15 Sentyabr 2019

Sorqonun (süpürgə) becərmə texnologiyası - VİDEO

8 İyul 2019
158
sorqonun-suepuerge-becerme-texnologiyasi-video

Sorqo çörək, yem və texniki məqsədlərlə becərilən bitkidir. Onun dəni qida maddələri (nişasta, zülal, piy və s.) ilə zəngindir. Qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ var. Sorqo bitkisindən 800-900 sentiner yaşıl kütlə, 30-35 sentiner dən məhsulu almaq mümkündür. Qarışıq əkinlərdə məhsuldarlıq 20%-dən artıq olur. Sorqonu dəmyə şəraitində becərdikdə, onun dəninin tərkibində zülalın miqdarı suvarma şəraitinə görə çoxalır, ancaq nişastanın miqdarı ilə azalmağa məruz qalır. 
Sorqonun dəni spirt, nişasta almaq üçün xammal kimi istifadə olunur. Dən sorqosundan yarma istehsalında istifadə olunur. Şəkərli sorqonun gövdəsini sıxaraq şirə alınır, bu da patoki (balı) almaq üçün işlədilir. Bu sorqonun gövdəsindən 10-15% şəkər, şirəsindən isə emal zamanı 15 sent-ə qədər patoki alınır. Şəkərli və taxıl sorqoları yaxşı qidalı yem keyfiyyətinə malikdir, xüsusən də taxıl sorqosu bütün növ və cins heyvanların yemləndirilməsində istifadə olunur. Taxıl sorqosu quşların və donuzların yemləndirilməsi üçün çox qiymətlidir. Şəkərli sorqonun gövdələri qarğıdalının dən üçün məhsul yığımından sonra qalmış quru gövdələri ilə və həmçinin başqa bitkilərlə siloslaşdırılmağa çətin yarayan tarla bitki qalıqları ilə birlikdə qarışıq siloslaşdırmada yaxşı komponet hesab olunur. 
Taxıl sorqosunun ən yüksək dən verən məhsuldar sortlarından “Krasnovadopadskoe 246”, “Şimali Qafqaz” və Azovətrafı qaratorpaq rayonlarında isə “VİR-8” sortunu göstərmək olar. Şəkərli sorqonun ən yaxşı sortlarından isə “Saxarskoe 28/135”, “Orancevoe 160”, “Medovoe 163”, “Yantar çerny 575”-i qeyd etmək olar. 
Bioloji xüsusiyyətləri. Sorqo istiyə və quraqlığa davamlıdır. Bununla belə o həm nəmlik, həm də istisevən bitkidir. Sorqonun kökü torpağın 2,5 m-ə qədər dərinliyinə gedir. Ona -2-30 S şaxta təsir edir. Toxumları 10-120 S temperaturda əsasən, 20-250 S temperaturda isə daha tez cücərir. Tez yetişən sortların vegetasiya dövrü 90-105, orta yetişənlərinki 106-120, gecyetişənlərinki 120 gündən çox olur. Sorqonun kök sistemi başqa tarla bitkilərindən özünün güclü inkişaf etməsilə fərqlənir və hətta torpaqda olan hiqroskopik suyu da mənimsəyə bilir.
Vahid miqdarda bioloji quru maddə əmələ gəlməsi üçün sorqo başqa tarla bitkilərinə nisbətən az su sərf edir, quraqlıq keçən illərdə 200-300 mm3 yağıntı şəraitində o yaxşı məhsul verir. Əlbəttə, ən çox məhsul (dən və yaşıl kütlə) yüksək miqdarda yağıntıların olduğu və ya yaxşı suvarma şəraitində alınır. Cücərtilər görünəndən sonra sorqo çox ləng böyüyür, intensiv böyüməsi isə 12-13 yarpaq əmələ gələndən sonra başlayır, süpürgələmə və dən dolmasına qədər davam edir. Sorqo toxumunun gec səpiməsi zamanı cücərtilərin inkişafı və süpürgələrin çiçəklənməsi üçün, onun vaxtından tez səpini zamanı olduğundan daha az müddət keçir, lakin süpürgənin çiçəkləməsindən dənin süd, mum və tam yetişməsinə qədər olan müddət gec səpinlərdə xeyli uzanmış olur.
