Meyvə tingləri nə vaxt əkilməlidir?
17.12.2018, 15:20
149
Meyvə tingləri nə vaxt əkilməlidir?

Payız fəsli meyvə tinglərinin əkilməsi üçün ən münasib vaxtdır. Meyvə bağı salanlar şaxtalar düşənədək bu işi başa çatdırmalıdırlar. Biz adətən meyvə tinglərini noyabr ayında əkirik. Yeni meyvə bağlarının salınmasına yarpaqlar töküləndən sonra başlamaq lazımdır. Payızda əkilən tinglərin qurumaq ehtimalı çox azdır və daha yaxşı inkişaf edir.
40 ilə yaxındır tingçiliklə məşğul olan qubalı bağban Şirin İlyasov:”Yazda da meyvə ağacları əkənlər var. Amma yazda əkilən tingi qoruyub saxlamaq çətindir. Əkinin düzgün dərinliyini bilmək də çox vacibdir. Dərinlik az olarsa, tingin kökləri qışda şaxtadan, yayda isə istidən məhv ola bilər. Çox dərinə əkiləndə də ağac quruyur, kökləri zəif inkişaf edir. Əkin zamanı ağacın kök və gövdəsinin bitişən hissəsi torpağın səthindən 4-5 santimetr hündürlükdə olmalıdır. Ağacı əkərkən köklərin çuxur boyu tam uzadılmasına, uclarının yuxarıya doğru əyilməməsinə diqqət etmək lazımdır. Ting çuxurun tam ortasında əkilməlidir. Çuxur doldurularkən torpağın yalnız münbit qatı istifadə olunmalıdır.
Şirin İlyasov təsərrüfatında xaricidən gətirilən tinglərin artırılması ilə də məşğul olur. Amma mütəxəssis daha çox yerli sort meyvələrin becərilməsini məsləhət görür. Xarici sort meyvələri isə intensiv və ya superintensiv bağlarda əkmək daha məqsədəuyğundur.
Elxan Yusifli

“Azərtac”