26 May 2019

“Qaydalara düzgün əməl olunarsa 120 sentiner qaçılmazdır” - FOTOLAR

10 May 2019
95

Dağların qoynunda yerləşən bu elmi müəssisə Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasıdır. 

Elmi təcrübə bazasında hər il 80-100 ton taxıl, 20-30 ton qarğıdalının yüksək reproduksiyalı toxumu istehsal olunur, rayonun dövlət və özəl toxumçuluq təsərrüfatlarına təklif və tövsiyyə edilir. Stansiyanın fəaliyyəti ilə tanış olarkən bildirildi ki, bura xüsusən qarğıdalı toxumçuluğunun təşkil olunduğu yeganə elmi bazadır. Odur ki, əməkdaşlarla söhbətimiz yerli qarğıdalı sortları haqqında oldu. Stansiyanın direktoru,  biologiya elmləri namizədi Nəbi Kərimov:  “Fermerlərimiz bilməlidirlər ki, sort qarğıdalı toxumları yalnız bizim stansiyada yetişdirilir. Hər il yetişdirilən yüksək reproduksiyalı toxumlar toxumçuluq təsərrüfatlarına tövsiyyə olunur. Burada qarğıdalının Zaqatala-514, Zaqatala-68, Zaqatala-420, Zaqatala-380, Qürür, Ümid, Fəxri sortları  yaradılıb və rayonlaşdırılıb. Bu mövsüm üçün 22 ton yerli qarğıdalı toxumunu əkinçilərə təklif edirik. Sahibkarlarımız xaricdən hibrid toxumların kiloqramını 10-15 manata alıb gətirirlər, amma biz 1-1,5 manata təklif edirik. Bizim sortlarımız silosluq üçün daha əlverişlidir. Odur ki, fermerlərimizə təklif edirik ki, səpin mövsümi davam etdiyi üçün gəlib alsınlar”.

Stansiyanın şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Nərgiz Abdullayeva isə bildirdi ki, yerli iqlimdə əldə olunmuş toxumlar  keyfiyyət göstəricilərinə görə hibritlərdən daha üstündür:” Yetişdirdiyimiz toxumlar bütün bölgələrin iqlim şərtlərinə uyğundur, aqrotexniki qaydalara düzgün əməl olunarsa 120 sentiner almaq qaçılmazdır. Qarğıdalıdan yüksək nəticələr almaq üçün torpağın münbitləşdirilməsi tədbirləri, suvarma təminatı, xəstəlik və zərərvericilərə qarşı mübarizə, dibdoldurma, cərgəarası becərmə, kultivasiya aparılması vacibdir. Təsərrüfatlarda apardığımız müşahidələrə görə, qarğıdalı əkən fermerlərimiz torpaqların analizini aparmırlar,  bu zaman gübrələr birtərəfli verilir. Adətən, qarğıdalı əkilən sahələrə azot gübrəsi verilir, lakin fermer bilmir ki, torpağa hansı mikro, makro elementlər lazımdır. Sahələrin becərilmə tədbirləri torpaq analizinin  əsasında aparılmalıdır”.

Stansiya əməkdaşları dedilər ki, mövsümdə qarğıdalı əkini aparan hər bir fermer məsləhət almaq üçün müraciət edə bilər.

Nicat Nəsirli

“Aqrobiznes”

CV YARAT