4 Aprel 2020

Koronovirusun Azərbaycanda yayılma riski- özümüzü necə qoruyaq?

21 Fevral 2020
186
koronovirusun-azerbaycanda-yayilma-riski-oezuemuezue-nece-qoruyaq

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, Səhiyyə naziri tərəfindən koronovirusla bağlı imzalanan əmrə əsasən ölkəmizdə lazımi tədbirlər görülüb və bu işlər hazırda da davam etməkdədir.Onun sözlərinə görə, amma buna baxmayaraq bütün ölkələrdə oluğu kimi virusun Azərbaycanda da yayılması riski davam edir: “Heç kim bu riskdən sığortalanmayıb. Bu xəstəlik insandan insana çox sıx təmas olan zaman keçə bilir. Bu baxımdan infeksiya səngiyənədək xəstəlik yayılan ölkələrə səfərlərin təxirə salınması tövsiyə olunur”.
Cəlal İsayev qeyd edib ki, virusun yayıldığı ərazilər səfər etmək mütləqdirsə, o zaman təhlükəsizlik tədbirləri gücləndirilməlidir.
Səhiyyə Nazirliyi nə tövsiyyə edir?
Səhiyyə Nazirliyinin əməkdaşı Elvin Hacıyev söyləyib ki, infeksiyaya yoluxmamaq üçün hər kəs Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirusla bağlı əhaliyə tövsiyələrinə əməl etməlidir: “Tövsiyələrə əsasən, özümüzü və başqalarını xəstəlikdən qorumaq üçün öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayərkən, əvvəl və sonra, yeməkdən əvvəl, tualet istifadəsindən, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabunla yumalı, əllərimiz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə etmək məqəsədəuyğundur”. Onun sözlərinə görə, infeksiyaya yoluxmamaq üçün əsas vasitə xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev, ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinmək, qəbul edilən qidalara xüsusi fikir verməkdir: “Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə etməli, xəstə və ölü heyvanlar yeyilməməlidir. Bununla yanaşı, xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinmək tövsiyə olunanlar arasındadır. Ət məhsullarını və yumurtanı tam bişirmək məsləhət görülür”.
Qida sahəsində vəziyyət necədir?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev açıqlamasında koronavirusla bağlı risk daşıyan məhsulların siyahısının müəyyənləşdirildiyini və həmin məhsulların diqqətdə saxlanıldığını dilə gətirib. Onun sözlərinə görə, həmin məhsulların həm daxili bazarda, həm idxal olunan vaxt təhlükəsizliyi tam nəzarətdə saxlanılır: “Amma bu günə qədər hər hansı təhlükəyə rast gəlinməyib. Bildiyiniz kimi, koronavirus infeksiyasının diaqnostikası ölkəmizdə aparıla bilir. Artıq həm avadanlıq, həm müvafiq diaqnostik dəstlər ölkəmizə gətirilib. Biz bu həftənin sonunda görülmüş işlər barədə ətraflı məlumat verəcəyik”.
Şöbə müdiri əlavə edib ki, yanvarın 10-dan etibarən Ukrayna, Slovakiya, Rumıniya, Macarıstan, Polşa, Çexiya, Almaniya, Hindistan, Danimarka, Səudiyyə Ərəbistanı, Vyetnam, Çin ölkələrindən Azərbaycana quş və quşçuluq məhsullarının gətirilməsinə də qadağan olunub.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Çində koronovirusa yoluxanların sayı 74 min 576 nəfərə çatıb. Çinin Səhiyyə Nazirliyi yoluxanlardan 2118 nəfərinin dünyasını dəyişdiyini açıqlayıb. Məlumata görə, hazırda sözügedən ölkədə 56 min 303 nəfər xəstəlikdən əziyyət çəkir, onlardan 11 min 864 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 16 min 155 nəfərin isə sağaldığı bildirilir.
Nailə Məhərrəmova
Sia.az

CV YARAT