3 Dekabr 2020

Xırdabuynuzlu heyvanların çiçək xəstəliyi: nə qədər qorxuludur?

4 May 2020
296
xirdabuynuzlu-heyvanlarin-cicek-xesteliyi-ne-qeder-qorxuludur

Xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Çiçək iti gedişli virus xəstəliyi olmaqla intoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu xəstəliyin inkubasiya müddəti 4-12 gündür, heyvanda  zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, nəbz və tənəffüs tezləşməsi, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra başın dərisində (gözlərin və burunun ətrafında), yelində, ətrafların daxili hissəsində roziolalar, onlardan isə 12-15 millimetr diametrli papulalar inkişaf edir, buradakı toxumalar ölür və qaysaqlanıb düşür. Əgər çiçək prosesi mürəkkəbləşərsə, o zaman tənəffüs yollarının və mədə-bağırsaq sistemini zədələnməsi ilə müşayiət olunan sekundar infeksiyanın yaranması ön plana keçir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir və çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə qeydə alınarsa, balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq yaranır. Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3, yayılmış və hemoroji çiçək zamanı isə 100 faizədək ola bilər.
Bu xəstəlikdən qorunmağın ən etibarlı yolu vaksinasiyadır. Hal-hazırda Azərbaycanda xəstəliyə qarşı qoyun çiçəyi virusundan hazırlanmış heterogen (qoyun və keçi çiçəyi peyvəndi) peyvəndindən istifadə edilir. Vaksinlər dövlət vəsaiti hesabına alınır və ödənişsiz əsaslarla heyvanlara tətbiq edilir. Tədbirlərin heyvanlar yaylağa çıxana qədər yekunlaşdırılması nəzərdə tutulur.
Həmçinin, heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitdə aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 m məsafənin gözlənilməsi tövsiyə olunur.
Heyvan sahiblərinin nəzərinə çatdırılır ki, təsərrüfata yeni gətirilən qoyun və keçilər məcburi surətdə karantində saxlanmalıdır. Eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.
"Aqrobiznes"

CV YARAT