8 Avqust 2020

Günəbaxan bitkisinin əkinçiliyi - VİDEO

29 Aprel 2020
380
guenebaxan-bitkisinin-ekinciliyi-video

Əhəmiyyəti. Günəbaxan əsasən yağlı bitki kimi becərilir. Müasir sortların tərkibində yağın miqdarı 50-52%-ə çatır. Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Günəbaxan yağından yeyinti sənayesində, konserv, qənnadı məmulatı, marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-boya, sabun bişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye sahələrində istifadə olunur. Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə heksoz və pentoz şəkərlərinin alınmasınyda istifadə olunur ki, bunlardan da süni lif, plastmas, qırılmayan şüşələr və s. alınmasında istifadə edilır. Yağlı bitkilər həmdə bitki zülalı mənbəyidirlər. Toxumların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40% zülal olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem vahidinə, yaxud 3,6 kq proteinə bərabərdir. Günəbaxanın yaşıl kütləsindən iri buynuzlu malqara üçün yem və keyfiyyətli silos alınır. Səbətdən hazırlanmış 1 sentner unun yem vahidi 80 kq-a, asan həzm olunan protein isə 3,8-4,3 kq-a bərabərdir.  
Yayılması və məhsuldarlığı. Günəbaxanın vətəni Şimali Amerikanın cənubi-qərb hissəsi hesab edilir. Avropaya XVI-cı əsrdə, Rusiyaya isə XVIII-ci əsrdə gətirilərək bəzək məqsədi üçün istifadə olunmuşdur.
Dünya əkinçiliyi sistemində günəbaxanın əkin sahəsi 14-15 milyon hektara yaxındır. Bu bitki əsasən ABŞ-da (1,5 milyon ha), Argentinada (2,0 milyon ha), Hindistanda, Macarıstanda, Ukraynada, Rusiyada və s. ölkələrdə geniş əkilir. Günəbaxanın dən məhsuldarlığı hektardan 12-14 sentnerdən 25-30 sentner arasında dəyişir.
Statistik məlumatlara əsasən Azərbaycanda 2014-cü ildə bu bitkinin əkin sahəsi 11705 ha, ümumi məhsul yığımı 20263 ton və hektarın məhsuldarlığı isə 17.3 sentner təşkil etmişdir.
Bioloji xüsusiyyətləri. Günəbaxan istilik, işıq, nəmlik və qida maddələrinə tələbkar bitkidir. Torpaqda temperatur 4-60C olduqda toxumlar cücərməyə başlayır. Bu temperaturda cücərtilər 20-30 günə əmələ gəlir. 10-120C temperaturda cücərtilər 15-20 günə, 15-300C temperaturda 9-10 günə və 200C temperaturda  6-8 günə əmələ gəlirlər. Səpindən çıxışların alınmasına qədər fəal temperaturun cəmi 140-1600C-yə bərabərdir. Vegetasiyanın əvvəlindən çiçəkləməyə qədər havanın orta sutkalıq temperaturu 220C, çiçəkləmədən yetişməyə qədər isə 24-250C əlverişli hesab olunur. Aşağı temperatur bitkilərin vegetasiya müddətini uzadır, 300C-dən yuxarı temperatur isə günəbaxan bitkisinə öldürücü təsir göstərir.
Növbəli əkində yeri. Günəbaxan üçün ən yaxşı sələflər payızlıq və yazlıq dənli  taxıl bitkiləri, dənlik və silosluq qarğıdalıdır. Çoxillik otlar, şəkər çuğunduru və sudan otu (sorqo) torpağın 1,5-2,0 metr dərinliyindəki nəmlikdən istifıadə etdiyi üçün onlardan sonra günəbaxan becərmək tövsiyə olunmur. Xəstəlik və zərərvericilərdən mühafizə məqsədi ilə günəbaxan növbəli əkində öz yerinə 7-8 ildən sonra qaytarılır.
Torpağın becərilməsi. Əgər günəbaxan payızlıq dənli taxıl bitkilərindən  sonra yerləşdirilirsə kövşənlik 12-25 günlük fasilə ilə 2 dəfə üzlənir. Birinci üzləmə 6-7 sm, ikinci üzləmə isə 10-12 sm dərinlikdə aparılır. Torpaq quru olarsa birinci üzləmədən sonra 600-700 m3 həcmində aldadıcı suvarma aparılır. Sonra sahəyə üzvi və mineral gübrə verilərək 27-30 sm dərinliyində şum qaldırılır.
Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonrakılar nisbətən az dərinlikdə aparılır.
Tarlada güclu alaqlanma olduqda promietrin və treflan herbisidlərinin qarışığından istifadə olunur. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı becərmə, yəni kultivasiya və malalama aparılır.  
Gübrələmə. Payızda şum qaldırılarkən şum altına15-20 ton üzvi 2-3 sentner superfosfat gübrələri  verilməlidir. Günəbaxan bitkisi fosfor qidası ilə  yaxşı təmin olunduqda dənlərdə yağlılıq faizi artır.
Səpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq/ha azot, 10-15 kq/ha fosfor gübrələri verdikdə bitkilər ilk inkişaf fazalarında  qida elementləri ilə yaxşı təmin olunmuş hesab edilir. Cərgəaralarında becərmə işləri başlayarkən birinci  kultivasiyada  yemləmə gübrəsi kimi cərgələrdən 12-14 sm aralı, 10-12 sm dərinliyə hektara 30 kq azot və 30 kq fosfor verilməlidir. Qalan gübrə normaları ikinci və üçüncü yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün  mikrogübrələrdən istifadə etmək də müsbət nəticə verir.
Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması. Səpin üçün  sağlam və yetişmiş toxumlardan istifadə olunmalıdır. Toxumların cücərmə qabiliyyəti ən azı  96%, təmizliyi isə 99 % olmalıdır. Günəbaxan toxumları cücərmə qabiliyyətini tez itirdiyindən səpin üçün yalnız keçən ilki toxumlardan istifadə olunmalıdır. Cücərmə qabiliyyətini artırmaq üçün toxumlar isti havada sərilərək qurudulur. Zərərvericilərə və göbələk xəstəliklərinə qarşı toxum dərmanlanır.
Torpağın əkin qatında temperatur 5-70C olduqda səpin aparmaq mümkündür. Gündəlik temperatur 10-120C olduqda cücərtilər daha tez alınır.
Səpin adətən erkən yazda fevral ayının axırları və mart ayının əvvələrində aparılır.
Bitki sıxlığı hektarda 40-50 min ədədə bərabər olmalıdır. Cərgələrdə bitkilərarası məsafə 30-40 sm-ə qədər, hər metrdə 3,0-3,5 bitki olmalıdır Səpin norması hektara 8-14 kq toxum götürülür. Toxumların basdırılma dərinliyi 6-8 sm-ə bərabərdir.
Əkinlərə qulluq. Günəbaxanın səpinindən sonra cücərtilər alınana qədər sahədə qaysaq əmələ gələrsə və alaq otlarının cücərtiləri varsa dərhal mala çəkilməlidir. Səpin cərgəvi üsulla aparılıbsa malalama cərgələrə perpendikulyar istiqamətdə həyata keçirilir. Əgər sahə alaqlı olarsa günəbaxanda 2 cüt yarpaq əmələ gələnə qədər malalamanı aparmaq mümkündür. Cərgəarası 70 sm olduqda birinci kultivasiya 50 sm enində, ikinci kultivasiya isə 45 sm enində aparılır.
Birinci suvarma 2-4 cüt yarpaq fazasında,  ikinci suvarma səbətcik əmələ gəldikdə, üçüncü suvarma çiçəkləmənin əvvəlində, dördüncü suvarma isə toxumların dənə dolduğu dövrdə hektara 800-1000 m3 olmaqla aparılır.
Məhsulun yığılması. Toxumların orta nəmliyi 12-14%-ə endikdə günəbaxanın yığımına başlanılır. Məhsul yığımı qısamüddətdə 4-5 günə başa çatdırılmalıdır.
Toxumun yığımdan sonra işlənilməsi. Təzə yığılmış toxumları 25-30 gün yığımdan sonra yetişmək üçün saxlayırlar. Bu prosesi sürətləndirmək üçün digər qarışıqlardan toxumu təmizləyərək, nəmliyi 8-10% qalana qədər qurudurlar. Toxumlar saxlanılan yerlərdə 0,4 m hündürlüyündə yığılır.
"Aqrobiznes"

CV YARAT