20 Sentyabr 2020

Ot tayalarının göbələk və bakteriyalarla yoluxmasından yaranan xəstəliklər hansılardır?

24 Yanvar 2020
620
ot-tayalarinin-goebelek-ve-bakteriyalarla-yoluxmasindan-yaranan-xestelikler-hansilardir

Yem vasitələri müxtəlif şəraitdə göbələklər, bakteriyalar, viruslar, bəzən patogen mikroblar, helmintlər və onların sürfələri, yumurtaları ilə yoluxa bilir. Göbələklərin və bakteriyaların inkişafına yemlərin düzgün saxlanmaması, yağışlı havalarda yığılması, onların rütubətli yerlərdə saxlanılması və islanması səbəb olur. Göbələk və bakteriyalarla yoluxmuş yemlər heyvanların kütləvi xəstələnməsinə və tələfatına səbəb olur. Göbələk və bakteriyaların inkişafı nəticəsində yemlər fiziki xassəsini və kimyəvi tərkibini dəyişir, qidalılığı azalır və yararsız hala düşür. Bununla da təsərrüfata xeyli ziyan dəymiş olur. Bundan başqa, göbələk və bakteriyaların inkişafı nəticəsində yemlərin tərkibində olan qida maddələri parçalanır, toksiki təsirli maddələr əmələ gəlir. Yemdə göbələklərin zəhərli maddələri toplanır ki, bu da heyvanların zəhərlənməsinə səbəb olur. Yemlərdə həm zərərli, həm də zərərsiz göbələklər olur. Zərərsiz göbələklərin toksiki təsiri olmur, orqanizmdə tüfeyli həyat keçirmir və xəstəlik əmələ gətirmir. Bu göbələklərin bir çoxundan yemlərin saxlanılmasında və hazırlanmasında istifadə edilir.
Göbələklər orqanizmə alimentar yolla (yem və su), dəri və selikli qişalarla daxil ola bilər. 
Göbələklər yetişdikləri mühitə görə 2 qrupa bölünürlər: canlı bitkilərdə inkişaf edən göbələklər, cansız yemlərdə inkişaf edən göbələklər. Canlı bitkilərdə inkişaf edən göbələklərdən biri paslı göbələklərdir. Cavan yaşıl bitkilərin çubuqlarında, kökündə, yarpaqlarında, pulcuqlarında inkişaf edərək üzərində zolaqlar, sarı, narıncı, qonur və qara rəngli ləkələr əmələ gətirir. Zəhərlənmə əksər halda ağır keçir və ölümlə nəticələnir.
Heyvanları paslı göbələklərlə zəhərlənmələrdən qorumaq üçün, ilk növbədə, bitkiləri yoluxmadan qorumaq lazımdır. Yemlər müxtəlif saprofit mikroblar və kif göbələkləri ilə yoluxmuş olur. Kif göbələklər və saprofit bakteriyalar təbiətdə (torpaqda, suda, havada) geniş yayılmışdır. Əlverişli temperaturda (2-15 ºC), nəmlik (18-30%) və oksigeni az olan mühitdə göbələk sporları yemlərdə yetişərək sapvari, hörümçək toruna oxşar, pambıqvari, ağ, boz, qara, çəhrayı, yaşıl və s. rəngli pərdələr əmələ gətirir. Yemlərdə göbələklərlə yanaşı, müxtəlif saprofit bakteriyalar da inkişaf edir ki, bu da yemlərin çürüməsinə səbəb olur. Göbələklər və bakteriyaların inkişafı nəticəsində yemlər öz görünüşünü dəyişir, tünd rəng alır, iyi pis olur, konsistensiyasını itirir, bir-birinə yapışır. Yemlərin kimyəvi tərkibi dəyişir, tərkibində olan zülallar, sulu karbonlar və sellüloza parçalanır, politoksiki maddələr əmələ gəlir. Saprofit və patogen kif göbələkləri kənd təsərrüfatı heyvanlarının və quşların bir sıra xəstəliklərinin etiologiyasında iştirak edir. Kif göbələkləri orqanizmə həm mexaniki, həm də kimyəvi yolla yemlərin parçalanmasından əmələ gələn toksiki maddələrlə təsir edir. Mikozlar göbələklərin növündən, yemlərin yoluxma dərəcəsindən, parçalanmasından əmələ gələn məhsulların növündən və onların miqdarından, yemlərin kimyəvi tərkibindən asılı olaraq, müxtəlif kliniki və patanotomik dəyişikliklər əmələ gətirir. Kif göbələyi ilə yoluxmuş yemlərlə bütün heyvanlar, xüsusilə atlar, donuzlar və quşlar yoluxa bilir.
Alimentar-toksiki allergiya və ya septiki angina qışlamış dənli yemlərdə Fusarum sporotrichiodes göbələkləri tərəfindən baş verir. Bundan başqa, xəstəliyin əmələ gəlməsində Alternaria Pinicilleium göbələkləri də iştirak edir. Fusurium spotrichoides ifraz etdiyi toksiki maddələri 30 dəqiqə, 300 ºC temperaturda davamlı ola bilirlər. Yumşaq, yüngül və tünd rəng almış dənin zəhəri daha güclüdür. Heyvanlar septiki angina mikotoksikozu ilə qışlamış, qarın altında qalmış və yoluxmuş vələmiri, buğdanı, arpanı, noxudu, darını, çovdarı yedikdən sonra xəstələnir. Profilaktika məqsədi ilə hər şeydən əvvəl, tarlada dənin qalıb qışlamasına yol verilməməli, dənli bitkilər vaxtında yığılmalıdır. Qışlamış dən texniki məqsədlər üçün istifadə edilməlidir. Əgər təsərrüfatın dənə ehtiyacı olarsa, onda qışlamış dən möhkəm yuyulmalı və qaramalın yemlənməsi üçün istifadə edilməlidir. Bəzən cansız yun vasitələri patogen mikroblara da yoluxur. Bunların içərisindən heyvanlar üçün təhlükəlisi Batilimus törədicisidir. Xəstəliyə ən çox atlar həssasdır, bundan başqa, xəstəliyə qaramal, quşlar, davarlar, donuzlar da tutula bilər. Atlar botulizm toksini ilə yoluxmuş yemləri yedikdən az sonra xəstələnir. Xəstəlik əksər hallarda 100 faiz ölümlə nəticələnir. Botulinus toksin əvvəlcə mərkəzi sinir sisteminə təsir edir. Zəhərlənmiş atlarda bəbəklər genəlir, dilin, çənənin, udlağın,bağırsaqların iflici əmələ gəlir, habelə, atın səsi itir. Heyvanları botulinus zəhərlənməsindən qorumaq üçün yemlər düzgün yığılmalı və saxlanılmalıdır. Çürümüş, kiflənmiş, qaralmış yemlər, xüsusən saman və silos heyvanlara yedirilməməlidir. Yemlər müxtəlif çürümələrdən qorunmalıdır. Quşlar botulinus gəzdirdikləri üçün onların peyini yem mənbələrinə yaxın tökülməməlidir. Heyvanları və quşları göbələklər və bakteriyalarla yoluxmuş yemlərdən qorumaq üçün əsas yemlərin kiflənməsinin və çürüməsinin qarşısını almaq lazımdır. Bunun üçün, əsasən, yüksək nəmliyə qarşı mübarizə aparılmalıdır. Çünki göbələk və bakteriyaların inkişafı nəmli və rütubətli mühitdə olur.
Səidə Mirzəyeva
"Aqrobiznes" 

CV YARAT