Taxıl əkənlər sertifikatlaşdırılmış toxum almalıdırlar
21.12.2018, 11:35
100
Taxıl əkənlər sertifikatlaşdırılmış toxum almalıdırlar

“Taxıl əkən təsərrüfatçılar mütləq sertifikatlaşdırılmış toxum almalıdırlar. Çünki həmin sertifikatda toxuma aid bütün göstəricilər öz əksini tapır. Təsərrüfatçılar məhz bu sertifikat əsasında hər hektara nə qədər toxum səpilməsini müəyyənləşdirməlidir. Məsələn, adi halda bir hektara 200 kiloqram toxum əkilir. Amma cücərmə qabiliyyəti nisbətən aşağı və min dənin çəkisi artıq olarsa, fermer 200 kiloqram yox, 220-230 kiloqram toxum səpməlidir. Bir sözlə, sertifikatlaşdırılmamış toxum əkən fermerlər risk edir”. Bu sözləri Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisi Elxan Babaşov söyləyib.
Standarta görə toxumun cücərmə qabiliyyəti azı 92 faiz və ya daha yüksək olmalıdır. Əks halda həmin toxum sertifikatlaşdırılmır. Toxum təmizliyi isə 98 faizdən aşağı olmamalıdır. Bu göstəricidən aşağı olarsa, taxıl yenidən təmizlənməlidir. Toxumun nəmliyi isə 12-14 faizdən çox ola bilməz. Toxum standartlarında min dənin çəkisi də vacib amillərdəndir. Məsələn, standarta görə “Əzəmətli-95” sortunda min dənin çəkisi 38-42 qram arasında dəyişir. Bu halda hektara səpin norması azalıb və yaxud artırıla bilər.
Bölgədə toxum istehsalçısı kimi fəaliyyət göstərən 38 təsərrüfatçıdan biri də Adəm Əhmədovdur:”Artıq 10 ildir ki, toxumçuluq təsərrüfatı yaratmışıq. Toxumçuluq kənd təsərrüfatında ən vacib sahələrdən biridir. "Əzəmətli-95", “Qobustan”, “Bezostaya ”, “Fatimə” kimi buğda sortları şimal zonası üçün yerli iqlim şəraitinə uyğun, xəstəliyə davamlı sortlar sayılır. Bəzən təsərrüfatçılar əkin üçün mənşəyi məlum olmayan, sertifikatlaşdırılmamış toxum alırlar. Toxum görünüşcə yaxşı olsa belə, laboratoriyada analiz olunmadan onun keyfiyyəti barədə fikir söyləmək olmaz. Bəzən yanlış olaraq, iri dənin toxum üçün daha yararlı olduğunu düşünürlər. Amma bu, əsas şərt deyil. Ola bilər ki, həmin toxumun cücərmə faizi çox aşağıdır və ya hansısa xəstəlik var. Ümumiyyətlə yaxşı olar ki, taxılçılıqla məşğul olan fermerlər sertifikatlı toxumdan istifadə etsinlər”, – deyə A. Əhmədov bildirib.
Elxan Yusifli, “Azərtac”