4 Aprel 2020

Məftil qurdları: onlara qarşı necə mübarizə aparaq?

20 Dekabr 2019
420
meftil-qurdlari-onlara-qarsi-nece-muebarize-aparaq

Son illər şıqqıldaq böcəklər əkin və qeyri-əkin sahələrində sürətlə yayılmaqdadır. Meşə və meşəlik-çöllük ərazilərdə onlara daha çox təsadüf olunur. Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyil. Ancaq onların məftil qurdlarI adlanan sürfələri müxtəlif bitkilərin (buğda, arpa, qarğıdalı, kartof, çuğundur, günəbaxan, tütün, pambıq və s.) toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur. Onlar dənli bitkilərin nəinki kök sistemini zədələyir, hətta səpilmiş toxumları belə tamamilə yeyir. Paxlalı bitkiləri daha az zədələyir.
Şıqqıldaq böcəklər 10-15 mm uzunluğunda uzunsov  və bir qədər yastı bədənə malik olmaları ilə fərqlənir. Onların qabaq kürək-ciyinin dal künclərindən arxaya doğru yönəlmiş ucları şiş bir cüt çıxıntı var. Şıqqıldaq böcəklərin inkişafı zəif gedir. Bir nəslin inkişafı 3-5 ilə başa çatır. Əksər növlər müxtəlif yaşlı sürfə və böcək fazasında qışlayır. Qışlamış böcəklər erkən yazda qışlama yerindən çıxır və aprel-iyul aylarında yumurta qoymağa başlayır. Yumurtadan çıxan sürfələr olduqca kiçik (1,5-2 mm) olur, adi gözlə çətin seçilir. Yabanı bitkilərdən bu böcəyin ən çox xoşladığı bitki ayrıqotudur.
Sürfələr (məftil qurdlar) sarımtıl, yaxud qəhvəyi rəngdədir. Başı yastı, dəri örtüyü xitinləşmişdir. Onların bir bərabərdə 3 cüt döş ayaqları var. Bu böcəklərin ayrı-ayrı növləri bir-birindən sürfənin qarıncıq nəhayətinin quruluşuna görə fərqlənir. Sürfə 3-4 ilə inkişaf edir. İyun-avqust aylarında torpağın 8-15 sm dərinliyində puplaşır. Pup fazası 2-3 həftə davam edir və ondan çıxan böcəklər gələn ilin yazına qədər torpaqda qalır. Sürfələrin yaşaması üçün optimal temperatur 200 C, optimal rütubət isə 50-60% hesab olunur. Bu səbəbdən də məftil qurdların taxıl bitkilərinə vurduğu zərər quraqlıq illərdə az, rütubətli illərdə isə çox olur.
Sürfələr (məftil qurdlar) ancaq rütubətli torpaqlarda yaşayırlar, torpağın üst qatı quruduqda isə daha dərin təbəqələrə gedirlər. Sürfələr əvvəl taxılların cücərən toxumlarını və cücərtilərini yeyirlər. Sonra onlar cavan bitkiləri (başlıca olaraq boruya çıxma fazasına çatana kimi) zədələyirlər. Onlar gövdənin torpaq altı hissəsini yeyirlər ki, bunun nəticəsində də bitkilər məhv olur, seyrəkləşir və talalar əmələ gəlir. Məftil qurdlarla az zədələnən kənd təsərrüfatı bitkilərinə kətan, xardal, birillik paxlalı bitkilər və qarabaşaq aiddir. 
Mübarizə tədbirləri:
1. Əkin qatı  diqqətlə becərilməli, heriklərdə kultivasiya aparılmalı, taxıl yığımından sonra küləş torpaq altına çevrilməli və dərin dondurma şumu aparılmalıdır. 
2. Məftil qurdlar ilə yoluxmuş sahələrə az zədələnən bitkilər (məsələn, birillik paxlalılar) əkilməlidir.
3. Şum zamanı torpağa fosforlu gübrələr verilməlidir.
4. Bundan başqa turş torpaqların əhənglənməsi də məftil qurdlarının inkişaf şəraitini çətinləşdirir. 
Toxumlar səpinqabağı Tabu Neo, Tabu Super, Kruyzer və s. preparatlarla dərmanlanmalıdır. Bu tədbir müəyyən müddət toxumları və cücərtiləri məftil qurddan qoruyur. 
Kazım Hüseynov
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Entomologiya şöbəsinin müdiri.
 

CV YARAT