21 İyul 2019

Teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz: ağır keçən, ölümlə nəticələnən xəstəliklər

7 İyul 2019
55
teylerioz-piroplazmoz-fransaielloz-anaplazmoz-agir-kecen-oeluemle-neticelenen-xestelikler

Qan-parazitar xəstəlikləri aran, dağətəyi və dağlıq zonalarda iri və xırdabuynuzlu heyvanlar arasında geniş yayılır. Bu xəstəliklər mövsümi xarakter daşıyır və təbii iqlim şəraitindən asılı olaraq aprelin əvvəlindən oktyabrın axırlarına qədər rast gəlinir. İribuynuzlu heyvanlar arasında 4 növ qan-parazitar xəstəlikləri – teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz müşahidə olunur. Bu xəstəliklər arasında ən ağır keçən və yüksək ölümlə nəticələnən teyleriozdur.
Teylerioz. Teylerioz əsasən yüksək hərarətli və quraqlıq ərazilərdə rast gəlinir, xəstəliklə yoluxmanın birinci piki yaz aylarında (aprel-may), ikinci piki isə yay aylarında (iyun-iyul), nadir hallarda isə qış aylarında (dekabr-yanvar) müşahidə edilir. İribuynuzlu heyvanlar arasında yaz mövsümündə baş verən teylerioz 15-20 %, yay mövsümündə isə 50-65 % təşkil edir.
Müalicəsi. Butaleks, Bupajekt, Bupartek, Bupa-Smart 5 %-li, Buparvakvon preparatlarından istifadə olunur. Bunlar teyleriozun müalicəsində spesifik preparatlar hesab olunur və heyvanın hər 20 kq diri çəkisinə 1 ml boyun nahiyəsinə əzələ daxilinə yeridilir. Xəstəliyin ağır gedişində 48 saatdan sonra müalicə təkrar olunur. Parazitotrop müalicə ilə yanaşı, mütləq simptomatik müalicə də aparılmalıdır. Simptomatik mülicəyə aiddir: kofein, antibiotiklər, qlükoza ilə fizioloji məhlulun qarışığı (40-50 qr, 40 %-li qlükoza + 300-350 ml fizioloji məhlul), qəbizlik olarsa 250-500 ml bitki yağı istifadə olunur.
Piroplazmoz və fransaielloz. Piroplazmoz və fransaielloz əsasən yaz-yay və payız fəslində müşahidə olunur. Heyvanlar əsasən (60-80 %) yaz fəslində, yay və payız fəslində isə nadir halda (5-10 %) rast gəlinir.
Müalicəsi. Bu xəstəliklərin müalicəsində aşağıdakı diminazin-aseturat tərkibli preparatlardan istifadə olunur: Neazidin, Veriben, Fatrubanil, Tryponil, Diminaze, Diminavet 5 %-li, Trypa-jekt.
Bu preparatlardan heyvanın hər 100 kq diri çəkisinə 5 ml əzələ daxili istifadə olunur. Müalicə 2-4 gün davam edir. Müalicə zamanı hər heyvana dəri altına 5 ml kofein yeridilir. Daha yüksək müalicə effekti almaq üçün məsləhət görürük ki, bu preparatların dozasını 1,5-2 dəfə artırmaqla birdəfəlik inyeksiya ilə xəstələri sağaltmaq mümkündür.
Anaplazmoz. Keçən əsrin 60-70-ci illərində alimlər anaplazmozun törədicisi A.marginale-nin quruluşunu elektron mikroskopda öyrənərkən onun qan parazitlərinə deyil, rikketsiyalara aid olduğunu qeyd etmişlər. Bunu nəzərə alaraq onun müaliəsi qan-parazitar xəstəliklərinin müalicəsindən fərqlənir.
Keçirici amil eyni olduğuna görə piroplazmoz və fransaiellozun mövsümünə uyğundur. Qeyd etmək lazımdır ki, respublikada anaplazmoza digər qan-parazitar xəstəliklərinə nisbətən az rast gəlinir.
Müalicəsi. Anaplazmozun müalicəsində malyariyaya qarşı istifadə olunan Delagil və antibiotiklərdən istifadə olunur. Delagil gündə iki dəfə daxilə 6-8 saat interval ilə 3 gün ərzində 100 kq diri çəkiyə 2,5-3,0 qr (25-30 mq/kq) istifadə olunur. Anaplazmozun müalicəsində ən yüksək effekt Delagillə yanaşı antibiotiklərdən istifadə olunduqda alınır. Antibiotiklərdən Biovetin 5-6 gün yem və ya su ilə birlikdə sutkada bir dəfə 60-80 mq/kq dozasında verilir.
Digər bir antibiotik oksitetrasiklin və tetrasiklin 0,5-2 %-li novokain məhlulunda 5-10 min vahid/kq dozada 12-24 saat interval ilə 5-6 dəfə əzələ daxilinə yeridilir.

Klimen Əsədov
Dövlət Baytarlıq Xidmətinin sektor müdiri

CV YARAT