15 Sentyabr 2019

Nehrəm kəndinin qarpızı necə olur? - VİDEO

28 İyul 2019
108
nehrem-kendinin-qarpizi-nece-olur-video

Bu gün Bənəniyar kəndi deyəndə üzüm,Kükü deyəndə alma,Şahtaxtı deyəndə tutma qovun, Ordubad deyəndə limon, Buzqov deyəndə bal, cəviz ağla gəlirsə, Nehrəm deyəndə isə qarpız yada düşür. Çünki bu bostan məhsulunu muxtar respublikada ən çox nehrəmli zəhmətkeşlər əkib-becərirlər.Doğrudur, son illər dövlət tərəfindən yaradılan şərait imkan verir ki,Babək rayonunun Araz, Hacıvar, Yarımca, Badaşqan, Babək qəsəbəsindən olan torpaq mülkiyyətçiləri də qarpız əkinlərinə geniş yer versinlər. Amma istənilən halda qarpızın “dilini” ən yaxşı bilən elə nehrəmlilərdir. Bu il də Naxçıvan-Culfa-Ordubad magistral yolunun kənarlarındakı satış obyektlərinə bol məhsul çıxarılıb.
Elə ki, qış qol-qanadını yığışdırıb aradan çəkildi,yaz ayları yurdumuza qədəm qoydu,Nehrəmdə qarpız əkini ilə məşğul olanlar da Pircüvar düzünə axışırlar. Əkinlərin, xüsusən bu ərazidə aparılması məhsuldarlığın yüksək olması ilə bağlıdır. Qeyd edək ki, bu giləmeyvənin vətəni Cənubi Afrika olduğu üçün əsasən, istisevən bitkidir. Nehrəmin iqlim və torpaq xüsusiyyətləri, kəndlinin zəhməti, ən əsası isə onlara yaradılan şərait imkan verir ki, ildən-ilə qarpız əkinləri genişləndirilsin. Təkcə bu il Nehrəm kəndində 300 hektardan artıq bostan bitkiləri əkilib.Nehrəmdə elə ailələr var ki, mövsümdə qarpızdan gələn gəlir hesabına yeni yurd salır,avtomobil alır, bir sözlə, özünə güzəran qurur. Artıq sahələrdən bol məhsul yığılıb.Yol boyunca uzanan piştaxtalarda alıcılara münasib qiymətə, daha dəqiq desək kiloqramı 15-20 qəpiyə qarpız təklif olunur. Kəndimizdə ən çox qarpız əkini aparanlardan biri də Asəf Məmmədovdur.Hər il orta hesabla 4-5 hektar ərazidə qarpız əkir. O bildirir ki, əvvəllər Nehrəm qarpızı iyul-avqust aylarında bazara çıxarılırdısa, indi bir çox dərdlərin dərmanı olan bu bostan məhsulu iyun ayından etibarən piştaxtaların bəzəyinə çevrilib. İlk olaraq insanda bu fikir yaranır ki, onun tez ərsəyə gəlməsinə gübrə və istixana amili təsir edir. Lakin heç də belə deyil. Səbəb odur ki, əkinə tez başlanılır və şırımlara çəkilən örtüyün üzərinə düşən günəş şüaları tağların tez böyüməsinə səbəb olur.
Digər torpaq mülkiyyətçisi Nemət Əsədov qeyd edir ki, ailənin illik ruzisini məhz qarpızdan əldə edir. Buna görə də ailə üzvləri ilə birlikdə sahələrdə qarpız əkini həyata keçirib.Onun sözlərinə görə, toxumları martın sonu, aprelin əvvəllərində torpağa basdırmaq lazımdır. Həm də qarpızı harada gəldi əkmək olmaz. Gərək ya köhnə yonca yerinə əkəsən, ya da ən azı iki il dincə qoyulmuş xam torpaq sahəsinə. Məhsul yetişənədək 3-5 dəfə bol su vermək lazımdır. Qarpız susevən bostan bitkisidir. Onun dediyinə görə, əvvəllər su sarıdan bir sıra problemlərlə qarşılaşsalar da, indi bunlar tamamilə aradan qaldırılıb. Su cəhətdən heç bir çətinlik çəkmirlər. Texnika ilə təchizat da yetərincədir. Yetişdirilmiş məhsulun satışına da hərtərəfli şərait yaradılıb. O da ailəsi ilə birlikdə bu imkanlardan səmərəli istifadə edir.
Ailə təsərrüfatlarında qarpızdan hazırlanan məhsullar da bazarlarda rəğbətlə qarşılanır. Ötən il mən özüm Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına qarpızdan hazırladığım turşu və mürəbbələri təqdim etmişdim. Qarpızın qabığından ərsəyə gələn mürəbbə, lətindən bişirdiyim doşab yaxşı qarşılandı. Qarpızın tumu da əhəmiyyətlidir. Tumu qovurulmuş və çiy halda istifadə edilir. Toxumu mədə-bağırsaq xəstəliklərində istifadə edilir. Qarpız qabığını suda qaynadaraq içmək də olar. Bu su bir çox xəstəliklərin dərmanıdır. Əsasən qaraciyərdə olan zəhərli maddələri təmizləyir. Bu nemət böyrəkdə olan kiçik daşları da yuyub çıxarır. Qarpızın başqa bir növü olan balaca çöl qarpızlarından turşu da hazırlanır. Xüsusilə, qarpızın yeməkdən əvvəl yeyilməsi məsləhətdir.
Tofiq Abutalıbov 
Naxcivanxeberleri.com

CV YARAT