17 Oktyabr 2021

Lobya - zülal toplayan bitki, "yaşıl gübrə" mənbəyi

4 Avqust 2020
lobya-zuelal-toplayan-bitki-yasil-guebre-menbeyi

Lobya həm zülalla zəngin dən kimi, həm göy paxla, həm də çiçəkli formaları bəzək bitkisi, bəzən də yaşıl gübrə kimi istifadə edilir və təyinatından asılı olaraq müxtəlif üsullarla becərilir. Lobyanın dənində 20,4-31,7 % zülal, 50-60% azotsuz ekstrativ maddələr, 0,7 - 3,6 % kül, 2,3 - 7,1% sellüloza vardır. Lobya dəninin zülalının mənimsənilməsi mərcimək və adi noxuddan yüksək olaraq 86 % təşkil edir. Lobya zülalının tərkibində insan orqanizmi üçün çox zəruri sayılan tirozin, triptofan, lizin və başqa amin turşuları vardır. 5-10% ağ lobya unu əlavə edilmiş çörək adi buğda çörəyindən qidalı və dadlı olur, bu əsasən uşaqlar üçün çox faydalıdır. Lobyadan çox vaxt pəhriz yeməyi kimi istifadə olunur. Onun göy paxlasında 6 %-ə qədər zülal və C, A, B vitaminləri vardır. Dənin yetişməsinə yaxın lobyanın yarpaqlarında 3-16% limon turşusu olur. Lobya konserv sənayesində də geniş istifadə edilir.  Belə ki, onun dənindən, paxlasından konservlər hazırlanır. Muxtar respublikanın rayon və kəndlərində lobyanın paxla və dənlərindən müxtəlif yeməklər hazırlamaq (cürbəcür duru xörəklər, düyüyə qatıb aş bişirmək, soyuq qəlyanaltılar, salatlar və s.), turşular üçün geniş istifadə edilir. Lobya dəninin tərkibindəki zülal qidalılığına görə ət və süd zülallarına yaxınlaşır. Lobyanın dənlərində zülal və yağdan başqa çoxlu karbohidrat (şəkər və nişasta), qiymətli mineral maddələr (kalium, kalsium, maqnezium, dəmir, fosfor), üzvi turşular (tiamin) və B2 (riboflavin), PP (nikotin turşusu), C (askorbin turşusu) vitaminləri vardır.
Lobyanın təbabətdə də əhəmiyyəti vardır. Qədim Çinin VII – X əsrlərə aid əlyazmalarında qeyd edilir ki, lobya güclü istinin zərərli nəticələrini dəf etmək üçün xeyirlidir. O, istinin təsirindən zərər çəkmiş xəstələrin tənəffüs və həzm fəaliyyətini yaxşılaşdırır, iştahasını artırır, eramızın XV əsrində lobyanın müalicə əhəmiyyəti daha da artmışdır. O, öd kisəsi xəstəliklərini müalicə etmək üçün istifadə edilirdi. Daha sonralar isə (XVII və XX əsrlərdə) şərq ölkələrində çəltik tarlalarında suda çox qalmaq nəticəsində ayaqları şişənlərin müalicəsində işlədilməyə başlanmışdır. Lobya qaraciyər, böyrək xəstəliklərinin müalicəsində də kömək edir. Quduz it dişləməsi nəticəsində əmələ gələn yaraya lobya dəninin sancılması və ya lobya unundan hazırlanmış xəmir qoyulması məsləhət görülür. Lobya qabığından hazırlanmış həlimin tərkibində şəkər xəstəliyinin müalicəsi üçün insulin aşkarlanmışdır. Hal-hazırda lobyadan müxtəlif zülallarla zəngin dərmanlar hazırlanır.
Yaponiyada və Çində lobyanın qırmızı rəngli toxumlarından qənnadı sənayesində, ağ rəngli lobya toxumlarından isə pudra istehsalında geniş istifadə edilir.
