"Ata-baba”sortu quraqlığa,şaxtaya qarşı dözümlüdür” 
06.12.2018, 17:25
183
"Ata-baba”sortu quraqlığa,şaxtaya qarşı dözümlüdür” 

Qeyri-neft sektoru üzrə ixracyönümlü məhsullar arasında fındıq xüsusilə seçilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bağçılıq Dayaq Məntəqəsinin direktoru Rəşad İbrahimov deyir ki, hazırda  76 sort fındıq becərilir. Onların hər biri ayrı-ayrılıqda məhsuldarlığına görə fərqlənsə də, "Ata-baba” sortu daha sərfəlidir. Üstünlük onun yağlılığında və bol məhsul verməsindədir. Bu sort həmçinin xəstəlik və zərərvericilərə, quraqlığa, şaxtaya qarşı dözümlüdür, onun tərkibi, zəngin pöhrəvermə qabiliyyəti yüksəkdir. Eyni zamanda hər il bar verir.
Müsahibimiz qeyd etdi ki, fındıq ağaclarının məhsuldar olması üçün vacib məqamlardan biri əkin sxeminə nəzarət etmək və budamanı düzgün aparmaqdır. Budama vaxtında aparılmadıqda ağacların əkin sahəsi daralır və onların qidalanma imkanları azalır. Ona görə də aqrotexniki tədbirlərə mütləq düzgün nəzarət olunmalıdır. Havanın sirkulyasiyası, tozlanmanın getməsi, günəş şüalarının bitkiyə hərtərəfli düşməsi də vacib şərtlərdir.
Əli Səlimov, "Azərbaycan”