17 Oktyabr 2021

Alaq otlarına qarşı mübarizə necə aparılmalıdır?

30 Noyabr -0001
734
alaq-otlarina-qarshi-mubarize-nece-aparilmalidir

Artıq payızlıq taxıl əkinlərində alaq otlarına qarşı mübarizə tədbirləri  başlayıb. İlk olaraq əkin sahəsində müşahidə apararaq alaqların növ tərkibini müəyyən etdikdən sonra müvafiq herbisid seçimi etməklə, işçi məhlul hazırlamaqla kimyəvi mübarizə aparmaq lazımdır.
İşçi məhlul hazırlanmamışdan qabaq suyun pH-ı müəyyən edilməlidir. Əgər suyun pH-ı 5,5 - 6,5-dirsə istifadəsi məqsədəuyğundur. Əgər bundan çoxdursa pH düşürücülərdən istifadə edib sonra məhlul hazırlamaq lazımdır. Zəhərlərlə işləyərkən təhlükəsizlik haqqında təlimata ciddi diqqət edilməlidir.
İşçi məhlul üçün hər hektara 200 litr su götürülməli, məhlul hazırlamaq üçün çiləyicinin çəninə yarıya qədər su tökmək lazımdır. Sonra çiləyicinin qarışdırıcısı işləmək şərti ilə kənarda hazırlanan pestisid məhlulları əlavə edilir. Yadda saxlamaq lazımdır ki, məhlulları özbaşına qarışdırmaq olmaz, həmçinin onları oz aralarında da qatıb sonra suya tökmək olmaz. Çən qarışığı hazırladıqda əvvəlcə çətin həll olan pestisidlər əlavə edilir, daha asan həll olsun deyə qarışdırılır, sonra quru preparatlar əlavə edilir. İslanan toz, suda əriyən dənəvərlərin ardıcıllığı qorunmalıdır. İstifadə olunan bütün pestisidlərdən sonra gübrə əlavə edilir. İşçi məhlula bir preparat tamamilə əriyib həll olduqdan sonra o birini qatmaq olar. Komponentlərin qarışdırılmasının ardıcıllığı bu qaydada olmalıdır: yumşalan toz - suda əriyən dənəvərlər- sulu məhlul, suda həll olan konsentrasiya - yağlı dispersiya - yağlı emulsiya konsentratı - emulsiya konsentratı - mikroemulsiya - kolloid məhlulların konsentratı - duru gubrə və mikroelementlər.
Əgər fermer sahədə bir neçə preparatı qatmaq məcburiyyətindədirsə onda sadə bir test apara bilər. Bunun üçün 1 litr su qabına qatılaşmış  preparatlardan 100 qram əlavə edib qarışdırmalıdır. Əgər 30 dəqiqə ərzində çöküntü, lopa,güclü köpük əmələ gəlməyibsə və ya isinməyibsə - bu qarışığı istifadə etmək olar. Əgər tərkibində olan komponentlər 30 dəqiqə ərzində lay-lay yığılibsa, amma qabı çevirdikdə asanlıqla qarışırsa, onda belə məhlulu ara vermədən silkələməklə çiləmək olar. Butun hallarda preparatın üzərindəki etiket diqqətlə oxunmalıdır.
Alaq otlarına qarsı çiləmə zamanı havanın temperaturu minimum 12 dərəcə, maksimum isə 24 dərəcə olmalıdır. 24 dərəcədən yuxarı temperaturda çiləmə aparmaq bitki üçün təhlükə yaradır.16 dərəcə çiləmə üçün optimal temperatur hesab edilir. Çiləmə səhər və axşam saatlarında aparılmalıdır. Çiləmə vaxtı küləyin sürəti saniyədə 4-5 metr, traktorun hərəkət sürəti saatda 7-10 km olmalıdır. Çiləmə küləyin hərəkətinə perpendikulyar istiqamətdə aparılmalıdır ki, işçi məhlul sahəyə bərabər miqdarda düşsün.
Taxıl istehsalçılarına yuxarıda qeyd edilən qaydalara ciddi əməl etməklə yanaşı mübarizə tədbirlərində rayon bitki mühafizəsi mərkəzinin mütəxəssisləri ilə sıx əlaqə saxlamaq, onlarla yaxından əməkdaşlıq etmək və zəhərlərlə işləyərkən təhlükəsizlik haqqında təlimata ciddi əməl etmək tövsiyə olunur.
Tələt Mehdiyev
Şəki Bitki Mühafizə Mərkəzinin rəisi

 

CV YARAT