3 İyul 2020

Pandemiya dövrünün ən bahalı bitkisi - zəncəfil necə becərilir?

31 May 2020
141
pandemiya-doevruenuen-en-bahali-bitkisi-zencefil-nece-becerilir

Zəncəfil – mənşəyinə görə Cənubi Asiyadan olan çoxillik ot bitkisidir. Onun ətirli kökündən kulinariyada istifadə olunur. Bu bitkinin çox saylı müalicəvi xüsusiyyətləri bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Zəncəfilin çiçəkləri öz rənginə görə becərilən sortdan asılı olaraq müxtəlif olur. Becərilən sortlar içərisində ən geniş yayılanı – sarı – çəhrayı və qəhvəyi rəngli çiçəklərdir, lakin qırmızı rəngli də ola bilir. Zəncəfilin hündürlüyü 2 m-ə catır. Xarici görkəminə görə qamış bitkisinə oxşayır, lakin gövdələrinin çoxlu qabığı olur. Zəncəfildə içərisində əlavə köklər olan bir neçə qat yarpaqla örtülmüş sıx, qalın kökümsovlar olur. Ən çox inkişaf etmiş kökümsovdan bir cüt yerüstü gövdə böyüyür. Zəncəfilin gövdəsi sallanmır, onlar uzun, dairəvi və düzyarpaqlıdır. Yarpaqları sadə, bütöv, uzun və ucları sivri olur.
Qeyd etmək lazımdır ki, təbii şəraitdə yabanı formada zəncəfil artıq mövcud deyil. Bitkinin süni şəkildə artırılması ona gətirib çıxarmışdır ki, artıq toxumla çoxalmaq qabiliyyətini itirmişdir. Məhz ona görə də zəncəfilin becərilmə texnologiyasında kökümsovların bölünməsi ilə çoxalma nəzərdə tutulur.
Zəncəfil tropik və subtropik zonalarda yerləşmiş (Avstraliya, Hindistan, Çin) bir çox ölkələrin ərazilərində sənaye miqyasında becərilir. Orta en dairəsi şəraitində ətirli kök məhsulunu şitillə və ya istixanalarda becərməklə almaq olar.
Zəncəfilin böyüməsi üçün ən yaxşı şərait:
- optimal temperatur (24-260C);
- havanın yüksək rütubətliliyi;
- münbit yumşaq torpaq;
- günəşin birbaşa şüalarının uzunmüddətli təsirinin olmaması;
- küləkdən qorunan yerin olmasıdır.
Əkin üçün sağlam, mexaniki zədəsi olmayan sağlam köklər seçilir. Bu zaman kartofda gözcüklərə oxşayan tumurcuqların vəziyyətinə xüsusi fikir vermək lazımdır. Bu toxumcuqları çox vaxt saxlama zamanı cücərmənin qarşısını almaq üçün aradan götürürlər.
Köklər hamar, sıx olmalı, infeksiya əlamətləri olmamalıdır. Onarın rəngi sortdan asılı olaraq krem, limon və ya qəhvəyi ola bilər. Gələcək məhsulun kefiyyəti əkin materialının düzgün seçilməsindən asılıdır.
Əkindən qabaq zəncəfilin köklərini 1-2 saatlıq ilıq suya qoymaq lazımdır. Bu tumurcuqların böyüməsini stimullaşdırır. Kökdə olan bütün kəsikləri və zədələri qurutmaq (salfet ilə) və ağac külü ilə dərmanlamaq lazımdır.
Zəncəfilin əkin vaxtını düzgün seçmək lazımdır. Əkin üçün ən yaxşı vaxt mart və aprel aylarıdır.
Zəncəfili əkmək üçün işıqlı, bir başa günəş şüalarının düşmədiyi küləkdən qorunan, rütubətli, qida ilə zəngin torpaq seçmək lazımdır. Zəncəfilin becərilməsi üçün ən ideal yer istixanadır.
Zəncəfilin köklərini üfüqi şəkildə, tumurcuqları yuxarı istiqamətdə əkmək lazımdır. Bu zaman drenaj haqqında unutmaq olmaz. Belə ki, su duran yerdə onun kökləri cürüyür. Drenaj kimi xırda çınqıl (1 sm ölçülü) və ya iri dənəli qum (2 sm ölçülü) istifadə oluna bilər.
Zəncəfilin köklərini elə dərinliyə əkmək lazımdır ki, onun üzərində 2 sm qalınlıqda torpaq olsun. Əkindən qabaq torpağı yaxşıca suvarmaq lazımdır.
Əkindən 1,5-2 həftə sonra torpaqdan cavan zoğlar çıxır. Suvarmalar elə aparılmalıdır ki, torpaq qurumasın, belə ki, zəncəfilin yarpaqları çox tez böyüyür.
Zəncəfil həddən çox rütubəti də sevmir, lakin torpağı qurumağa da qoymaq olmaz. Torpaqda həmişə azacıq nəmlik olmalıdır. Əkindən sonra bitki böyüməyə başlayan kimi hər 30 gündən bir onu quru üzvi gübrə ilə (quru inək peyini) yemləmək lazımdır. Lakin avqust ayının sonunda yemləməni dayandırmaq lazımdır.
Bitkinin dibini yalnız lazım olduqda kətmənləmək, torpağı kökün ətrafında elə səliqəli yumşaltmaq gərəkdir ki, bu zaman köklər zədələnməsinlər. Qışda zəncəfili otaq şəraitində dibçəkdə də becərmək olar.
Yetişmiş zəncəfili ölkəmizdə noyabr ayından mart ayına qədər bitkinin yarpaqları saralıb, soluxub quruduğu zaman yığırlar. Belə zəncəfilin dadı daha yaxşı və yandırıcı olur. Yığım zamanı cavan kökümsovlar daha zərif dada malik olur.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu 


 

CV YARAT