Lobya çoxlu zülal toplayan bitki olduğu üçün o, yaşıl gübrə kimi də işlədilə bilir. O, havanın sərbəst azotunu mənimsəyərək torpağı mineral azotla zənginləşdirir, eyni zamanda lobya dibibecərilən bitki olduğuna görə yazlıq taxıl və başqa kənd təsərrüfatı bitkiləri üçün yaxşı sələf bitkisi hesab edilir. Lobyanın çoxlu yaşıl kütlə verən formaları da vardır. Bunlardan heyvanların yemləndirilməsində istifadə edilir. Təsərrüfat əkinlərində lobyanın bir çox növlərindən istifadə edilir.
N.İ. Vavilova görə lobyanın mənşəyi Cənubi Meksika və Mərkəzi Amerikadır, lakin ikinci mənşəyi Cənubi Amerika hesab olunur. Eyni zamanda xırda dənli lobyanın mənşəyi kimi Asiya ölkələri fərqlənirlər. Təbiətdə hal-hazırda adi lobyaya yabanı halda rast gəlmək mümkündür.
Lobya ən qədim bitkilərdəndir. Peruda tarixi mədəni tapıntılar içində keyfiyyətini itirməmiş lobya dənləri aşkar edilmişdir. Çox maraqlıdır ki, qazıntı zamanı tapılan Peru mumiyasının əlində qarğıdalı qıçası, ağzında pambıq, bunun da içində qarğıdalı və lobya dənləri olmuşdur.
Avropada adi lobya Kolumb Amerikanı kəşf etdikdən sonra (XV-XVI əsr) yayılmağa başlamışdır. Əvvəlcə o, nadir bəzək bitkisi kimi, XVII əsrdən sonra isə əkinlərdə ərzaq bitkisi kimi becərilməyə başlamışdır.  Hal-hazırda lobya dünyanın əksər ölkələrində becərilir. Onun ümumdünya əkin sahəsi 21, 7 mln. hektara bərabərdir. Lobyanın ən böyük əkin sahəsi Hindistandadır.  
Lobyanın latın adı “Phaselos” və ya “Phasedos” yunan sözü olub, qayıq deməkdir, çünki onun meyvələri qayığa bənzəyir. Yer kürəsinin tropik və subtropik qurşaqlarında geniş yayılmışdır. Lobya cinsi 230 növü özündə birləşdirir. Bundan 17 növü ən çox yayılmışdır. Bir neçə növ yabanı halda bitir, bir neçələri isə yeni istifadə mərhələsindədir. Respublikamızda əkilən lobya növləri mənşələrinə görə bir-birindən kəskin surətdə fərqlənən Amerika və Asiya qruplarına ayrılır.
Azərbaycanda adi lobya, çoxçiçəkli lobya, ayşəkilli lobya (lima), xırda lobya (maş) yayılmışdır. Bunlardan ən çox əkiləni adi lobyadır. Respublikamızın dağ və dağətəyi rayonlarında əhalinin həyətyanı sahələrində adi lobyanın sarmaşan formaları, dağətəyi və suvarılan aran rayonlarında isə kol formalı və maş növü (xırda lobya, aş lobyası) əkilir. Ən çox becərilən lobya növləri ilə sizləri tanış etmək istəyirəm:
Adi lobya - ən çox yayılmış növdür. Morfoloji əlamətlərinə görə o, aşağıdakı formalara bölünür: dırmaşan, kol şəkilli, yarımdırmaşan, kol şəkilli yuxarısı dırmaşan. Adi lobya növü birillik, bəzən ikiillik və hətta çoxillik olmaqla nazik gövdələrdən ibarətdir. Respublikamızda lobyanın əsasən kolşəkilli formaları fermer və kəndli təsərrüfatlarında əkilir. Sarmaşan formaları isə əhali yalnız həyətyanı təsərrüfatlarda yetişdirir. Adi lobyanın kolşəkilli formaları tez, yarımsarmaşan formaları orta müddətlərdə, sarmaşan formaları isə gecyetişəndir. Bu lobya cücərən zaman ləpələri torpağın üstünə çıxır. Paxlaları düz, oraqşəkilli, əyilmiş, yastı, silindrik, təsbehşəkilli olur. Növündən asılı olaraq paxlada 2-16 dən qırmızı və bənövşəyi zolaqlı; dənləri uzunsov, böyrəkşəkilli, ellipsşəkilli, dəyirmi və ya ayabənzər olur. Dənlər müxtəlif rənglərə boyanır: ağ, sarı, sarımtıl-ağ, yaşıl, açıq yaşıl, tünd yaşıl, zeytunu, göy, çəhrayı, qırmızı, tünd-qırmızı, darçını, sarı-qırmızı, qəhvəyi, bənövşəyi, qara və s. 1000 dənin kütləsi 200-650 qram olur.
