə etmək çox çətindir. Arıların yuva qurması üçün söyüd ağaclarından evlər düzəldilir və palçıqla ətrafı hörülür, arılar kötüklərin içərisində əcdadları yaşadığı kimi yaşayırlar. 
Kötük balı ən təmiz bal sayılır və hər hansısa qatqıların vurulması mümkün deyil. Kötük balı yalnız cins arılar vasitəsi ilə hasilə gəlir. Bitki örtüyünün zəngin olması, ərazidə kimyəvi dərmanlama əməliyyatının aparılmaması şərtdir. Lakin bunu hər arıçı istehsal edə bilmir, savadlı arıçılar lazımdır. 
Nuri Dündar adlı arıçı kötük balı haqqında bunları deyib:” İlkin yazda kötükləri yüksək dağ massivlərinə yerləşdirir, arının həyatına heç bir müdaxilə etmirik, kötüklərin ağzını payız fəslinin əvvələrində açırıq. Yeşiklə müqayisədə kötükdə bal çox olmur, amma tam ekoloji məhsuldur”. 
Azərbaycanlı arıçı Samir Muradov isə qədim arıçılıq ənənələrini yaşatmağın vacibliyini vurğulayıb: “Mən Azərbaycanda arıçılığın qədim ənənələrini , yəni arı ailələrini kötükdə,  səbətdə və qayalar arsında saxlamaqla inkişaf etdirmək istəyirəm. Yaşayış məntəqələrində arı saxlamağın tərəfdarı deyiləm. Arılar kötük və səbətdə özlərini doğma evlərindəki kimi  hiss edirlər. Buna görə də genetik və irsi olaraq beçəvermə zamanı meşədəki kötüklərin arasında yuva salmağa üstünlük verirlər”.
“Aqrobiznes”