3 İyul 2020

Tərəvəz üçün istixana necə qurulmalıdır? - Məsləhətlər

25 Fevral 2020
322
terevez-uecuen-istixana-nece-qurulmalidir-meslehetler

Tərəvəz insanların qida rasionunda mühüm yer tutur. Belə ki, 1 kiloqram kökümeyvəli və ya tərəvəz yarpaqları 0,5 kiloqram südün qidalılığına bərabərdir. Tərəvəz bitkiləri dəyərli qida mənbəyi olmaqla bərabər, insan orqanizminin kalium, kalsium, dəmir və digər maddələrə olan tələbatını da təmin edir. Bu bitkilər 3 qrupa bölünür: birillik, ikiillik və çoxillik.
İstixanaların tikintisində şüşədən istifadəyə böyük önəm verilir. Çünki bitkilərdə fotosintez prosesinin normal getməsində şüşə materialının böyük əhəmiyyəti vardır. Ona görə ki, şüşə ilə örtülən istixana yaxşı işıqlanır, işıq şüası isə istilik şüasına çevrilərək istilik effekti yaradır. Bu da bitkilərin inkişafına müsbət təsir göstərir. Belə material-ların üstünlüklərindən biri də açıq sahədə 0oC temperatur olduqda istixanada başqa istilik tətbiq edilmədən 10-15oC temperatur olur, bitkiləri -4oC şaxtadan qoruya bilir.
İstixanaların hazırlanmasında polietilendən də istifadə olunur. Belə istixanalar şüşə materiallı istixanalardan fərqli olaraq bitkiləri 1,5-2oC şaxtadan qoruya bilir. Bundan başqa, istifadəsi qısamüddətli olması, günəş şüası və oksigenin təsiri ilə parçalanıb bərkliyinin itirilməsi polietileni şüşədən fərqləndirir.
İstixanaların tikintisi üçün əsas məsələlərdən biri də sahənin düzgün seçilməsidir. Belə ki, istixanalar münbit torpaqlı sahədə tikilməlidir. Həmin sahələrin bataqlaşmış olmamasına diqqət yetirilməlidir. Burada, həmçinin yeraltı sular 5 metrdən dərində olmalıdır. Bundan başqa, seçilən sahələr yaşayış məntəqələrinə yaxın məsafədə yerləşməlidir. Çünki istixanaların yaxında tikilməsi istilik, elektrik və su ehtiyatlarından rahat istifadə olunmasına şərait yaradır. Tikinti başa çatdıqdan sonra əsas işlərdən biri də sahənin 3 tərəfindən kanalların çəkilməsidir ki, həmin kanallar vasitəsilə sel suları kənara axır.
Örtülü sahədə əsas diqqət yetirilməli məsələlərdən biri də mineral gübrələrdən düzgün istifadə edilməsidir. Belə ki, mineral gübrələr örtülü torpağa təkrarən çox verildiyindən onlar maksimum dərəcədə qatı olmalıdır. Ona görə ki, miqdarca az işlənsin, tərkibində torpağı duzlaşdıran və fiziki xassələrini pisləşdirən maddələr olmasın. Məhsul halında yemləmədə istifadə edilən maddələr suda tam həll olmalıdır ki, suvarma-gübrələmə qurğularının gözlərini tutmasın. Adətən, istixanalarda sadə mineral gübrələrdən istifadəyə üstünlük verilir. Lakin mürəkkəb gübrələr, xüsusən azot, fosfor və kaliumun müəyyən nisbətlərindən hazırlanan kristal maddələr daha sərfəlidir. Sahibkarlar və torpaq mülkiyyətçiləri bilməlidirlər ki, istixanalardan yüksək məhsul əldə olunmasında vacib məsələlərdən biri də əkilmiş tərəvəz bitkilərinə aqrotexniki qaydalara uyğun əməl olunmasıdır.
Əgər açıq sahədə torpaq qatı 30-50 santimetr qalınlığında olarsa və ora ən yüksək dozalarla üzvi və mineral gübrələr verilərsə, məhsuldarlıq xeyli yüksələr. Lakin istixanalarda torpaqların qalınlığı 10-30 santimetr olduqda və ora böyük dozada gübrə verilərsə, torpaq onu qəbul edə bilmir. Ona görə də istixanalarda torpağa tez-tez, lakin xırda dozalarda gübrələr verilir. Bunun üçün torpaq, üzvi və mineral gübrələr, torf və digər materiallar müxtəlif nisbətdə qarışdırılır və istifadə edilir. İstixanalarda, əsasən, ələnmiş torpaqlardan, torpağı əvəz edən üzvi bitki mənşəli materiallardan olan ağac kəpəyi, küləş, saman və bir çox bitki qalıqlarından istifadə olunması yüksək məhsul əldə edilməsinə imkan verir.
Zəruri tədbirlərdən biri də eyni sahədə tərəvəz əkinlərinin növbələşdirilməsidir. Bu, alaq otlarına, xəstəlik və zərərvericilərlə mübarizə aparılmasına, əkinlərə üzvi və mineral gübrələrin verilməsi vaxtının müəyyən edilməsi ilə bərabər, onların sərfedilmə normalarının azaldılmasına da təsir edir.
Xaliq Abbasov

CV YARAT