26 May 2019

Sürü yaylağa necə qaldırılmalıdır?

10 May 2019
77

Heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu müəyyən edilir. Heyvanlar əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət edir, yoxlamaq və ya istirahət vermək üçün müəyyən məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və ərazi icra nümayəndələri tərəfindən təyin edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa heyvanlarla qarışmasına yol verilməməlidir.

Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazion xəstəliklərinə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.

Heyvanların yaşından asılı olaraq hərəkət sürəti və otarma planı tərtib edilir. Ot çox olan yerlərdə heyvanların sürəti azaldılır, ot az olan yerlərdə isə artırılır. Yol gedən heyvanlara hər 5 gündən bir 1,5—2 gün istirahət verilməlidir. İstirahət üçün su mənbəyi və yaxşı otlaqlı sahə seçilməlidir. Dincəlmə məntəqəsinə çatdıqdan 1,5—2 saat sonra heyvanlar suvarılmalıdır. İsti və bürkülü havalarda dincəlmə yeri bir qədər hündür və kölgəlik sahələrdə seçilməlidir.

Yay fəslinin isti günlərində heyvanlar səhər tezdən və axşam çağı (yəni sərin düşəndə), bir yerdən başqa yerə aparılmaq üçün hərəkət etdirilməlidir. Günün qızmar vaxtında (günorta) isə sərin kölgəlikdə saxlanmalıdır.

Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və s.), nəqliyyatla (avtomobil, araba) və duzla, ilk baytarlıq yardımı üçün dərman vasitələri ilə təmin edilməlidir.

İşçilər heyvanları yaxşı və təhlükəsiz yerlərlə aparmalıdırlar. Yolda hər cür təhlükəyə qarşı hazır olmalıdırlar. Təhlükəli yerlərdən (çaylardan, dərələrdən, dağlardan, körpülərdən, qumsal yerlərdən, dağlı-çaylı yerlərdən, kolluqlardan, zəhərli bitkilər olan yerdən, epizootik xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan və s.) keçdikdə bütün ehtiyat tədbirləri görülməlidir.

“Aqrobiznes”

CV YARAT