BİZDƏN SORUŞURLAR
Sual Cavab

Fermer həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəliklərini necə yerinə yetirməlidir?

Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir.
Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məh­sulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.
Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alqı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.
 

Örüş sahəsi üçün mineral gübrə və pestisidləri güzəştli şərtlərlə almaq mümkündürmü?

Xeyr, qeyri-əkin sahələri üçün mineral gübrə və pestisidləri güzəştli şərtlərlə almaq mümkün deyil, 100% dəyərini ödəməklə mineral gübrə və pestisidləri əldə etmək olar.

Sarımsaq Rusyaya əvvəlkı illərə baxanda ıxracı azdımı.? Yəni qıymət  çox ucuzdu, nə gözlənılır sarımsağın qıymətındə? Qıymət qalxacaqmı?

Bu il ölkədə təlabatdan qat-qat artıq sarımsaq istehsal olunub. Buna baxmayaraq Rusiya bazarlarına ixrac olunur. Qiymətin qalxması hələki gözlənilmir

Salam. Yanmış gübrə dedikdə nəyi nəzərdə tutursunuz? Hörmətlə Vüqar ƏLəsgərov

Hörmətli Vuqar m, yanmış gübrə adətən mexaniki yolla əldə edilir. Bir kənara yığılaraq bir neçə ilə saxlanılır, nəticədə gübrədə hava ilə reaksiya baş verərək qazlar xaric olur, gübrə minerallaşır və torpaq üçün üzvi mineralları özündə toplayır. Yanmış gübrə torpaq üçün çox faydalıdır, baha qiymətə satılır. 

Aqrar sahədə elmi arasdirmaların real şəraitə uygun, daha cevik, daha səmərəli və muasir bazar iqtisadiyyati tələblərinə uygun aparilmasi ücün də bu cür mərkəzlər təşkil etmək olar. Sadəcə hara muraciət edəcəyimi bilmirəm.

Azərbaycanda aqrar elmi araşdırmalar aparan butun müəssisələr Aqrar Elm Mərkəzində birləşib. Mərkəzin strukturuna 8 institut, 8 regional elm mərkəzi və bütün rayonları əhatə edən təcrübə sınaq stansiyaları fəaliyyət göstərir. Bu müəssisələrin ünvanlarını əldə edə bilərsiniz 

Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com 

 

Lizinq yolu ilə icarəyə texnika götürmüşəm. Bilmək istərdim ki, texnika hansı qaydada sığortalanır? Mənsur Əliyev, Sabirabad rayonu

Lizinq yolu ilə icarəyə götürülmüş texnikalar dəyərinin 0,5%-i  həcmində bir il müddətinə Kasko sığorta olunur.

Lizinq yolu ilə icarəyə verilmiş texnikaların dəyərinə güzəştlər necə tətbiq olunur? Fermer Elnur İsmayılov, Ağcabədi rayonu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizdən yuxarı olmamaq şərti ilə güzəşt verilir.

“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikaları almaq üçün hansı sənədlər tələb olunur? Fermer Cavid Hüseynov, Kürdəmir rayonu

Tələb olunan sənədlər:
1) Yaşayış yerindən arayış;
2) VÖEN (vergi ödəyicisinin identifikasıya nömrəsi);
3) Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd;
4) Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsi yoxdursa,sürmək üçün etibar edilmiş şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi). 
 

Ev şəraitində nehrə yağının keyfiyyətini necə yoxlaya bilərəm? Bakı şəhər sakini

Bu gün əksər market və satış nöqtələrində tərkibi palma olan saxta “nehrə yağ”ları satılır. Ucuz qiymətə, 6-7 manat. 
İlk növbədə qoxusuna diqqət edin:  Nehrə yağıını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulursa və əvəzində ətrafa sərt qoxu yayılırsa şübhələnməlisiniz. Əsl nehrə yağı əridiləndə tünd sarı rəng almalı və xoş qoxu verməlidir. İkincisi, təbii nehrə yağı əridilərkən bərabər şəkildə əriməlidir, saxta olanların səthində damcılar əmələ gəlir. Bu palma yağına və ya marqarinə aid xüsusiyyətdir. Üçüncüsü, təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə sərtliyini itirmir, amma palma və marqarin tərkibli yağlar mətbəx havasında yumşalır hətta əriməyə başlayır. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür  və parlaq görünür.
Sonuncusu, təbii kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.
Saxta nehrə yağları alan alıcılardan bizimlə əlaqə saxlamalarını xahiş edirik.
 

