15 Sentyabr 2019

5 min il yaşı olan, “mələklərin nə yediyini almağa” kömək edən qarpız - VİDEO

3 Avqust 2019
97
5-min-il-yasi-olan-meleklerin-ne-yediyini-almaga-koemek-eden-qarpiz-video

Bostan əkinləri kənd təsərrüfatımızın ənənəvi sahəsi olduğu üçün 3 avqust Beynəlxalq Qarpız Gününü qeyd etməyə tam haqqımız çatır. 
Deyirlər yabanı qapıza ilk dəfə Şimali Afrikanın quraq bölgələrində və Sudanda rast gəliblər. Bir çoxlarına görə, qarpızın vətəni Hindistandır. 4 min il bundan əvvəl misirlilər qarpız yetişdiriblər. Arxeoloqlar hesab edir ki, insan övladı min illərdir ki, qarpız yeyir, bunu Liviyada tapılmış, 5 min il bundan əvvələ aid yaşayış məskənindəki meyvə tumları sübut edir. 
1634-1695-ci illərdə yaşamış italyan rəssam Giuseppe qarpızın ilk rəsmini çəkmiş rəssam sayılır, amma qədim dövrlərdən qalmış ibrani yazılarında, Misirin məzar daşlarında qarpızın tərənnümü mövcuddur. Yazıçı Mark Tven “mələklərin nə yediyini almaq üçün qarpızın dadına baxmağı” məsləhət görmüşdü. Mədəni qarpız sortları XV əsrdə Misir, Suriya, Anadolu və Balkan ölkələri üzərindən Avropa qitəsinə yayılaraq tanınıb.  
Kol şəklində bitən bir illik bitkidir, suvarma şəraitində kökləri 40-50 sm, quraq şərtlərdə isə daha da dərinə işləyərək məhsul verir. Gövdəsi və yarpaqları tüklüdür, tağları 4 metrə qədər uzanır. Soyuq onun üçün təhlükəlidir, əkin vaxtı  torpaqda 12C istilik olmalıdır. Rütubətli bölgələrdə əkmək olmaz, yoxsa sürətlə xəstəliklərə yoluxur. Formaca iki növü yayılıb: yuvarlaq və uzunsov. 
Dünyada 60 milyon hektarda yaş meyvə-tərəvəz əkilir, 841 milyon ton məhsul əldə edilirsə onun 109 milyon tonu qarpızdır, dünyada ən çox yetişdirilən 10 meyvə-bostan məhsulları sıyahısında liderdir. Qarpız istehsalında Çin öndədir: 73 milyon ton (dünya üzrə istehsalın 66%-i). İran 4 milyon ton istehsal həcmi ilə ikinci, Türkiyə isə 3,8 milyonluq həcmlə üçüncüdür.  
Respublikamızda qarpızın əkin sahəsi 16 min hektardan çoxdur, ildə 335 tondan artıq istehsal həcminə malikik. Aran rayonlarımızda daha çox qarpız əkilir, Sabirabad istehsal həcminə görə hər il liderliyi qoruyur: 85 min ton. 
Ötən il bazarlarda qiymətlərin əlverişli formalaşması ilə əlaqədar olaraq cari ilin əkini üçün qarpız sahələrinin artırılmasına böyük maraq olub. Bir il ərzində sahələr 300 hektardan çox artırılıb, fermerlər tərəfindən toxumçuluq işinin gücləndirilməsi üçün yerli toxumlardan istifadə ilə yanaşı xarici ölkələrdən də bizim iqlimə uyğunlaşmış toxumlar gətirilərək əkilib. Əhalinin alıçılıq qabliyyəti baxımından bu il qarpızın qiyməti çox əlverişlidir, son bir həftə ərzində 28% ucuzlaşıb. Əsas istehsalçı rayonlarımızda fermerlərlə apardığımız söhbətlərə əsasən deyə bilərik ki, sahədəki qiymət torpaq adamlarını qane edir. Üstəgəl, bu ilki mövsüm məhsuldarlıq baxımından qarpız üçün ugurlu olub. Əgər ötən il fermer sahədən 18-20 ton məhsul yığırdısa, bu il 25-30 ton yığır. Bu il sahələrdən təxminən 364 min tondan çox qarpız-yemiş yığılacaq. Bu ötən ilkindən təxmənən 15 min ton çoxdur.  
Qarpız-yemiş yeganə məhsuldur ki, nə idxalda, nə də ixracda rol oynamır. Cüzi həcmdə xaricə satırıq, elə o qədər də alırıq.
Qarpız elə bir nemətdir ki, ailə təsərrüfatları ondan çoxsaylı məhsullar düzəldib qeyri-mövsümlərdə yaxşı gəlir əldə edə, əlavə dəyər yarada bilərlər. Təssüf ki, respublikamızda qarpız yaş şəkildə istehlak edilir, ondan müxtəlif mürəbbə, bəkməz çeşidlərinin hazırlanması o qədər də geniş yayılmayıb. Qarpız şirniyyat sənayesi üçün əlverişli xammal ola bilər. 
Qarpızın kəsilərək alınması məsləhət deyil. Çünki istifadə olunan bıçaq sanitariya-gigiyena qaydalarına uyğun təmizlənmir.
Qarpız öz mövsümündə-avqustdan sentyabrın ortalarına kimi yeyilməlidir.
Nicat Nəsirli, aqroekspert
 

CV YARAT