Çoxçiçəkli lobya. Bu lobya birillik, ikiillik və çoxillik olur. Gövdəsi sarmaşır, zəif budaqlanır. Çiçəkləri iri, qoxusuz, qırmızı, alqırmızı, çəhrayı və ya ağ rənglidir. Azərbaycanda çox yayılmış qırmızı çiçəklisidir. Toxumu əlvan-qara rənglidir. Bu lobya cücərən zaman ləpələri torpağın üzünə çıxmır. Paxlası enli, iri (10-30 sm) və qaba qabıqlı olur. Yetişməmiş paxlanın üzü ziyilli olur; 1000 dənin kütləsi 600-1500 qramdır.
Ayşəkilli lobya (lima). Bu lobyanın növ müxtəliflikləri adi lobyaya nisbətən azdır. Paxlası 5 - 20 sm uzunluğunda, enli və yastıdır, acı olduğuna görə yeməyə yaramır. Hər paxlada 2-3 dən yerləşir. Yetişəndə paxlalar asanlıqla çatlayır. Dənləri müxtəlif irilikdədir; dəyirmi, tumurcuq və ayşəkillidir. Əksəriyyətlə ağ zolaqlı olur. Adi lobyaya nisbətən dənləri gec bişir. Konserv üçün dənləri geniş istifadə olunur. Bakteriya və virus xəstəliklərinə tutulmur, dənyeyən həşəratla zədələnmir.
Xırda lobya (maş). Bu növün cücərtiləri xırdadır, ləpələri assimilyasiyaya uğrayır. Çiçəklərinin rəngi sarımtıl-bənövşəyi və sarıdır. Uzunluğu 3-25 sm olan paxlaları silindrvari, düz və əyilmiş formalıdır. Yetişmiş paxlaları tünd-müxəyi (demək olar ki, qara) rəngdədir. Dənləri sarı, parlaq, bəzi hallarda çilli xırda, silindrvari, çəlləkvari, yaxud yumrudur.
Lobya istisevəndir. Onun toxumları 8-10 °C istilikdə cücərməyə başlayır. Lakin bu bitki üçün ən əlverişli temperatur 18-20 °C-dir. Lobyanın cücərtiləri mənfi 0,5 - 1°C temperaturda məhv olur. Onu da qeyd etmək lazımdır ki, onun müxtəlif növ və sortlarının toxumlarının cücərməsi üçün müxtəlif miqdarda istilik tələb olunur: məsələn, çoxçiçəkli lobya üçün  6-8 °C, xırda lobya (maş) 8-10 °C, adi lobya 6-10 °C, lima lobyası 12-14 °C istilik tələb edir. Tezyetişən adi lobya sortlarının cücərməsi üçün isə daha çox -20 °C temperatur lazımdır. Müxtəlif növ lobyanın qara rəngli toxumları ağlara nisbətən 2-3 °C aşağı temperaturda becərilir. Lobyanın cücərtiləri uzun sürən aşağı temperatura dözə bilmir və - 0, 5 °C şaxtada məhv olurlar, yaşlı bitkilər - 4 °C- ə qədər şaxtalı havaya dözə bilir. Lobyanın qönçələməsi və çiçəkləməsi üçün optimal temperatur 20-25 °C hesab olunur, lakin növ və formadan asılı olaraq, bitkinin qönçələmə və çiçəkləməsi 15 °C ilə 40 °C temperatur şəraitlərində müvəffəqiyyətlə keçə bilirlər, 41 °C – dən yuxarı istilikdə isə qönçələrin və çiçəklərin tökülməsi müşahidə olunur.
