23 Noyabr 2020

“Badamlı badamın məskənidir”- təcrübəli fermerin tövsiyələri

19 Avqust 2020
148
badamli-badamin-meskenidir-tecruebeli-fermerin-toevsiyeleri

Naxçıvanın Şahbuz rayonunun Badamlı kəndi badamın məskəni kimi öz şöhrətini qazanıb. Burada becərilən badam tingləri hətta ölkəmizin başqa rayonlarınadək yayılıb. Kənddə bu ağacların çoxluğu onu deməyə əsas verir ki, ulularımızın bu yurd yerinə verdiyi “Badamlı badamın məskənidir” adı heç də təsadüfi deyildir. Bu kənddə elə bir ailə tapılmaz ki, onun həyətyanı sahəsində badam ağacı olmasın. Kənddə ən az badam ağacı olan ev ildə 100-200 kiloqram məhsul götürür. Elə kənd sakinləri də var ki, onların nəinki badam ağacları, hətta badam bağları var. Belə kənd sakinlərindən biri də Aydın Rəcəbovdur. Aydın əminin pay torpağında 100-ə yaxın badam ağacı var. İl yaxşı gələndə onlardan 700- 800, hətta 1000 kiloqram məhsul götürür. Ötən payızda isə bağında seyrək olan hissələrdə bərpa məqsədilə yeni tinglər əkib. Aydın əmiylə olan söhbətimiz:
- Nə üçün badam istehsalı daha çox kəndinizə məxsusdur? 
- Badamın hər yeri özünə məskən seçməməsi onun əsas özünəməxsus xüsusiyyətlərindəndir. Kəndimizin iqlimi, suyu, torpağı bu kəndi qədimdən badamın məskəninə çevirib. Kənddə badamın 8-12 növü var. Onlardan buta, daş, kətan köynək, püstə, acı, dənə badam çox məşhurdur. Badamın sortları ləpənin dadı, forması, qabığının qalınlığına görə bir-birindən fərqlənirlər. Hələ qədimlərdən burada ən kiçik həyətyanı sahəsi olan ailələrin də badam ağacları olub. Bu kəndin sakinləri bazardan badam almayıblar, əksinə, həmişə həyətlərində, bağlarında yetişən badam ağaclarının barından pay veriblər, onu sataraq dolanışıqlarını təmin ediblər. Mən də badam ağaclarının sayını artırmaqla ailəmin dolanışığını yaxşılaşdırmışam. Bir ağac, iki ağac əkim deyərkən, böyük bir bağın bağbanı oldum. Ağacları vaxtlı- vaxtında suvardım, gübrə verdim, diblərini boşaltdım. Körpə fidanların nazını çəkdim. Zəhmətim hədər getmədi. Hər il badam ağaclarından topladığım bol məhsuldan yaxşı gəlir götürürəm. Onu da deyim ki, məhsul heç vaxt əlimdə qalmır. İstər rayonda, istərsə də muxtar respublikada keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında müvafiq qiymətə satıram. Hətta alıcı qapıya da gəlir. Badam ağacının əkilməsi üçün xüsusi vaxt tələb olunurmu və necə əkilir? -Badam ağacının əkilməsi üçün ən əlverişli mövsüm payızdır. Payızda əkilən badam ağacı soyuğa qarşı dözümlü olur. Eyni zamanda, payızda əkilən ağacda tozlanma baş verir. İlk əkildiyi il ağacın inkişafı zəif olur. Buna səbəb torpaqdan çıxarılan zaman köklərinin zədələnməsidir. Ona görə də tinglər torpaqdan çıxarılarkən köklərin mümkün qədər az zədələnməsinə diqqət yetirmək lazımdır. Əkdiyimiz birinci il ağacın köklərinin formalaşmasına köməklik etməliyik. Əgər ağac çiçəkləsə, onları qırmaq lazımdır. Belə ki, məhz çiçəklərin meyvə kimi formalaşması zamanı ağac çox gücə düşür. Kökü zəif olan bir ağac üçün bu, məhvedici ola bilər. Yeni əkilən ağacı torpağından asılı olaraq müntəzəm sulamaq lazımdır. Badam işıq sevən bitkidir. Kölgəli yerdə əkilən badamlar inkişafdan qalırlar. Məhsulları az olur. Meyvə bağları salınarkən çalışmaq lazımdır ki, yeni meyvə sortlarının tinglərindən istifadə edilsin. Ting əkilən zaman, əsasən, kökün uc hissəsi bağ qayçısı ilə kəsilib atılmalıdır ki, əlavə və yan köklərin inkişafı güclənsin. Tinglər əkilməzdən əvvəl kökləri suda qalmalıdır. Bu mərhələ köklərin cil atmasına kömək edir. Əvvəlcə ting əkmək üçün torpağı hazırlamaq lazımdır. Torpaq yaxşıca suvarılmalıdır. Əkiləcək tinglər üçün torpaq qazılır. Kökləri çuxurda yerləşdirdikdən sonra torpağı örtüb və üzərinə bir az gübrə əlavə edirik. Daha sonra su veririk. Bu, fidanların torpağa daha möhkəm bağlanmasına şərait yaradacaq. Ancaq onu da yadda saxlamaq lazımdır ki, yeni bağların salınmasında ərazinin torpaq-iqlim şəraiti olduqca əlverişli olmalıdır. Çünki torpaq-iqlim şəraitinə uyğun yetişdirilən ağaclar yaxşı böyüyür və bol məhsul verir. Kəndimizdə badam bağı salmaq üçün toxmacarlıqdan daha çox istifadə olunur. Bəzən şirin badam dənəsindən əmələ gələn tinglərin barı acı olur. Təbabətdə acı badamdan dərman kimi istifadə olunur. Lakin biz bağımızda olan acı badama calaq vurmaqla onu şirin badama çeviririk. Bağbanlar buna “parçalanma” deyirlər. Badam ağacları hansı üsullarla artırılır? -Toxum və göz calağı ilə artırılır. Toxumla artırma calaqaltı yetişdirmək və seleksiya məqsədi daşıyır. Badam üçün calaqaltı olaraq badam toxmacarlarından, qismən isə ərik, alça, şaftalı toxmacarlarından istifadə edilir. Bütün hallarda badam üçün ən yaxşı calaqaltı daşbadam sayılır. Calaq iyul, avqust aylarında aparılır. Bağ salmaq üçün birillik tinglər payızda çıxarılır. Bəs, bu ağacların xüsusiyyətləri barədə nə deyərdiniz? -Uzun illərin təcrübəsinə əsasən bildirmək istəyirəm ki, badam ağacının bir çox xüsusiyyətləri vardır. Bu ağaclar uzunömürlü olurlar. 130 il və daha çox yaşayırlar. Əkilən hər bir körpə ting 4-5 ildən sonra məhsul verməyə başlayır. Badamın meyvələri əsasən avqust-sentyabr aylarında yetişir. Meyvəsinin uzunluğu 2,5-3 santimetr olur. İl mülayim gələndə badam ağacları daha erkən çiçək açır. Məncə, badam ağacının çiçəkləri “qışın oğlan çağı”nda şaxtaya meydan oxuyan yeganə çiçəkdir. Badam ağacı quraqlığa, şaxtaya dözümlü olduğuna görə yayın istisi, bürküsü, qışınsa şaxtası, soyuğu ona bir o qədər də təsir etmir. Buna görə də qışı sərt keçən rayonumuzda, xüsusən də kəndimizdə badam bağlarının salınması məqsədəuyğundur. Badam ağaclarına qulluq göstərməyin yolları barədə də fikirlərinizi öyrənmək istəyərdik? -Badam torpağa çox da tələbkar deyil. Qayalıqda, daşlıqda, qumsallıqda, hətta yüngül gilli torpaqda da bitir. Təkcə tam gilli torpaqlarda və daimi su olan yerlərdə inkişaf edə bilmir. Bu ağaclar mülayim iqlimdə yetişirlər. Xüsusən tropik iqlimlərdə çox məhsuldar olurlar. Badam ağacı quraqlığa davamlıdır, amma quraqlıq onun məhsuldarlığını azaldır. Suvarma az olduqda ilk olaraq yarpaqlar quruyur və tökülür. Yarpaqların tökülməsi isə pöhrələrin inkişafını dayandırır. Məhsuldarlıq kəskin azalır. Məhsul tədarükü zəiflədiyindən, növbəti il də məhsul az ola bilər. 


