20 Sentyabr 2020

Alma haqqında daha çox öyrənin

19 Fevral 2020
617
alma-haqqinda-daha-cox-oeyrenin

Dünyanın bir çox yerlərində dağlıq və dağətəyi zonalarda geniş əkilib becərilən alma respublikamızda əsasən Naxçıvan Muxtar Respublikasında,  Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində yetişdirilir. Meyvələrindən təzə və emal olunmuş halda istifadə edilir. Sortundan, calaqaltından və becərilmə xüsusiyyətlərindən asılı olaraq 2-8 yaşından məhsula düşür,  25-100 il  müddətində məhsul verir. Naxçıvan Muxtar Respublikasında almanın yabanı növü olan Şərq alması geniş yayılıb,  mədəni sortların hamısı bu növdən yaradılıb. Alma Naxçıvan ərazisində meyvə bitkiləri içərisində ən geniş yayılmış meyvə bitkisidir.  Almanın əkin sahəsi muxtar respublika ərazisində olan tumlu meyvə bağlarının 60-62%-ə qədərini təşkil edir. Muxtar respublika ərazisində aparılan tədqiqatlar nəticəsində almanın 82 sortunun və 22 formasının olduğu müəyyənləşdirilib. Onlar yetişmə müddətlərinə görə qruplaşdırılıb,  ad və sinonimləri qeyd edilib. Həmçinin muxtar respublika ərazisində alma genofondunu zənginləşdirmək üçün  yeni 14 sort gətirilərək genefonda əlavə edilib. Bunlardan 10 sort keçmiş Azərbaycan ETB və SBİ-dən, (indiki Meyvəçilik və Çayçılıq Elmi tədqiqat İnstitutu) 2 sort İran İslam Respublikasından və 1 sort isə Türkiyə respublikasından gətirilib. Haliyədə muxtar respublikada almanın 118 sort və forması əkilib becərilir.
Almanın Kimyəvi tərkibi: Zəngin kimyəvi tərkibi, meyvələrin uzun müddət saxlanması qabliyyəti, yüksək məhsuldarlığı, müxtəlif torpaq iqlim şəraitində becərilməsi imkanı bu bitkinin geniş ərazilərdə becərilməsinə səbəb olub. Əkin sahəsinə və ümumi məhsul istehsalına görə alma birinci yerdə durur. Almanın tərkibində 13-15%-ə qədər şəkər, C vitamini (onun miqdarı yabanı Şərq almasında daha çoxdur), B1 vitamini, karotin, müxtəlif turşular, dəmirin orqanik birləşmələri, kalium, natrium, fosfor, maqnеzium, kalsium və s. mövcuddur. Alma meyvələrinin tərkibində 4,92-14,61% şəkərlər, 0,20-0,86% turşular, 0,07-0,26% dabbaq maddələri, 0,28-0,50% kül elementləri və müxtəlif vitaminlər (A1, B1, B2, C, P və PP ) vardır.
Muxtar respublika ərazisində becərilən alma sortlarından: Tabaq alma, Toz alma, Naxçıvan Gözəli, Ordubadi, Şax alma, Qirbi-şirin, Gəlin alma, Qəndil-sinab, Sarı-sinab, Stəkanvari, Fəximə, Şirvan reneti, Qızıl Əhmədi, Cibir, Darağı, Loğazbəyi, Əyyubi, Rəcəbi, Rozmarin, Təkər alma, Papirovka, Şampan reneti və s. sortlar geniş əkilib becərilir.
Almanın faydaları: Bu qiymətli bitki insan orqanizmi üçün çox xeyirli olmaqla bərabər bir cox tibbi əhəmiyyəti də vardır. Bunlar qısaca olaraq aşağıdakılardır. Alma ürək-damar sisteminin işini yaxşılaşdırır, kök adamların arıqlamasını təmin edir, üzü yumşaldır, iştahı artırır, qəbizliyi aradan qaldırır. Qabığı ilə birlikdə yeyilməsi tövsiyə edilir. Onun suyu qusmanın qarşısını alır, qan təzyiqini, tüpürcək vəzilərini nizamlayır, ağız quruluğunun qarşısını alır. Hamilə qadınların alma yemələri tövsiyə edilir.
Yеtişmiş, ətirli və ləzzətli almalar (turş və şirin) daha faydalıdır, nəinki dadsız olanlar. Mütəmadi yеyilərsə, ürək üçün çox faydalıdır. Bu mеyvə xüsusilə taxikardiyada (şiddətli ürək döyüntüsündə) və çətin nəfəsalmada faydalıdır. Alma iştahanı artırır, bağırsağı təmizləyir, qara ciyərə xеyirlidir. Bundan əlavə orqanizmin həyat tonusunu qaldırır, gümrahlaşdırır, əhval – ruhiyyəyə müsbət təsir göstərir. Almanı yеmək və onun ətrini iyləmək xroniki əsəb xəstəliklərində çox xеyirlidir. Bişmiş alma quru öskürəkdə fayda vеrir və s. Alma ağacının çiçəyindən hazırlanan mürəbbə ürəyi qüvvətləndirir və bеyini gücləndirir. Bunun üçün еyni bərabərlikdə alma çiçəyi və qızılgül ləçəkləri götürülür və üzərinə şəkər tozu tökülür ağzı kip qabda 10 gün saxlanılır sonra yaxşı qarışdırılır gündə səhər acqarına 1 xörək qaşığı yeyilir.
Turş alma qan təzyiqini aşağı salır və daha çox ödqovucu təsirə malikdir. Turş alma şirəsini şəkərsiz qaynadıb qatılaşdırırlar. Alınmış qatı şirəni ödqovucu vasitə kimi və öd kisəsində daşlara qarşı istifadə etdikdə yaxşı nəticə verir. Həmçinin alma yarpaqları və şirəsi ilə komprеss təzə əmələ gəlmiş sızanaqları sağaldır. Xalq təbabətində almanın qurudulmuş qabığının həlimini qulaq ağrılarında istifadə edilirdi.
Alma bronxit zamanı da istifadə еdilir. Bundan ötrü onu az miqdarda suda bişirmək və isti-isti yеmək lazımdır. Alma ümumi zəiflikdə qüvvətvеrici vasitə hеsab еdilir. Həzmə kömək еdən dərman kimi yеməyi məsləhət görürlər. Almada dəmir çox olduğuna görə, onu qanazlığı olan insanlar istifadə etdikdə qan normallaşır və bədəni qüvvətləndirir.
Loğman Bayramov 
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu
 

CV YARAT