2 İyun 2020

Çəyirdəkli meyvə bağlarında xəstəlik və zərərvericilərlə mübarizə tədbirləri

28 Aprel 2020
236
ceyirdekli-meyve-baglarinda-xestelik-ve-zerervericilerle-muebarize-tedbirleri

Fermerlər son illər yeni çəyirdəkli meyvə bağlarının salınmasına üstünlük verir və bu zaman onlar daha məhsuldar meyvə sortlarından istifadə edirlər. Son onillikdə Azərbaycana 40-a qədər yeni gilas, 15-ə qədər gavalı, şaftalı, 10-a qədər ərik (qaysı) sortları gətirilmiş və 5x3m, 5x4m, 4x3m, 4x2m, 4x1,5m sxemləri əsasında intensiv tipli çəyirdəkli meyvə bağları salınmışdır. Hazırda şimal bölgəsində belə meyvə bağlarının sahəsi 2000 hektara çatmaq üzrədir.
Şimal bölgəsinin, eləcə də bağlar diyarı Qubanın istər köhnə ekstensiv, istərsə də yeni intensiv tipli çəyirdəkli meyvə bağlarında yayılmış xəstəlik və zərərvericilər bu bitkilərin ayrı-ayrı orqanlarına sirayətlənərək onların zəifləməsinə, məhsuldarlığının aşağı düşməsinə və bəzən də qurumasına səbəb olur. Bunun qarşısını almaq, mövcud barverən çəyirdəkli meyvə bağlarından bol məhsul əldə etmək üçün bağbanlar xəstəlik və zərərvericilərə qarşı əlaqəli (inteqrir) mübarizə tədbirləri sistemini həyata keçirməlidirlər.
Bağbanlar yaz aylarında qurumuş ağacları kökündən çıxarmalı, xəstə, yarıqurumuş budaqları 1-2 sm sağlam toxumayadək kəsməli və onları bağdan çıxararaq yandırmalıdırlar. Ağacların quru qabıqdan təmizlənməsi işi də yerinə yetirilməlidir. Bu zaman budaqlarda əmələ gəlmiş yaralar 1-3 faizli mis kuporosu məhlulu ilə dezinfeksiya edilərək üzərinə bağ məlhəmi sürtülməlidir.
Ağacların tumurcuqları şişənəcən olan dövrdə yastıcalar, mənənələr, meyvəyeyənlər, gənələr və digər zərərvericiləri qışlama mərhələlərində məhv etmək üçün bağlara mineral yağ emulsiyalarından (komprador, trinol və s.) birinin 3-3,5 faizli məhlulu çilənməlidir.
Çəyirdəkli meyvə bağlarında adlarını qeyd etdiyimiz xəstəliklər kompleksinə qarşı 1 faizli (10 kq/11 ton su) Bordo mix, 1,5 faizli Monika Bordo (15l/1 ton su), yaxud 0,4 faizli (4kq/1 ton su) mis hidroksid tərkibli fungisidlərdən (Koproxide Funquran Plakopp və s.) birini tumurcuqların şişməyə başladığı fazada çiləmək lazımdır.
Xəstəlik və zərərvericiləri kompleks məhv etmək üçün bitkilərə çiçəklənmə ərəfəsində 0,03 faizli (300qr/1ton su) siprodinil (xoruş, kompas və s.) tərkibli və 0,05 faizli (0,5l/1 ton su) lambda-siqalotrin tərkibli (karate-zeon, foenix və s.) preparatların qarışığı çilənməlidir. Çiçəkləmə qurtaran kimi çəyirdəkli meyvə bağlarına 0,03 faizli (300qr/1ton su) difenokonazol (skor, conazol və s.) tərkibli və 0,05 faizli (0,5l/1ton su) asetamiprid (qoldplan, mostar və s.), həmçinin 0,05 faizli sipermetrin tərkibli (arrivo və s.) preparatların qarışığı çilənməlidir.
Quba-Xaçmaz bölgəsində Şərq və gavalı meyvəyeyənlərinin, albalı milçəyi, mənənələrin, həmçinin xəstəliklərin kütləvi inkişafının may ayının ortalarında müşahidə edildiyini nəzərə alaraq, həmin dövrdə ağaclara 0,15 faizli metation tərkibli (ultrasidin və s.), yaxud 0,15 faizli dimetoat tərkibli (yeni Bİ-58, kinqor və s.) preparatlardan biri ilə 0,25 faizli mankozeb tərkibli preparatın qarışığı çilənməlidir.
Vegetasiya dövründə dimetoat tərkibli (yeni Bİ-58, kinqor və s.) preparatlardan ərik (qaysı) və şaftalı (nektarin) bitkilərində istifadə edilməsi məqsədəuyğun deyil. Bu bitkilərdə dimetoat tərkibli preparatlar digər preparatlarla əvəz edilməlidir.
Sonuncu müalicə işlərində xəstəliklərə qarşı gilas, albalı, gavalı bağlarında mis tərkibli (koproxide, plakopp, abiqa-pik və s.), ərik və şaftalı bağlarında isə mankozeb, tiram (ziram) tərkibli preparatlardan istifadə olunmalıdır.
Payız-qız dövründə fevral ayından başlayaraq çəyirdəkli meyvə bağlarında formavermə və budama işlərinə başlanmalı və bu yazın başlanğıcında başa çatdırılmalıdır. Havanın quraq keçməsini və yağıntıların az olmasını nəzərə alaraq qış suvarmasının aparılması da olduqca vacib məsələdir.
Bağlarda siçanabənzər gəmiricilər müşahidə olunarsa, yuvalara dərhal aldadıcı yem qoyulmalıdır. Aldadıcı yem hazırlayarkən 10 kq pörtülmüş buğda dəninin üzərinə 0,5 litr bitki yağı tökülür, qarışdırılır və sonra üzərinə 100-150 qr sink-fosfid səpilib qarışdırılır. Hazırlanmış zəhərdən hər yuvaya çay qaşığı ilə 5-8 dən tökülür və yuvanın ağzı ayaqla tapdalanır. Bu dövrdə cərgə aralarının diskilənməsi və ətraflarının frezlənməsi işi də aparılmalıdır. Unutmayaq ki, meyvəyə becərmənin əvvəlində çəkilən zəhmət yığımda öz sözünü deyir.
Mədət Qurbanov
Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini

CV YARAT