Lobya bitkisi işığa çox tələbkardır, xüsusən də cavan yaşlarında işıq çatışmadıqda bitkilər uzanmağa məruz qalırlar ki, bu da məhsuldarlığın azalmasına səbəb olur. Düzdür lobyanın yarpaqları, dik qalmaq və aşağı sallanmaqla işıq rejimini özü nizamlaya bilir. Ancaq uzun sürən kölgəlik və ya buludlu havalar məhvedici təsir göstərir.
Lobyanın növ və sortları günün uzunluğuna eyni münasibət göstərmirlər. Bir sıra sortlar uzun günlərdə də gec çiçəkləyir və meyvə verir. Yalnız günün uzunluğuna reaksiya verməyən yeni seleksiya sortları qaratorpaqlarda yaxşı əkilib becərilə bilir. Sort və formadan asılı olaraq günün uzunluğuna görə lobya bitkisini dörd qrupa ayırırlar:
• Sırf qısa gün bitkisi. Bura Asiya mənşəli (xırda lobya – maş, adi lobya, künclü lobya), Meksikada, Mərkəzi Amerikada, Kolumbiyada, Peruda və başqa bir çox tropik ölkələrdə becərilən adi lobya, çoxçiçəkli lobya və lima lobya sort və formaları daxildir;
• Günün davamına bu və ya digər dərəcədə tələbkar olan, lakin qısagünlülərlə neytrallar arasında qalan bitkilər;
• Qısa günü pis keçirən, lakin neytrallarla uzungünlülər arasında olan bitkilər; İkinci və üçüncü qrup lobyalara Asiya mənşəli tezyetişən sortlar (Qərbi Çinin xırda maş-lobya sortları), Cənubi və Mərkızi Amerikanın dağ rayonlarından gətirilmiş adi lobya sortları və respublikamızın meşə, düzənlik ekotipə aid kol və yarımsarmaşan formalar aiddir.
• Uzun gün bitkisi. Bura isə çoxçiçəkli lobyanın “lopata” sortu, adi lobyanın tərəvəz sortları daxildir.
Lobya bitkisinin istər ayrı-ayrı növlərinin və istərsə də hər növün daxilindəki ayrı-ayrı forma və sortlarının suya ehtiyacı müxtəlifdir. Ümumiyyətlə, lobya bitkisinə vegetasiya dövrünün əvvəllərində az, çiçəkləmədən yetişməyə qədər isə çox su vermək lazımdır. Lobya bitkisi quraqlığa davamlıdır, qönçələməyə qədər su qıtlığına tab gətirə bilir. Başqa dənli paxlalı bitkilərə nisbətən lobya torpağa daha çox tələbkardır. O, yüngül qara torpaqlarda çox yaxşı inkişaf edir, gillicəli, münbit, lazımi qədər kirəcli torpaqlarda lobya yaxşı boy atır və inkişaf edir. Ağır gillicəli və şorakətli torpaqlarda lobya pis boy atır və yaxşı inkişaf etmir. Adi lobyaya nisbətən xırda lobya (maş) və sivriyarpaq lobya torpağın şorluluğuna daha yaxşı dözür.
Torpaqda azot azlığı lobya bitkisinin yarpaqlarının saralmasına, fosfor azlığı isə yarpaqların saralması və qızarmasına səbəb olur. Torpaqda kalsium çatışmadıqda bitkinin yarpaqları saralır və xloroz xəstəliyi baş verir. Molibden mikroelementi çatışmadıqda lobyanın boy atması ləngiyir, həm də məhsul azalır.
Yüksək keyfiyyətli toxum materialı əldə etmək üçün toxumluq sahələrin məhsulunu əl ilə yığıb döymək məsləhətdir. Bu halda xəstə, zəif və xarakterik xüsusiyyətləri olmayan bitkiləri kənar etmək üçün imkan yaranır və nəticədə təmiz, sağlam toxumlar əldə olunur.
Lamiyə Quliyeva
Naxçıvan Müəllimlər İnstitutu
Biologiya üzrə fəlsəfə doktoru,


 

CV YARAT