15 Sentyabr 2019

İyulda üzüm bağlarında hansı işlər görülməlidir? - MƏSLƏHƏT

2 İyul 2019
165
iyulda-uezuem-baglarinda-hansi-isler-goeruelmelidir-meslehet

Respublikamızın torpaq-iqlim şəraitindən asılı olaraq üzüm bitkisinin vegetasiya məhələlərində xeyli dərəcədə fərqlər müşahidə edilir. Ona görə, konkret bölgədə üzüm bitkisinin fenofazaları nəzərə alınmaqla aqronomik tədbirlər həyata keçirilməlidir. Belə ki, iyul ayının əvvəllərində dağlıq və dağətəyi ərazilərdə iyun ayının axırlarına təsadüf edən aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirləri davam etdirilməlidir. Bu aylar (iyunun ortalarından başlayaraq) qoranın əmələ gəlməsindən onların yetişməsi başlayana qədər olan dövrü əhatə edir. Çiçəkləmədən sonra mayalanmış yumurtaсıqların böyüyərək gilələrə çevrilməsi prosesi yumurtalıqların yumrulaşması, ağızсıq və sütunсuqların itirilməsi ilə qoraların əmələ gəlməsi nətiсəsində bu faza başlanır. Ona görə də çiçəkləmə qurtardıqdan sonra üzümlüklərin suvarılması və üzvi gübrələrin verilməsi məqsədəuyğun hesab olunur. Həmçinin bu dövrdə tənəklərdə yaşıl əməliyyatlar, bağlama,  gilələrin və salxımların seyrəldilməsi, xəstəlik və zərərveriсilərə (mildiu, oidium, antraknoz, boz çürümə, gilə qurdu və s.) qarşı aktiv mübarizə tədbirləri aparılmalıdır. 
Üzüm salxım yarpaqbükəni ilə mübarizə aparmaq üçün kəpənəklərin kütləvi uçuşu təyin edildikdən  sonra müvafiq insektisidlərdən (Super takmetrin, Arrivo, Fastak, Supermetrin 0,35-0,60 l/ha və s.) istifadə edilərək mübarizə aparılır. Bundan başqa  Poliqor, Nugor, Priban-4, Alban-4, Drusban-4  2,0-2,5 l/ha  və s. preparatları ilə mübarizə aparıla bilər. (*Giləqurduna qarşı istifadə edilən insektisidlər mildiu, oidiuma qarşı istifadə edilən bir çox funqisidlərlə qarışdırıla bilər). Bu dövrə həmçinin göbələk xəstəliklərinə (mildiu, oidium, boz çürümə, antraknoz, ölü kol və s.) qarşı da kimyəvi çiləmələr (12-16 gündən bir) aparılması məqsədəuyğundur. Bu zaman üzümdə vegetativ və generativ orqanların sürətli inkişafı ilə əlaqadar olaraq qida maddələrinə təlabatı çox böyük olur. Ona görə üzüm bağalarında kökdənkənar yemləmələrin də aparılması vacibdir. Bu dövrdə bir neçə tədbirin eyni zamanda aparılması labüd olduğundan kompleks tədbirin tətbiqi işi xeyli dərəcədə yüngülləşdiriər. Ona görə də, mildiu, oidium, antraknoz, boz çürümə, qara çürümə, ağ çürümə, ölü kol xəstəliklərinə, gilə qurduna, qida çatışmazlığına qarşı mübarizə məqsədilə kompleks mübarizə üsulundan (Ridomil 2.5 kq/ha+ Kumulus 5.0 kq/ha + Super Takimetrin 0.35 l/ha+Super Heksal 2.0 l/ha;  Mikal 4 kq/ha +Skor 0,2 l/ha + Strobi 0,25 kq/ha; Ridomil 2,5 kq/ha + Skor 0,2 l/ha + Topsin-M 1,0 kq/ha və s.) istifadə edilməsi iqtisadi baxımdan əlverişlidir. Preparatlardan bir qismi (Mikal, Skor, Strobi, Topaz, Saprol, İmpakt, Kvadris SK və s.) eyni vaxtda mildiuma və oidiuma təsir edir. 
İyulda suvarılan sahələrdə güclü boyatan sortların zoğları surətlə inkişaf etdiyindən biclərin qoparılması davam etdirilir və yaşıl zoğların 3-cü dəfə bağlanması əməliyyatları aparılır. Suvarmalardan sonra torpağın yumşaldılması və alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir. İyul ayının ikinci yarısında bioloji məhsuldarlıq təyin olunur və buna əsasən fəhlə qüvvəsi, əmək alətləri, dərim vasitələri, nəqliyyat, emal üçün tələb olunan avadanlıqlar alınıb təmir edilməlidir. 
Gilələri tam iriliyə çatan üzüm sortlarında (şəkərlilik 0,5-1%-dən çox olmaq şərti ilə) texniki üzüm sortlarının qeyri-standart salxımları seyrəldilərək dərilir, onlardan abqora hazırlanması məqsədəuyğundur. İyul ayının axırında ən tez yetişən üzüm sortları (Ağ Xəlili, Kardinal, Ağ şasla, Novrast, Hüseyni, Prima və s.) yığım üçün yoxlanılır. Zoğların ucları vurulur, biclər qoparılır. Tinglik təsərrüfatlarında suvarma və qulluq işləri mütəmadi davam etdirilir, inventarizasiya işləri həyata keçirilir.
Cavan üzüm bağlarında suvarma işləri bölgələrdən asılı olaraq davam etdirilir, tingliklərdə qulluq işləri, üzvi - mineral gübrələrin verilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam  etdirilməlidir. 
Vüqar Səlimov
aqrar elmlər üzrə elmlər doktoru 
 

CV YARAT