4 Aprel 2020

Şəfaverici təbii qidalar: bal, arı südü, çiçək tozu, vərəmum

8 Oktyabr 2019
632
sefaverici-tebii-qidalar-bal-ari-suedue-cicek-tozu-veremum

Bal müxtəlif bitkilərin çiçəyindən toplandığına görə tərkibi olduqca zəngindir. Orqanizm üçün ən zəruri olan qida maddələri balın tərkibindədir. Balın tərkibində su, saxaroza, qlükoza, fruktoza, üzvi turşular, mineral maddələr, vitaminlər və s. vardır ki, bu maddələr orqanizm üçün çox faydalıdır. Bal yeganə məhsuldur ki, orqanizm tərəfindən tamamilə mənimsənir və asanlıqla həzm edilməklə daxili orqanları sağlamlaşdırır, insana enerji verir, bədəni gümrahlaşdırır, zehni gücləndirir. Yaraların müalicəsində bal əvəzsiz vasitədir. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesinin sürətlənməsində özunu büruzə verir. Yaraların üzərinə bağlanmış ballı sarğı qan dövranını yaxşılaşdırır və hüceyrələrin qidalanması üçün zəmin yaradır. Mədə və onikibarmaq bağırsaq yarası, qaraciyər xəstəliklərinin müalicəsində balın gözəl təsiri vardır. Ürək damar sistemi xəstəliklərində balın tərkibində olan qlükoza ürək əzələlərinə müsbət təsir edir. Davamlı olaraq gündə 50-100 qram balın qəbulu ürək fəaliyyətini stabilləşdirir, qan təzyiqini normallaşdırır, yuxunu tənzimləyir, ümumi əhval ruhiyəni yaxşılaşdırır. Balın köməyi ilə zəif arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Bal bədənə istilik verməklə sidikqovucu xassəyə malikdir. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir.
İnsan orqanizmi üçün hər bir vitamin müəyyən bir funksiyanı yerinə yetirir. Məsələn B1 vitamini (tiamin) həzm sisteminə, daxili sekresiya vəzilərinin funksiyasına, ürək – damar sisteminə, sinir sisteminə müsbət təsir göstərir; B2 gözün görmə qabiliyyətinə; B3 oksidləşmə və enerji mübadiləsində; B5 böyrəküstü vəzinin funksiyasının yaxşılaşdırılmasında; B6 amin turşularının mənimsənilməsində, qaraciyərdə yağ mübadiləsində; K vitamini qanın laxtalanmasında; C vitamini orqanizmin möhkəmlənməsində mühüm rol oynayır ki, bu vitaminlərin hamısı balın tərkibində vardır. İbn Sina “Tibdə qanun” kitabında bal haqqında belə yazıb “Bal ruhu gücləndirir, aktivliyi artırır, iştahanı açır, insanı mümkün qədər cavan saxlayır və dildə səlisliyə gətirib çıxarır”.
Arı südü- 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır, sürfələrin və ana arının yemlənməsinə sərf edilir. Arı südü immuniteti gücləndirir, astma, bronxit xəstələri üçün müalicəvidir, ağciyəri təmizləyərək bəlğəmi azaldır. Orqanizmin qocalmasını ləngidir. Bunun sübütü isə yalnız arı südü ilə qidalanan ana arıdır ki, normal arılar 45-50 gün yaşadığı halda ana arılar 5 il yaşayır. Əlavə olaraq zehni və fiziki inkişafı sürətləndirir, əzələ və sümük inkişafını dəstəkləyir, damar tıxanlığını aradan qaldıraraq qan dövranını yaxşılaşdırır, qanda xolestrol miqdarının azaldır, şəkər xəstəliyinin müalicəsində, qan azlığında, təzyiqin nizamlanmasında, görmə zəifliyi və genetik xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Son zamanlar xərçəng xəstəliyi ilə mübarizədə geniş istifadə edilir.
Çiçək tozu - tərkibində bütün əvəzedilməz amin turşuları, vitaminlər (C, D, E, B qrupu, P, PP, K), zülallar 11-25 % qlukoza, saxaroza, fruktoza, makroelementlər (K, Ca,P, Mg, Fe), mikroelementlər (Mn, Cr, Zn, ), yağ və yağabənzər maddələr olması ilə əlaqədar olaraq orqanizimdə maddələr mübadiləsini tənzimləyir, mikrob, virus, göbələk və iltihabəlehinə təsirə malikdir. Çiçək tozu orqanizmin stressə və radiasiyaya qarşı davamlılığını artırır, fiziki və əqli iş qabiliyyətini yüksəldir, dərinin fəaliyyətini yaxşılaşdırır və cavanlaşdırır, həzm prosesini normallaşdırır, qan- damar sisteminə müsbət təsir edir.
Vərəmum - Vərəmum, propolis kimi də adlandırılır. Arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayb emal etməklə alınan ən güclü təbii antibiotikdir. Yapışqanlı, xoş iyi olan mürəkkəb tərkibli maddədir. Vərəmumun tərkibində 55% müxtəlif balzamlar, 30% mum, 10% efir yağları, 5 % çiçək tozu vardır. Xalq təbabətində bərəmum bədxassəli şişlərin, döyənək və yaraların müalicəsində geniş istifadə olunur. Vərəmumu həm də iltihabəlehinə, büzücü, keyidici (analgetik) təsirə malikdir. Vərəmumu güclü mikroböldürücü xassəyə malikdir. Hətta arıların özləri də əvvəlcə bu maddəni yuvalarının girişinə yaxır və içəri girərkən ayaqlarını ona sürtürlər ki, yaşadıqları pətəyə mikrob- xəstəlik aparmasınlar.
Arıçılıq məhsulları yalnız ağız vəzlərinin suyu vasitəsi ilə parçalandığı üçün həmin məhsulların ağızda sorulmasına və udulmamasına çalışmaq lazımdır.
Lalə Məmmədli,
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

CV YARAT