2 İyun 2020

Çindən təkcə carona gəlmir, texnologiyalar da gəlir - FOTOLAR

16 Aprel 2020
132
cinden-tekce-carona-gelmir-texnologiyalar-da-gelir-fotolar

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində 2020-ci ilin məhsulu üçün Çin texnologiyası ilə çiyid səpininə başlanıb. 18 hektar sahədə əkinin aparılması üçün torpaqbecərmə işləri Çin Xalq Respublikasından gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib. Çiyid səpini Çin texnologiyası ilə hazırlanan səpin aqreqatı ilə aparılır, bu aqreqat eyni vaxtda 4 əməliyyatı həyata keçirir ki, nəticədə xərclərə əsaslı şəkildə qənaət etməyə imkan yaranır. Aqreqat  eyni vaxtda su borusunu düzür, səpin gedən cərgələrə örtük çəkərək açılan yuvadan torpağa çiyid atır və üstünü örtür.
Aqrar Elm və İnnovasiya Mərkəzinin  direktoru İmran Cümşüdov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi - Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov səpinin gedişini müşahidə edərək texnologiyanın qaydalarına əməl olunması ilə bağlı tövsiyyələrini veriblər. 
Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası ilə pambıq sortlarının yetişdirilməsinə ötən ildən başlanılıb. Ötən il çinli mütəxəssislərin iştirakı ilə 10 hektarda çiyid əkilmiş, aqrotexniki  becərmələrin dəqiqliklə aparılması nəticəsində  əkin sahəsində orta məhsuldarlıq 65 sentner təşkil etmişdi. 
Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı bu sahənin gələcək inkişafı üçün ümidvericidir. Ötən il Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar Universitetinin əməkdaşlarının, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin, fermerlərin və tədarük şirkətlərinin nümayəndələrinin iştirak etdiyi üç işçi qrupu yaradılaraq hektara düşən bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanmış, texnologiyanın elmi nəticələri yerində  aktlaşdırılmışdı. Bu texnologiya ilə əkilən bitkidə hər qozadan lif çıxımı   40 faizdən yüksək olduğu müəyyən olunmuşdu. Hansı ki, ənənəvi əkinlərdə bu göstəricilər dəfələrlə aşağıdır.  Ona görə də pambıqçılığın qarşısında duran əsas hədəf hektara düşən məhsuldarlığın yüksəldilməsi, fermer və tədarükçü şirkətlərin marağında olan lif çıxımının göstəricilərini yaxşılaşdırmaqdır. 
Bu ilki yazlıq əkin planına uyğun olaraq Tərtər rayonunda yunan, Beyləqan rayonunda isə türk texnologiyası əsasında pambıq əkini aparılaraq yeni əkin-becərmə metodlarının  dərindən öyrənilməsi, fermerlər arasında yayılması təmin olunacaq. Bunun əsasında gələcəkdə hər üç təcrübə birləşdirilərək innovativ əkin sxemləri tətbiq olunacaqdır. 
"Aqrobiznes" 

CV YARAT