Sorqo bitkisinin mineral qida elementlərinə münasibətinin xüsusiyyətlərini göstərəndə, onu xüsusilə göstərmək lazımdır ki, onun qida elementlərini ən çox mənimsəməsi kollanma fazasından və süpürgə əmələ gəlməsindən əvvəl baş verir. Bu fazalarda azotun ümumi normasından 65-70%-i, fosfor və kaliumun 45-50%-ə qədəri mənimsənilir. Sorqo bitkisinin çiçəklərinin 38-40%-i çarpaz tozlanır, 50-60%-i isə öz-özünə tozlanır. Sorqonun yetişmə müddəti 2 aya qədər davam edir. 
Sorqo torpağa o qədər də tələbkar deyil, o hətta şoran torpaqlarda belə yaxşı böyüyə bilir. Sorqo bitkisinə alaq otları çox böyük zərər vururlar, bununla mübarizə üçün əsas şumun səpin qabağı yaxşı aparılmasının və əkinlərə yaxşı qulluq olunmasının mütəmadi olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Aqrotexnikası. Sorqo bitkisini dən üçün becərəndə, onu dibi becərilən bitkilər növbəli əkin sistemində, yaşıl kütlə, silos və dən üçün becərmədə isə onu başqa birillik bitkilər kimi məşğul herikdən sonra əkmək lazımdır. 
Sorqo üçün torpağın səpinqabağı becərilməsi. Peyin kifayət qədər olan rayonlarda ondan 10-20 ton payızlıq şumdan qabaq torpağa verilir. Səpinqabağı kultivasiyadan əvvəl fosfor verilir, lazım gələrsə, kalium gübrəsini də onunla birlikdə vermək olar. 
Bu zaman 1 ha sahəyə 1,5-2 sent. superfosfat və 1-1,5 sent. kalium gübrəsi istifadə olunur. Payızda sələflərin məhsulu toplanan kimi sahə 27-30sm dərinliyində şumlanır. Sonra tarla iki istiqamətdə eninə və uzununa malalanır. Suvarılan torpaqlarda ehtiyat nəmlik yaratmaqdan ötrü yanvar, fevral aylarında sorqo əkiləcək torpaqlar qış aratına qoyulur. Səpinqabağı sahələr üzdən yumşaldılır və malalanır. 
Arata qoyulan torpaqlara isə yalnız mala çəkilir, kifayət qədər yağıntı düşməyən dağətəyi dəmyə rayonlarında isə əsas şumdan əvvəl torpağ 8-10sm dərinlikdə disklənir, onun dalınca sahələr malalanır ki, səpindən qabaq yumşaq və alaqsız olsun. İkinci kultivasiya zamanı hektara 150 kq superfosfat və 100 kq kalium gübrəsi vermək lazımdır. Səpinqabağı disk çəkiləndə cücərtilər eyni vaxtda və birdən görünməyə başlayır. 
Toxumun səpinə hazırlanması və səpin. Sorqo üçün ən yaxşı sələf payızlıqlar, qarğıdalı, dənli-paxlalı, bostan bitkiləri hesab edilir. Sorqonu sorqo yerində, sudan otu, günəbaxannan sonra əkmək qəti qadağandır. 
Suvarılan torpaqlarda əkin yerindən daha səmərəli istifadə etmək məqsədilə sorqonun otçalını yerində və kövşənlikdə səpmək sərfəlidir. Belə əkinlərdə həm dən, həm də yaşıl kütlə yetişdirmək mümkündür. 
Səpinə bir neçə gün qalmış, toxumun keyfiyyəti yoxlanılmalıdır. Ümumiyyətlə, toxumların cücərmə qabiliyyəti 90% və bundan yuxarı olduqda səpmək lazımdır. 
Səpin üçün toxum sorqonun məhsulu yığılandan dərhal sonra 14-15% nəmliyə qədər qurudularaq süpürgədə və ya döyülmüş dən halında quru, yaxşı havalanan anbarlarda saxlanılır. Əgər toxum süpürgələrdə saxlanılırsa, onları səpinə 7-10 gün qalmış döyürlər. Cücərmə faizini artırmaq üçün toxumlar səpinqabağı 1-2 gün ərzində gün altında isti havada qızdırılır. Sonra toxumları göbələk və bakterial xəstəliklərinə qarşı 1 tona 1-2 kq olmaqla, qranozanla dərmanlayırlar. Səpinqabağı toxumların TMTD fungisidilə 1 tona 2 kq hesabı ilə işlənməsi toxumları bütün səpin müddətlərində göbələk xəstəliklərindən qoruyur və cücərmə qabiliyyətini artırır.
