31 May 2020

Moniezioz - yastı qurdlar tərəfindən törədilən xəstəlik

22 May 2020
67
moniezioz-yasti-qurdlar-terefinden-toeredilen-xestelik

Gövşəyən heyvanların - quzu, toğlu, buzov, dana, balaq və kəlçələrin nazik bağırsaqlarında parazitlik edən və moniezia adlanan yastı qurdlar tərəfindən törədilən xəstəliklərdən biri də monieziozdur. 
Heyvanların monieziozla yoluxması otlaqda oribatid gənələrinin az və ya çox yayılmasından asılıdır. Bu gənələr daimi ot örtüyü olan yarımsəhra tipli otlaqlarda çox olduğundan moniezioz əsasən belə otlaqlarda daha geniş yayılıb. Kiçik və Böyük Qafqazın subalp və dağətəyi otlaqlarında, Talış dağları yamaclarında da oribatid gənələrinin çoxalıb artmasına münasib şərait var. Quzular, buzovlar və balaqlar əsasən ferma ətrafı otlaqlarda yoluxurlar. Yoluxma bütün il boyu gedə bilər, noyabr və dekabrda doğulmuş quzular əsasən qış aylarında yoluxurlar. Onların bağırsağında ilk moniezialara yanvar və fevraldan başlayaraq rast gəlinir. Mart və apreldə isə həmin qrup quzularda yoluxmanın ən yüksək zirvəsi qeyd olunur. Fevralda doğulmuş quzularda yüksək yoluxma əsasən aprel və may, mart ayında doğulanlarda isə aprel, may, iyun aylarına düşür. Toğlu və yaşlı qoyunlar quzulara nisbətən zəif yoluxurlar. Lakin onlar digər bağırsaq lentşəkilli qurd xəstəlikləri olan tizaniezioz və avitellinoza da tutulurlar. Tizaniezioz və  avitellinoz  moniezioza nisbətən  az yayılsa da onlara yoluxmuş heyvanlar xəstəliyi çox ağır keçirir. Bu xəstəlik zamanı tələfat da baş verir. Yanvar-mart aylarında doğulmuş buzovlarda monezialar əsasən mart-iyun aylarında qeyd olunur. İyun, avqust aylarında isə onlarda yüksək yoluxma faizi qeyd olunur.
Monieziozla xəstələnmiş toğlu və qoyunlarda ümumi narahatlıq, zəiflik, arıqlama, hərəkətin pozulması, titrəmə, dişlərin xırçıldaması, başın döş və qarın nahiyəsinə çevrilməsi və digər sinir pozğunluqları müşahidə edilir və ölüm halları baş verir. Monieziozla yoluxmuş cavanlarda köpmə, qarın nahiyəsinin sallanması müşahidə edilir, xəstələr tez-tez su içir, bəzən titrəmə, çırpınma, sinir pozğunluğu və yaxud süstləşmə baş verir. Xəstə quzular arıqlayır, boy inkişafdan qalır, müalicə aparılmadıqda isə xəstələrin bir hissəsi tələf olur. 
Monieziozla yoluxmanın qarşısını almaq məqsədi ilə quzu, buzov və balaqlar xüsusi ayrılmış birillik və çoxillik bitkilər əkilən otlaqlarda otarılmalıdır. Monieziozla xəstələnmənin, moniezia yumurtalari ilə otlaqların çirklənməsinin və yeni yoluxma mənbəyinin qarşısını almaq məqsədi ilə moniezialar bağırsaqda yetkin mərhələyə çatmamış dərmanlanma aparılmalıdır. Bu cür dərmanlama preimaginal dərmanlama adlanır. Preimaginal və imaginal əsaslı profilaktiki və müalicəvi dərmanlamaların aşağıda göstərilən qaydada aparılması tövsiyə olunur:
-noyabr-dekabrda doğulan quzularda fevral, mart, apreldə; yanvar, fevral aylarında doğulan quzularda mart, aprel, mayda; mart, apreldə doğulan quzularda may və iyun aylarında; toğlu və yaşlı qoyunlarda payız və qış aylarında, bir ay fasilə ilə 2 dəfə, əsasən noyabr və yanvar aylarında;                         
