21 İyul 2019

Yeni subsidiya mexanizmi təsdiqləndi - Qaydalar

29 İyun 2019
57
yeni-subsidiya-mexanizmi-tesdiqlendi-qaydalar

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur və 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 
Növbəti ildən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi olan Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə veriləcək. Bu sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcək. EKTİS-də qeydiyyatda olan şəxs eyni zamanda ölkənin elektron hökümət portalında (mygov) qeydiyyatdan keşmiş sayılır və portalda təqdim edilən digər xidmətlərdən istifadə edə bilər.
Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, vaxt itkisinin qarşısını alacaq. Fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olacaq, təsərrüfatları, proqnozları barədə məlumatları həmin kabinetə daxil edə və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcək.
EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahələri, onlar tərəfindən əkiləcək və əkilən bitkilər, subsidiya predmeti olan heyvanlar barədə məlumatlar kabinetdə əks olunacaq. Sənədlərində dəyişiklik olmayan fermerlər subsidiya ala bilmək üçün yenidən sənəd təqdim etməyəcəklər.
Subsidiya mexanizminin kənd təsərrüfatının inkişafı məqsədlərinə çevik şəkildə uyğunlaşdırılması məqsədilə Aqrar Subsidiya Şurası yaradılacaq. 7 nəfərlik Şura Kənd Təsərrüfatı, İqtisadiyyat, Maliyyə Nazirlikləri, Dövlət Statistika Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və yerli fermerlər assosiasiyasının nümayəndələrindən təşkil olunacaq. Şuraya kənd təsərrüfatı naziri rəhbərlik edəcək.
Şura subsidiyaların təkmilləşdirilməsi, təsdiq edilən baza məbləği olan 200 manata bitkiçilik sahəsinin subsidiyalaşdırılması üçün tətbiq ediləcək əmsalları, toxumçuluq sahəsi ilə bağlı kvotaları müəyyən edəcək.
Bitkiçilik sahəsində subsidiyaların hesablanması Şura tərəfindən təsdiq edilən əmsalın baza məbləğinə vurulması ilə aparılacaq. Baza məbləğində fərqli əmsalların tətbiqi tələbata uyğun bitkilərin düzgün ərazilərdə becərilməsi və bu istiqamətdə fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.
Növbəti ildən bitkiçilik sahəsində aşağıdakı növdə subsidiyalar olacaq:
•Əkin subsidiyası fermerlərə bitkilərinin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə veriləcək. Hektar başına əkin subsidiyası regionlar və bitki növləri üzrə fərqli məbləğlərdə müəyyən ediləcək. Dolayısıyla fermerlərə indiyədək verilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilməsi nəzərdə tutulur.
•Məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq veriləcək. Məhsul subsidiyası tətbiq ediləcək bitki növləri və əmsallar Şura tərəfindən müəyyən edilərək elan ediləcək.
•Toxum subsidiyası – toxumçu fermerlərə sertifikatlı (1-ci və 2-ci reproduksiya) toxumların və tinglərin satışına görə Şura tərəfindən müəyyən edilən kvotalara uyğun olaraq veriləcək. Toxumçu fermerlər Aqrar Xidmətlər Agentliyinin müvafiq reyestrində qeydiyyatdan və sahə üzrə keyfiyyət nəzarətindən keçmiş toxum istehsal edən şəxslərdir.
Fermerlər subsidiyalar üçün elektron qaydada və ya bilavasidə müraciət edə biləcəklər. Fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçiriləcək, mərkəzdən əlaqələndirməni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək.
Subsidiya vəsaitlərin fermerlərin bank kartlarına (fermer kartı) köçürüləcək. Fermerlərəkin subsidiyasının bir hissəsini (25%-ni) birbaşa nağdlaşdıra biləcək, yerdə qalan vəsait (75%) isə nağdalaşdırmadan, sadəcə gübrə, pestisid, toxum və ya ting alışı zamanı hesabdan-hesaba köçürəcək. Kənd təsərrüfatı istehsal vasitələrini satan təchizatçılar EKTİS-də qeydiyyatdan keçməlidir.
Fermerlər il ərzində onlara ayrılan amma istifadə edə bilmədikləri vəsaiti eyni il ərzində aparılan növbəti əkinləri üçün xərcləyə biləcəklər.
Fərmana əsasən, 50 hektardan yuxarı sahəsi olan kənd təsərrüfatı kooperativlərinə verilən əkin subsidiyasının miqdarı 10 faiz artıq olacaq.   
Heyvandarlıq sahəsində subsidiyalar əvvəlki məbləğ və qaydada tətbiq olunacaq. Sadəcə fermerlər EKTİS-də qeydiyyatda olmalı və subsidiya almaq üçün sistem vasitəsilə müraciət etməlidir.  
Hər bir subsidiya növü üzrə Nazirlik tərəfindən 5 ay ərzində xidmət rerqlamentləri təsdiqlənəcək. Bu xidmət reqlamnetləri fermerlərə hər bir subsidiya növü üzrə xidmətin həyata keçirilməsinin daha aydın və ətraflı izahını nəzərdə tutur.
Subsidiyaların verilməsi ilə bağlı monitorinq və qiymətləndirmələr aparılacaq, subsidiyaların təyinatına uyğun istifadəsi və sui-istifadə halları ortadan qaldırılacaq.
“Aqrobiznes” 
 

CV YARAT