21 İyul 2019

Fermerlər hansı vergilərdən azaddır?

29 May 2019
157
fermerler-hansi-vergilerden-azaddir

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən müvafiq vergilər üzrə güzəştlər tətbiq edilir: vergi qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla 2019-cu ilin 1 yanvar tarixinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, gəlir vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilmişdir.
Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların dövriyyə vəsaitlərinə qənaət edilməsi məqsədilə bəzi malların idxalda ƏDV-dən azad edilməsini nəzərdə tutan maddələr Vergi Məcəlləsinə əlavə edilmişdir. Lakin Məcəllənin 159.10-cu maddəsinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara bu sahədə güzəştlərin verilməsi məqsədilə bəzi malların idxalının ƏDV-dən azad edilməsi ilə yanaşı, onların ölkə daxilində satışı da ƏDV-dən azad edilmişdir. Buraya aiddir: damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı.
Bunlardan əlavə, mövcud qanunvericilik kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərin də bilavasitə əlaqəli olan fəaliyyət sahəsinə uyğun investisiya təşviqi sənədini almasına və həmin sənəd əsasında müvafiq vergi güzəştlərindən istifadə etməsinə imkan yaratmışdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq verilən investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azaddır.
“Trend”, Nicat İmanov 
Vergilər Nazirliyinin departament direktorunun müavini 

CV YARAT