-buzovlarda 1-ci dəfə aprel, mayda, 2-ci dəfə isə birinci dərmanlamadan 1-1,5 ay sonra, əsasən may, iyun aylarında;
-balaqlarda isə 2 dəfə yazda və payızda, əsasən 1 yaşına qədər olan heyvanlarda aparılmalıdır. Əvvəlki ilin payızında doğulan balaqlarda 1-ci dəfə yazda, 2-ci dəfə isə iyun-iyul aylarında, yayda doğulan balaqlarda 1-ci dəfə onlar otlağa buraxılandan 1-1,5 ay sonra, 2-ci dəfə payızın əvvəlində aparılmalıdır.            
Hər bir bölgədə, təsərrüfatda epizootoloji göstəricilər əsasında moniezioza qarşı dehelmintizasiyaların aparılması vaxtları və təkrarlanması yerli baytar işçilərinin məsləhəti nəzərə alınmaqla həyata keçirilməlidir. Heyvanda moniezioz xəstəliyi baş verən zaman heyvana diaqnozun baytar həkimi tərəfindən qoyulması və laboratoriyada təsdiqlənməsi mütləqdir. Heyvanlarda monieziozun profilaktika və müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Moniezioza qarşı aşağıdakı müalicə vasitələrindən istifadə etmək məsləhətdir:
Fenasal 1 kq diri çəkiyə 0,1 q hesabı ilə hər baş quzuya 1 q-dan artıq olmamaqla, 1%-li nişasta və ya 5%-li un horrası ilə fərdi qaydada daxilə verilir. Fenasalı 1 kq diri çəkiyə 0,2 q hesabı ilə 100- 150 baş heyvana eyni vaxtda dən yarması və qarışıq yemlə də yedizdirmək olar. Bu məqsədlə qrupda olan heyvanların sayına (100- 150 baş) görə dərman çəkilməli və hər başa 100 q yem hesabı ilə diqqətlə yemə qarşıdırılmalı, axurlara tökülməli və heyvanlar hamısı eyni vaxtda yemə buraxılmalıdır.
Fenasal buzovlara 1 kq diri çəkiyə 0,15 q hesabı ilə 200-300 qram dən yarması, 1%-li nişasta və yaxud 5%-li un horrası ilə qarışıq formasında fərdi olaraq verilməlidir. Preparat 1 kq diri çəkiyə 0,2 q hesabı ilə yemlə qarışığını 10-12 baş buzova eyni vaxtda qrup halında da işlətmək olar. Fenasal balaqlara 1 kq diri çəkiyə 0,2 q hesabı ilə horra formasında ancaq fərdi olaraq işlədilməlidir.
Fenbendazol (panakur) preparatı 1 kq diri çəkiyə 10 mq hesabı ilə hər baş qoyuna 0,5-1 q miqdarında daxilə verilir.
22%-li Fenzol oral yolla iribuynuzlu heyvanlara hər 10 kq diri çəkiyə 1.5 q olmaqla 3 gün ərzində gündə 1 dəfə verilir. Xırdabuynuzlu heyvanlara isə hər 10 kq diri çəkiyə 0.7 q olmaqla bir dəfə verilir.
Albendazol 250 preparatı iri və xırdabuynuzlu heyvanlara hər 10 kq diri çəkiyə 1 həb hesabı ilə verilir.
Metsalben 10%-li suspenziya preparatı iribuynuzlu heyvanlara hər 10 kq diri çəkiyə 1 ml, xırdabuynuzlu heyvanlara isə hər 10 kq diri çəkiyə 0,5 ml hesabı ilə verilir.
Ət məqsədi ilə heyvanı antihelment preparatlarla dərmanlamadan ən azı 14 gün sonra kəsmək olar. Heyvanlarda monieziozun yuxarıda qeyd edilən əlamətləri müşahidə edilərsə, bu zaman mütləq şəkildə sahə baytarlıq məntəqələrinin baytar mütəxəssislərinə və ya rayon (şəhər) baytarlıq idarələrinə müraciət etsinlər. Heyvanlarda moniezioz xəstəliyinə qarşı profilaktika və müalicə işləri baytar mütəxəssisinin göstərişi və iştirakı ilə aparılmalıdır.
"Aqrobiznes"

CV YARAT