20 Sentyabr 2020

Bitkilərin düzgün gübrələnməsi və suvarılması texnikası

6 Fevral 2020
608
bitkilerin-duezguen-guebrelenmesi-ve-suvarilmasi-texnikasi

Bitkilərin normal böyümə və inkişafını təmin etmək və onlardan yüksək məhsul əldə etmək üçün onların mütəmadi yemləndirilməsinin böyük əhəmiyyəti var. Xüsusilə eyni yerdə bir neçə il dalbadal bitki becərdikdə torpaqdakı qida elementləri tükənir. Bitkilərin daha çox mənimsədiyi qida elementləri makroelementlər, az istifadə etdikləri isə mikroelementlər adlanır. Makroelementlərə karbon, oksigen, hidrogen, azot, fosfor, kalium və kalsium mikroelementlərə isə bor, manqan, dəmir, mis və başqaları aiddir. Bitkinin həyat amilləri kimi qida maddələri də biri digərini əvəz edə bilmir. Hər hansı bir element çatışmadıqda orqanizmdə fizioloji proseslər pozulur, bitki inkişafdan qalır və məhsulu azalır. Məsələn: çox cüzi miqdarda istifadə olunan mis çatışmadıqda zoğun uc yarpaqları saralır, quruyur, meyvələr xırda və keyfiyyətsiz olur. Ona görə də bitkidə hər hansı çatışmazlıq müşahidə olunursa, ilk növbədə torpağın qida tərkibini öyrənmək və çatışmayan elementi bitkinin xüsusiyyətinə uyğun təmin etmək lazımdır. Bitkiyə çatışmayan qida elementləri üzvi və mineral gübrələr vasitəsi ilə çatdırılır. Gübrələrdən düzgün istifadə etmək üçün bitkinin xüsusiyyətini (yəni, hansı qida maddələrinə daha çox və ya az tələbatı olduğunu), böyümə və inkişaf fazalarını (məsələn: çiçəkləməyə qədər, yəni, intensiv böyümə dövründə azota, çiçəkləmə və meyvəvermə dövründə isə fosfor və kaliuma daha çox tələbat göstərir), torpaqdakı qida maddələrinin miqdarını, gübrənin verilmə vaxtını, tərkibini bilmək zəruridir.
Gübrələrin növləri. Üzvi gübrələr: Bura peyin (mal, qoyun, at, quş, insan), peyin şirəsi, torf, yaşıl gübrə aiddir. Üzvi gübrələr azot, fosfor, kalium və bir sıra mikroelementlərlə zəngin olduğundan, gübrələrin ən yaxşısı hesab olunur. Üzvi gübrələrin tətbiqi zamanı torpaq qida maddələri ilə zənginləşməklə bərabər, onun strukturu (yüngül qumlu torpaqlarda suyun və havanın saxlanması, ağır gillicəli torpaqlarda isə suyun və havanın normal hərəkəti) yaxşılaşır, humusun miqdarı artır. Mineral gübrələr: Bura azotlu gübrələr, fosforlu gübrələr, kaliumlu gübrələr, kompleks gübrələr və mikrogübrələr (dəmir gübrəsi, mis gübrəsi, sink gübrəsi və b.) aiddir.
Gübrələrin verilmə vaxtı və qaydaları. Üzvi gübrələr ləng parçalandığından (minerallaşması və suda ionlaşması) bir qayda olaraq onları 3-4 ildən bir fasilə ilə, payızda əsas şum altına (20-30 sm dərinliyə) vermək yaxşıdır. Qeyd etmək istəyirəm ki, üzvi gübrələr təzə halda, əldə olunan kimi, istifadə olunana qədər mütləq tığ (topa) şəkildə qapalı qablarda və ya üstüörtülü halda (torpaqla, qumla və ya polietilen örtüklə) 6 aydan 1 ilə qədər saxlanılmalıdır. Təzə halda üzvi gübrələrin bitkiyə verilməsi bəzən yaxşı nəticə vermir. Tığ və ya topadan götürülmüş gübrə dərhal sahəyə səpilib dərin şumlanmaqla torpağa qarışdırılmalıdır. Fosforlu, kaliumlu və kompleks (N+P+K) gübrələrin illik normasının 50%-i payızda, 10-12 sm dərinlikdə şum altına, 30%-i yazda, 20%-i isə yayda yemləmə şəklində verilə bilər. Mikrogübrələr bir qayda olaraq vegetasiya dövrü suya qarışdırılaraq gövdə ətrafına və ya yarpaqlara çilənir. Azotlu gübrələr isə tez həll olduğundan vegetasiya dövrü 2-3 dəfəyə, torpaq səthinə və ya bitkinin gövdə ətrafına səpilir.