İsti havalar sabitləşəndə, xüsusən də torpağın 10sm üst qatında temperaturu 10-140S-ə qədər olanda sorqonu dən almaq məqsədilə səpirlər.
Sorqonun səpini qurumuş torpaqlarda aparılarsa, bu səpin cücərtilərin seyrək olmasına gətirib çıxarır. Sorqo toxumunun səpin dərinliyi 5-7sm-dir, lakin ağır torpaqlarda və zəif isinmiş torpaqlarda səpin dərinliyi 4sm-ə və hətta 3sm-ə qədər azaldıla bilər. 
Sorqo bitkisindən yüksək məhsul götürməyin əsasını təşkil edən aqrotexniki tədbirlərdən biri də səpin norması və səpin vaxtının düzgün təyin edilməsidir. Yaşıl yem üçün hektara 20-22kq, dən üçün 18-20kq toxum səpmək tövsiyə olunur. Səpin СПУ-6; СУК-24 markalı və digər toxumsəpən maşınlarla aparılmalıdır. 
Sorqonu gencərgəli və kvadrat-yuva üsulları ilə səpirlər. Cərgəaralarının eni səpinin məqsədindən və düşən yağmurların miqdarından asılı olaraq təyin edilir. Quraqlıq keçən illərdə bitki arası 25sm, cərgə arası 70sm olduqda yaxşı nəticə verir. Kvadrat-yuva üsulu ilə dən almaq üçün aparılan səpinlərdə əkinlərə qulluq işlərin tam mexanikləşdirilməsi becərilmə işlərinə əl əməyinin sərfini xeyli azaldır. 
Sorqo yaşıl yem üçün səpildikdə gencərgəli üsuldan istifadə edərək, cərgə arası 45sm olmaqla cərgədə bitkilərin tam sıxlığı təmin edilməklə aparılır və ikicərgəli lent üsulu ilə, lentarası 45sm olmaqla cərgələrdə bitkilər seyrədilməmək məqsədilə səpin aparılır. 
Sorqo bitkisinin məhsuldarlığı səpin müddətindən də asılıdır. Aran rayonlarında sorqo aprel ayında, dağətəyi rayonlarda isə may ayında səpilməsi optimal müddət hesab olunur. 
Sorqo səpinlərinə qulluq işləri alaq otlarının məhv edilməsindən, torpaqda nəmişliyin saxlanılmasından, gübrələrlə yemləmə aparılmasından və bitkilərin əlavə tozlandırılmasından ibarətdir. Sonrakı becərmə işləri bitkilərin seyrəldilməsindən və cərgəaralarının yumşaldılmasından ibarətdir. 
Sorqodan yüksək dən və yem əldə etmək üçün sahələrə ən azı 3-4 dəfə kultivasiya çəkilməlidir. 1-ci kultivasiya bitkidə 3-4 yarpaq əmələ gəldikdə, 12-14 sm dərinlikdə, 2-ci kultivasiya 6-8 yarpaq əmələ gəldikdə 8-10sm dərinlikdə, 3-cü kultivasiya isə 6-8sm dərinlikdə aparılmalıdır. Bitkilərin boyu 80-90 sm-ə çatdıqda becərmə işləri dayandırılmalıdır. 
Birinci kultivasiya aparılan zaman bitkiləri torpaqla örtməmək üçün kultivatorun qıraq pəncələri ilə bitki arasında 10 sm mühafizə zolağı saxlanılır, 4-5 yarpaq əmələ gələndən sonra bitkilərin seyrədilməsi aparılır. 