Uzun illərdir ki, arıçılıqla məşğulam. Eşitdiyimə görə, yeşiklərinin müxtəlif rənglərdə boyanması arılara müsbət təsir göstərir. Bu doğrudurmu?
Cavad Alcanov, Zaqatala rayonu

Bəli, arıxanada əlvan rənglərə üstünlük verilməsi bu canlıların psixologiyasına müsbət təsir göstərir. Arı yeşiklərinin müxtəlif rənglərlə boyanması xarici ölkə təcrübəsində sıx rast gəlinir. Arıxanada rəng müxtəlifliyi arıların xüsüsən də nukleuslardakı  "ana arıların" yeşiyi səhv salma şansını azaldır, yeşiklərin temperatur rejiminə müsbət təsir edir. Arılar günəş spektorunun ultrabənövşəyi (insan gözü bu rəngi seçmir) və həmçinin sarı, yaşıl, göy və bənövşəyi rəngləri yaxşı seçir. Bir çox rənglər isə ultrabənövşəyi şuaları qaytarma dərəcəsindən aslı olaraq fərqli rəng çalarları yaradır. Məsələn, göy və bənövşəyi rəngləri arılar 4 müxtəlif rəngdə görə bilər. Qırmızı rəngi qara kimi yaşıl, narıncı rəngi isə sarı kimi görürlər.  Qara və qırmızı rəng son nəticədə arı üçün heçdə eyni rəng deyil.
Bu təcrübəni bütün arıçılarımıza tövsiyyə edirik. 
 

(Sualı arıçı İlqar Rəhimov cavablandırdı)
 

Kənd təsərrüfatı məhsullarının istehsalı üçün azfaizli kreditləri necə əldə etmək olar? Asif Mehrəliyev, Füzuli rayon sakini

Bu kreditləri Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu verir. Güzəştli kredit vəsaitlərinin hədləri: kiçik həcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; orta həcmli kreditlər: 50.001 manatdan 500.000 manatadək; böyük həcmli kreditlər: 500.001 manatdan 10.000.000 manatadək. Kiçik həcmli kreditlər üçün-3 (üç) ilədək; orta həcmli kreditlər üçün- 5 (beş) ilədək; böyük həcmli kreditlər üçün-10 (on) ilədək.
Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 (altı) faizindən artıq olmamalıdır.
Sahibkarlığa Kömək Milli Fondunun ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə küç 172, tel: 433-63-65

Xaçmaz rayonunun İlıxlı kəndi ərazisində sarımsaq əkmək istəyirəm. Bunun üçün torpağı analiz etdirməliyəmmi? Adəm Əsgərov, Xaçmaz sakini

Sarımsaq əkini iki mövsüm aparılır: oktyabr-noyabr ayları və  fevral-aprel ayları. Bu bitki üzvi maddələrlə zəngin torpaqlarda daha yaxşı yetişir. Əkiləcək torpağa bir neçə ay əvvəl hektara  5-6 ton yanmış gübrə verilməlidir. Daha sonra torpaq 25 sm dərinlikdə şumlanmalıdır. Bir hektara əkin normativi 100-130 kq-dır. 
Sarımsaq əkəcəyiniz torpağı analiz etdirmək, eləcədə digər məsləhətlər almaq üçün aşağıdakı ünvana müraciət edin: 
Bakı ş., Xırdalan-Binəqədi şossesi- 34H (DYPİ-nin yanı)
Tel:   (012) 401 69 61; (012) 408 20 57
Mob: (050) 339 70 16; (070) 992 07 09