Gübrələmə normaları. Gübrələmə norması torpaqdakı qida elementlərinin miqdarından, becərilən bitkinin xüsusiyyətindən, becərmənin təyinatından asılıdır. Torpaqdakı qida elementləri kifayət qədərdirsə, yəni torpaq qidalıdırsa, gübrə norması da azaldılır və ya heç verilmir. Elə bitkilər vardır ki, onlar torpaq qidasına o qədər də tələbat göstərmirlər. Məsələn: bir çox dekorativ bitkilər, o cümlədən iynəyarpaqlılar, palma, kaktus, aqava və sairə. Ancaq bostan və tərəvəz bitkiləri, meyvə bitkiləri, torpaq qidasına çox tələbkardırlar. Bitkilər məhsul almaq üçün becərilirsə, hər il mütləq intensiv yemləndirilir, dekorativ və digər məqsədlərlə becərildikdə isə onların intensiv yemlənməsi tələb olunmur. Gübrə norması, gübrələrin tərkibində olan qida elementlərinin miqdarına (molekul çəkisinə) uyğun olaraq, təsiredici maddə hesabı ilə təyin edilir. Məsələn: Ammonium şorası (selitra) – NH4NO3-də qida maddəsi (elementi) olan azot (N), yəni, təsiredici maddə 34,5%-dir. Yəni, fiziki çəkidə 100 kq Ammonium şorası verildikdə, onun 34,5 kiloqramı azot (təsiredici maddə) hesab olunur. 1 hektara 100 kq təsiredici maddə hesabı ilə azot tələb olunursa, o halda fiziki çəkidə 310 kq ammonium şorası verilməlidir. Naxçıvan Muxtar Respublikasında torpaqların müxtəlif tiplərdə, qidalılıq dərəcəsinin isə fərqli olması hər zona üçün gübrə normaları müəyyənləşdirməyi tələb edir. Bununla əlaqədar olaraq alimlər orta gübrə normalarını da təklif etmişlər. Belə ki, hər 36 hektara 3-4 ildən bir 40-60 t üzvi gübrə, təsiredici maddə hesabı ilə 200-250 kq fosfor, 90-150 kq kalium, 150-200 kq azot gübrəsi planlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, xüsusi ilə mineral gübrələrin normadan artıq verilməsi, bitkinin inkişafına mənfi təsir etməklə bərabər ekoloji tarazlığın pozulmasına da təsir edə bilir. Ona görə də gübrələr bitkilərin tələbatına uyğun normada verilməlidir.
Bitkilərin suvarılması. Bitkilərin normal böyüməsi və inkişafı üçün havanın və torpağın rütubətliliyinin böyük əhəmiyyəti var. Ona görə də təbii atmosfer çöküntüləri az olan bütün ərazilərdə bitkilərin suvarılması zəruridir. Bitkilərin suvarılma norması və vaxtı torpaq-iqlim şəraitindən və bitkinin bioloji xüsusiyyətindən asılı olaraq müəyyənləşir. Ağır-gilli, qidalı-qara torpaqlarda suvarmalar çox norma ilə gec, yüngül-qumsal torpaqlarda isə az norma ilə tez-tez aparılır. Ağac və kol bitkilərinə nisbətən ot tipli bitkilər az su norması ilə, tez-tez suvarılır. Ümumiyyətlə, suvarma elə aparılmalıdır ki, bitkinin kök sistemi yerləşən torpaq qatının rütubətliliyi 70-80% olsun.
Yeni əkilmiş bütün bitkilər dərhal suvarılmalıdır ki, torpaqla bitki kökü arasında hava boşluğu qalmasın. Bitkilərin illik və ya aylıq suvarılma sayı hər hansı rəqəmlə təsdiq olunmur. Bu, say bitkilərin vəziyyətilə əlaqədardır. Yəni, bitkiyə suyu onun “tələb etdiyi” zamanda vermək lazımdır. Belə olduqda suya qənaət olunmaqla yanaşı, bitkilər də sudan səmərəli istifadə etmiş olur.
Lamiyə Quliyeva
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

CV YARAT