Quraqlıq keçən rayonlarda dən üçün gencərgəli əkinlərdə bitki arası 35-50 sm saxlanılır, rütubətlə yaxşı təmin olunmuş rayonlarda isə cərgələrdə bitki arası 25sm məsafə saxlanılır. Silos üçün əkinlərdə isə 1 metrlik cərgədə 3-dən 6-ya qədər bitki saxlanılır. Yaşıl yem üçün əkinlərdə isə cərgələrdə bitkilər seyrədilmir. Əgər səpinqabağı torpağa gübrələr verilməyibsə, onda birinci və ikinci cərgəaralarının becərilməsindən qabaq hektara 1 sent. superfosfatla yemləmə aparılması məsləhət görülür. 
Sorqonu suvarılan torpaqlarda dən üçün becərən zaman onu vegetasiya ərzində 1 hektara 600-800 m3 su hesabı ilə 3-4 dəfə suvarmaq lazımdır. 
Ot üçün sorqonu biçəndə onu yerindəcə və ya xırda topalarda 1-2 gün saxlayırlar ki, yaşıl kütlə bir qədər soluxsun. Sonra onu yaxşı havalanan kiçik xotmanlara yığaraq, axıra qədər qurudur, yalnız bundan sonra onu taya şəklində yığırlar. Düzgün yığılmış sorqo bitkisi heyvanlar üçün yaxşı qidalı yem sayılır. 
Silos üçün sorqo bitkisinin biçilməsini süpürgə əmələ gələndən dənin tam yetişməsi dövrünə qədər aparılır. Sorqo bitkisinin ən yüksək keyfiyyətli silos kütləsi onu mum yetişməsi inkişaf fazasında biçəndə əldə olunur. Sorqo dəninin yetişməsi hətta bir süpürgə daxilində belə eyni vaxtda baş vermir. Əvvəlcə süpürgənin yuxarı dənləri yetişir, sonra da aşağı dənlər yetişməyə başlayır. Sorqonun təxminən bütün sortları kollanır və ikinci dərəcəli sayılan həmin yarı gövdələr də dən məhsulu əmələ gətirirlər. Bitki (kol) daxilində əvvəlcə əsas gövdədə dənlər yetişir, sonra isə ikinci dərəcəli gövdələrdə yetişməyə başlayır. Sorqonun bu bioloji xüsusiyyətlərini nəzərə alaraq yığılması üçün bütün məhsul verən süpürgələrində dənin yetişməsindən sonra yığım həyata keçirilir. 
Sorqonun yüksək dərəcədə nəm olması gövdələrin və yarpaqların yaşıl olması yığımın mexanikləşdirilməsinə mane olur. Sorqonun alçaqboylu sortlarını adi taxıl kombaynları ilə yüksək hündürlükdə biçməklə yığmaq mümkündür, gövdələrin biçilməmiş qalan hissələrini ot biçənlə biçərək siloslaşmada istifadə etmək olar. Sorqonun dəni kombaynın bunkerindən və ya taxıl döyən aqreqatdan çıxandan sonra bütün zibillərdən təmizlənərək 14-15% nəmliyə qədər qurudulur. Bundan sonra saxlanma üçün anbarlara yığılır. 
Bitkinin ilk inkişaf fazasında, pöhrəsində, quraqlıq şəraitində, inkişaf etməmiş gövdə və yarpaqlarda sionid birləşmələri toplanır. Odur ki, sorqo çalınandan sonra soluxdurulmalı və mal-qaraya yedizdirilməlidir. Soluxdurulmamış yaşıl kütləni heyvanlara verdikdə zəhərlənmə halları baş verir. Təsərrüfatlar əsasən bitkinin yaşıl kütləsindən istifadə edə bilirlər. Bəzən də dənin tam yetişməsini gözləmədən bitkiləri yaşıl yem üçün çalırlar. Belə hallar isə əsasən sorqonun bioloji xüsusiyyətlərinin nəzərə alınmamasından irəli gəlir. Qarğıdalıdan fərqli olaraq sorqonun yaşıl kütləsi tam yetişdikdən sonra belə solmur. Bu ondan irəli gəlir ki, sorqonun gövdəsində və yarpaqlarında mum örtüyü olur və buna görə bitkinin vegetativ orqanlarında demək olar ki, buxarlanma zəif gedir. Bu səbəbə görə də sorqo yalnız dən üçün yığıldıqdan sonra onun yaşıl kütləsi çalınır və 1/1 nisbətində küləşlə qarışdırılıb siloslaşdırılır.

Samir Mahmudov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun elmi katibi 

CV YARAT