4 Aprel 2020

Çillə bayramı nə deməkdir?

9 Fevral 2020
223
cille-bayrami-ne-demekdir

Dekabrın iyirmisindən iyirmi birinə keçən gecə qış fəslinin ilk günü olan ilk çillənin başlandığı gün yəni, Böyük çillə gecəsi bir çox rayonlarda xüsusilə təmtəraqla qeyd edilir.
Bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülür. Azuqələr, meyvələr, çərəzlər, meyvə şirələri zirzəmilərdən, saxlanclardan çıxardılar, təmizlənib hazırlanar. Qədim türklərin inanclarına görə bayramın əsas ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyirlə (Axura Mazda) ilə şər (Əhrimən) güclü mübarizə aparır.
Həmin gün çoxlu qar yağarsa, sonrakı fəsillərdə məhsulun bol olacağını düşünərlər. İnanclara görə, bahar öz barını-bərəkətini qışdan alır. Qış nə qədər qarlı olarsa, bahar da bir o qədər bol-bərəkətli, məhsullu olar. Çillə axşamı qarpız kəsmək kimi dədə-baba adət-ənənəsinə bu gün də insanlar sadiq qalırlar. Çillə axşamı ailə üzvləri, qohum-əqraba bir yerə yığışar və ilin ən uzun gecəsini süfrəyə düzülmüş çoxlu meyvə, şirniyyat, quru meyvələr, çərəzlər, meyvə şirələri və əsasən də xəmirdən hazırlanmış xörəklərlə qeyd edirlər. Bu gecənin ən əhəmiyyətli atributlarından biri də qarpızdır. Hər bir ailə həmin gecə mütləq bir qarpız kəsməyə çalışar. Bu qarpızı isə hələ bir neçə ay əvvəldən, qarpız mövsümünün sonlarından xüsusilə çillə üçün saxlayırlar. Çillə qarpızı xüsusi növ qarpızdır, qabığı qalın olduğu üçün soyuğa davamlı olur və uzun müddət saxlamaq olur. Onu tayalarda samanın içərisində və ya zirzəmilərdə saxlayırlar. Çillə axşamı süfrəyə ən sonda qarpız gətirilir və ailənin ağsaqqalı, böyüyü tərəfindən kəsilərək dilimlənir və paylanılır. Əgər çillə üçün bir neçə qarpız saxlanılıbsa, onda onları kəsilib pay göndərilirdi. Bu ona görə belə edilirdi ki, ola bilsin qohum-əqrabadan, qonşulardan kiminsə çillə qarpızı almağa imkanı çatmasın. Bu adət həm də qohum-əqraba, qonşular arasında mehribanlığı, qohumluq bağlarının möhkəmliyini də göstərirdi.
Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin Çillə bayramına da gedirlər. Aparılan xonçalar içərisində çillə qarpızı xüsusi yer tutur. Qarpız xonçasına dəstəyinə qırmızı lent bağlanmış bir bıçaq da qoyulur. Qarpız oğlan evindən aparılan həmin bıçaqla kəsilir və sonra bıçaq oğlan evinə qaytarılır. Yeni ailə quran gənclərə isə qızın valideynləri tərəfindən qarpız pay göndərilir.
Çillə axşamı bəzi rayonlarda “niyyətetmə” də icra edilir. Belə ki, Çillə qarpızının baş tərəfi kəsilərək dörd yerə bölünür. Niyyəti tutan şəxs qarpızın kəsilən həmin dörd tikəsini başının üstündən arxaya atır. Əgər ikisi ağ və ikisi də yaşıl olarsa, demək ki, niyyət qəbul ediləcək. Yox əgər hamısı yaşıl və ya üçü yaşıl biri ağ, ya da üçü ağ biri yaşıl olarsa hesab olunur ki, niyyət baş tutmayacaq. Çillə qarpızının içinin tünd qırmızı və ya ağlı qırmızılı olması da qışın sərt və ya mülayim keçəcəyinə yozular. Çillə qarpızının tumlarını toxumluq götürərlər və inanca görə bu tumlardan gələcək il bol məhsul alınar. Bir çox ailələrdə isə qarpızın qabıqlarından mürəbbə bişirilirlər.
Əpoş Vəliyev, filologiya üzrə fəlsəfə doktoru

CV YARAT