15 Sentyabr 2019

Üzümün xəstəlikləri və mübarizəsi

15 İyul 2019
118
uezuemuen-xestelikleri-ve-muebarizesi

Üzüm bağlarının məhsuldarlığına potensial təhlükə yaradan mildiy, oidium və boz çürümə xəstəlikləri hava şəraitindən asılı olaraq müxtəlif dərəcədə inkişaf edir. Xəstəlik törədiciləri yazın sonunda baş verib artır, yayda isə sürətlə inkişaf edərək üzümlükləri sirayətləndirir. Vegetasiya ərzində həmin xəstəliklərin inkişaf səviyyəsini iqlim amilləri və bağlarda aparılan aqrotexniki-fitosanitar tədbirlər tənzim edir.
Mildiy: Üzümdə mildiy xəstəliyinin intensiv inkişafı çiçəkləmə dövründən başlayır. Havanın yağmurlu, sərin keçməsi xəstəliyin şiddətli yayılmasına səbəb olur. Yayda havalar qızdıqca nisbi rütubət azalır, bununla əlaqədar xəstəliyin inkişafı da zəifləyir. Xəstəliyi törədən göbələk sirayətlənmiş yarpaqlarda və torpaq səthində qışlayır. Törədici tənək üzərində yarpaqları, qönçələri və salxımda yetişməmiş gilələri sirayətləndirir. May-iyun aylarında yağışdan sonra yarpaqlar üzərində yağlı dairəvi sarımtıl ləkələr əmələ gəlir. Ləkələr çox tez böyüyür, zədəli yarpağın alt səthi unvari ağ toz örtüyü ilə örtülür. Tənəyin xəstəliklə yoluxmuş hissələri qonurlaşır, quruyur, yarpaqlar tökülür və zoğlarda boyatma getmir. Sirayətlənmiş qönçələr açılmamış quruyub tökülür.
Mildiy xəstəliyinin təsirindən çiçəklərdə mayalanma prosesi pozulur, barsızlıq müşahidə edilir. Xəstə salxımlarda inkişaf zəifləyir, məhsulun xeyli hissəsi itirilir, gilələrdə şəkərlik aşağı düşür. Yağmurlu hava şəraitində xəstə gilələrdə kütləvi çürümə prosesi baş verir.
Oidium: Unlu şeh, külləmə və ya oidium adlanan üzümün bu xəstəliyi son zamanlar çox geniş yayılaraq məhsuldarlığa ciddi ziyan verir. Yayı isti və quraq keçən Culfa rayonunda da oidium xəstəliyi sürətlə inkişaf edir və daha çox ziyan vurur. Xəstəlik törədicisi tumurcuqlar daxilində qışlayır və tənəyin bütün yaşıl hissəsini sirayətləndirir. Sirayətlənmiş yarpaq, qönçə, çiçək, qora və salxımlar açıq külvari toz təbəqəsi ilə örtülür. Xəstə yarpaqlar qıvrılır, qönçələr qaralıb tökülür, gilələrin qabığı sərtləşir, birtərəfli inkişaf nəticəsində isə sonradan partlayır. Zədəli meyvələrdə toxumlar çılpaq görünür. Bu isə oidium xəstəliyinə xas olan xarekterik əlamətdir. Zoğlardakı tumurcuqlar yoluxduqda qışlamadan sonra açılmır. Bu cür çubuqlar əkin materialı üçün yararsız olur. Xəstəliyə qarşı ilk yazda tumurcuqlar şişənə qədər aparılan budama və tənəklərə forma vermə zamanı kəsilmiş budaqların yandırılması ən vacib tədbirlərdəndir.
Boz çürümə: Xəstəlik üzümün əsasən salxımında gilələri sirayətləndirir, onların üzəri boz liflərlə örtülür, tuluğlaşıb çürüyür. Xəstə gilələr inkişafdan qalır, forma və rəngini dəyişir, büzüşür, sonradan quruyur.
Doluvurma və zərərvericilərin təsirindən zədələnmiş gilələr xəstəlik törədici ilə daha tez sirayətlənir. Rütubətli havada zədəli gilələrdən şirə axımına təsadüf edilir. O da göbələyin inkişafına əlverişli şərait yaradır. Boz çürümə ilə sirayətlənmiş üzüm məhsulunun əmtəəlik keyfiyyəti pisləşir.
Mübarizə tədbirləri: Üzümlüklərdə xəstəliklərə qarşı mübarizə tədbirləri əsasən iki istiqamətdə aparılır. Xəstəliyə qarşı davamlı sortların becərilməsi və xəstəliyin inkişafı üçün bağlarda əlverişsiz şəraitin yaradılması, mildiy xəstəliyinin inkişafına mane olmaq üçün havalanmanı yaxşılaşdırmaq məqsədilə tənəklər şpalerə qaldırılmalı, vaxtında yaşıl budama əməliyyatı aparılmalı, cərgə və bitki araları alaqlardan təmizlənməlidir. Vaxtında və keyfiyyətlə aparılan yaşıl budama və uc vurma xəstəliklərə qarşı mübarizədə çox əhəmiyyətli tədbir hesab olunur. Bundan başqa tənəkdə salxımların yaxşı havalanması üçün onları kölgələndirə bilən ətraf zoğ və yarpaqların qırılıb təmizlənməsi oidium və boz çürümə kimi xəstəliklərin inkişafını xeyli zəiflədir.
Xəstəlik çox inkişaf etdiyi illərdə yazda tumurcuqlar şişənə qədər tənəklərə 1%-li DNOK və ya 3%-li Bordo məhlulunun çilənməsi çox faydalıdır. 
Mildiy xəstəliyinə qarşı yazda birinci çiləməni etmək üçün yağlı ləkələri olan yarpaqlar qoparılıb su ilə isladılır və boşqab altında 1-2 gün otaq şəraitində saxlanılır. Əgər ləkə olan hissələrdə ağ unvari örtüklər əmələ gələrsə, bu xəstəliyin baş verməsini sübut edir. Bu cür siqnal xəbərdarlığına əsasən dərhal kimyəvi dərmanlamanın aparılması məqsədəuyğundur.
Vegetasiya ərzində hər dəfə yağış və suvarmadan sonra ənənəvi Bordodan hər 100 litr suya 6 kq qatıb məhlul hazırlayıb üzümlüklərdə çiləmələr aparılır. 
Oidium xəstəliyinin ilk nişanələri müşahidə edildikdə kükürd tozu ilə tozlama (12-15 kq /ha) aparılması tövsiyə edilir.
Boz çürümə xəstəliyinə qarşı kolloid kükürd kimi preparatların oidiuma qarşı işlədilən normalarının üzüm məhsulunun yığımından əvvəl tətbiq edilməsi faydalıdır.
Niyamət İSAYEV, 
Naxçıvan MR Kənd Təsərrüfatı
Nazirliyi Toxumçuluq və Bitkilərin
Mühafizəsi İdarəsi 

CV YARAT