25 Noyabr 2020

Transyağlar hansı qidalarda var?

20 İyul 2020
230
transyaglar-hansi-qidalarda-var

Transyağlar gövşəyən heyvanların (inək, qoyun, dəvə) orqanizmində təbii halda yaranır. Habelə bitki yağlarının rafinə edilməsi zamanı da transyağların əmələ gəlməsi məlumdur. Belə ki, rafinasiya prosesindən sonra duru yağlarda 3,5 faizdən çox trans izomerin yarandığı müəyyən edilmişdir. Hətta məişətdə qidaların qızardılması zamanı istifadə olunan yağlarda da transyağ turşularının əmələ gəldiyi məlum olmuşdur.
Sənaye üsulu ilə alınmış yağlar daha çox hazır qida sənayesində istifadə olunur. Son zamanlar hazır qida məhsullarının istehlakının artımını nəzərə alsaq, tərkibində transyağlar olan ərzaqları tanımaqla sağlamlığımızın qeydinə qala bilərik. Transyağlardan daha çox fastfud (hamburger, pitsa, səhər yeməyi üçün hazır qidalar, qəlyanaltılar (snack)), peçenye, çipsi, vafli, kreker, şokolad, konfet, marqarin, qızartma yağları, qat-qat xəmir, keks, biskvit, sous, mayonez istehsalında istifadə olunur.
Bəs transyağların insan orqanizminə hansı təsiri var?
Gündəlik qida rasionunda transyağ turşularının qəbulu müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Transyağ turşuları sis yağ turşuları ilə müqayisədə daha yuxarı temperaturda (25±5 C) əridiyindən qidalanma fiziologiyası və ürək-damar xəstəlikləri baxımından mənfi təsirə malikdir. Belə ki, transyağlar aşağı sıxlıqlı lipoproteini (“zərərli” xolesterol) artırıb, yuxarı sıxlıqlı lipoproteini (“xeyirli” xolesterol) azaltmaqla ürək-damar xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur. Həmçinin transyağ turşuları orqanizmin hüceyrələrində insulinə qarşı rezistentlik əmələ gətirərək diabetə meyilliliyin yüksəlməsinə, aterosklerozun və xroniki iltihabi proseslərin inkişafına şərait yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, transyağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəlikləri riskini 21 faiz, ölüm riskini isə 28 faiz artırır. Bundan başqa, transyağ turşuları hüceyrələrin fosfolipid membranının strukturunda dəyişikliklərə, immun sistemin, görmə qabiliyyətinin zəifləməsinə, Alzheimer xəstəliyinin yaranma riskinin yüksəlməsinə səbəb olur.
Aparılmış araşdırmalar göstərmişdir ki, transyağ turşuları orqanizmin reproduktiv (nəsiltörətmə) qabiliyyətinə mənfi təsir edərək həm qadın, həm də kişilərdə sonsuzluğun yaranmasına, hamilə qadınlarda dölün inkişafına mənfi təsir edir. Böyüməkdə və inkişafda olan uşaq orqanizmində bu yağlar birbaşa mərkəzi sinir sistemində pozuntuların yaranmasına səbəb olur. Transyağ turşularının ana südü vasitəsilə anadan körpəyə keçdiyi də sübut olunmuşdur.
Başqa bir araşdırmaya görə, transyağ turşularının istehlakı ilə postmenopauza (klimaks) dövründə olan qadınlarda süd vəzi xərçənginin əmələ gəlməsi riski arasında qarşılıqlı əlaqənin olduğu sübut edilmişdir.
Sənaye üsulu ilə alınmış transyağların sağlamlığa mənfi təsirləri ilə bağlı elmi dəlillər son 30 ildə daha da artmışdır. Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il rəsmi hesabatına əsasən, tərkibinə transyağ turşuları daxil olan yağların qida rasionunda istifadəsinin maksimum dərəcədə azaldılması (2000 kkal enerjiyə gündə 2 qramdan daha az, yəni ümumi enerji tələbatının 1 faizdən daha az) məsləhət görülür.
Paketlənmiş hər hansı bir qidanın transyağa malik olub-olmadığını öyrənmək məqsədilə, etiket məlumatlarını və məhsulun tərkibi barədə məlumatların qeyd edildiyi bölmələri diqqətlə oxumaq lazımdır. Belə ki, bəzi qablaşdırma məlumatlarında "transyağ" əvəzinə "hidrogenləşdirilmiş bitki yağı" ifadəsi yazılır. Buna diqqət etməklə, özümüzü transyağların mənfi təsirindən və sağlamlığımıza yarada biləcək təhlükədən qoruya bilərik.
"Aqrobiznes" 
 

CV YARAT