21 İyul 2019

“Gövdəsi nazik ağaclara göz, qalın ağaclara isə qələm calağı vurulmalıdır” - FOTOLAR

10 İyun 2019
76
goevdesi-nazik-agaclara-goez-qalin-agaclara-ise-qelem-calagi-vurulmalidir-fotolar

Meyvəçilik və Çayçılıq Elmi Tətqiqat İnstitunun Zaqatala Dayaq Məntəqəsi ölkəmizdə fəaliyyətə göstərən tarixi müəssisələrdən biridir. 1926-cı ildən fəaliyyətə başlamış dayaq məntəqəsi 62 hektarlıq təcrübə sahəsində tingçilik, rayonlaşdırma və digər elmi işləri həyata keçirir. Bölgəyə xas xarakterik təsərrüfat ənənələrinə uyğun olaraq qoz, əncir, gilas və fındıq ağaclarının rayonlaşdırılması öyrənilir. Dayaq məntəqəsində 100 yaxın fındıq sortunun genofondu yaradılıb, yerli sortlardan “Qalib”, “Fıravan”, “Arzu”,”Ata-baba”, “Gəncə yağlı”, “Oğuz”, “Qəbələ” sortlarının genbankı inkişaf etdirilir. Son illər ölkəmizin fındıq ixracında mühüm nəticələr əldə etməsi nəzərə alınaraq bu potensialı daha da inkişaf etdirmək üçün qonşu Gürcustandan “Xaçapura”, “Abxaz-Orta”, “Axxaz xırda”, Şimali Qafqaz Sortları “Kudryavçik”, “Çerkezsiy 1”, “Çerkezsiy 2”  sortları gətirilərək əkilib, gələcəkdə tingçiliyi yaradılaraq fermerlər arasında yayılacaq. Dayaq məntəqəsi eyni zamanda İnstitutun yaratdığı sortlar olan “Arzu”, “Aslan baba”, “Qalib”, “Qax faraş”, “Saçaqlı”, “Topqara”, “Şiş fındıq” sortlarının bölgədə yayılmasını da təmin edir. 
Dayaq Məntəqəsinin rəhbəri Rəşad İbrahimovun sözlərinə görə, müəssisə son illər meyvəçilik, xüsusən fındıq məhsullarına artan təlabat fonunda elmi axtarışlarını qurmağa çalışır:” Hazırda 30 məhsuldar sort İran və ABŞ-dan introduksiya olunaraq rayonlaşma səviyyəsi öyrənilir. Yaxın gələcəkdə 30 ədəd İtaliyadan “Cifhoni” sortlu fındıq tingi gətirilərək artrılaraq bölgədə yayılması təmin ediləcək. Türkiyədən də 100 ədəd çay tingi gətirilib, bu il əkilərək bölgənin iqliminə uyğunlaşma imkanları öyrənilir. 1 hektar 40 sotda müasir texnologiyaya əaslanan qoz və fındıq tingliyi salınacaq, damlama suvarma sistemi qurulacaq. Yeni intensiv texnologiya əsasında cərvəgi V şəkilli, təkgövdəli yeni fındıq bağı salınıb. Məqsədimiz odur ki, dayaq məntəqəsi intensiv meyvəçilik sahəsində böyük bir mərkəzə çevrilsin”. 
Məntəqə qarşıya qoyulmuş məqsədə çatmaq üçün maarifləndirmə işlərinə xüsusi əhəmiyyət verir. İl ərzində bir neçə dəfə bölgə fermerləri üçün sahə nümayişləri keçirilərək yeni əkin texnologiyaları, becərmə sxemləri, tinglərin çoxaldılması, yeni ting nümunələri nümayiş etdirilir, geniş maarifləndirmə işləri aparılır. Təsadüfi deyil ki, gərzəkli meyvəçiliyin vətəni sayılan Şəki-Zaqatala bölgəsində son illər bu sahəyə maraq dəfələrlə artıb, bu işdə dayaq məntəqəsinin də öz payı var.    
Bölgədə intensiv texnologiyaların təbliği məqsədi ilə son vaxtlar dayaq məntəqəsinin sahəsində qoz ağaclarına müasir üsullarla calaq vurulması həyata keçirilir və bu proses fermerlərə izah edilir. Bu günlərdə Türkiyədən “Çantler” sortlu qələm və göz tingləri gətirilib. Dayaq məntəqəsinin əməkdaşı Abdulla Əhmədov tərəfindən intensiv texnologiya əsasında becərilən qoz ağaclarına göz və qələm calaqları vurulur. Artıq payızda bu tinglər fermerlərə satılacaq. “Calaq yaz aylarında edilməlidir.  Gövdəsi nazik ağaclara göz, qalın ağaclara isə qələm calağı vurulmalıdır. Bu üsul on beş gündən sonra öz nəticəni göstərəcək. Calaqlar lentlər möhkəm bağlanmalıdır ki, zərərverici sirayət etməsin. Eyni zamanda, calaq vurulandan sonra hər 3 ağaca bir ağac tozlandırıcı  əkilməlidir sahədə. Calaq vurulan yer gövdədən 25 sm yuxarıda olmalıdır, calaqlar seçilərkən erkək-dişi prinsipi gözlənməlidir. Salxım qoz bağı salanlar bilməlidirlər ki, bu ağaclardan dörd ildən tez məhsul götürmək əbəsdir, hər il verilən məhsul  yolunub tökülməlidir ki, ağacın vegetativ inkişafı güclü getsin. Xəstəliklərinə gəldikdə isə, salxım qoz ağaclarına qarşı əsas təhlükə göbələk xəstəlikləridir,  vaxtında aşkar edilib qarşısı alınmalıdır. Dünyada çox böyük təlabat var bu qoz ağaclarına , salxım qoz bağı salanlar bu sahəyə investisiya qoymaqda tərəddüd etməməlidirlər”-deyə dayaq məntəqəsinin əməkdaşı bildirib. 
Nicat Nəsirli 
“Aqrobiznes” 

CV YARAT