- Belə bir sual yaranır ki, onda badamın nəyi quraqlığa davamlı oldu?
- Ağacın özü quraqlığa davamlıdır. Quraqlıq olsa da, ağac məhv olmur. Kökdə su yığılmadığı müddətcə suyu sevirlər. Bütün bunlarla qarşılaşmamaq üçün ağacı qədərində suvarmaq lazımdır. Badam ağacı budanma və gübrələnmə ehtiyacı duyur. Meyvə bağlarında yüksək məhsuldarlığa nail olmaq üçün hələ erkən yazdan lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi mühüm şərtlərdəndir. Bu ağacın azota böyük ehtiyacı var. Buna görə də maydan iyun ayına kimi hər dəfə sulama zamanı hər bir ağacın dibinə 100 qram azot verilməlidir. Budama ildə iki dəfə aparılır. Həm payız, həm də yazın əvvəlləri budama üçün ideal vaxtdır. Quru budama tumurcuqlar cücərənədək edilməlidir. Ağaclarda əyilmiş, sıxlıq yaradan zoğlar budanmalıdır. Onu da xüsusi olaraq vurğulayım ki, quru budama aparılarkən meyvə ağacları üzərində bar budaqlarını tanımaq lazımdır. Çünki budaqların üzərindəki tumurcuqlar barlı və barsız olur. Barlı tumurcuqlar şişkin, iri, girdə formada, ucu küt olur. Barsız tumurcuqlar isə budağa kip yapışır, uzunsov formada olurlar.Budama aparılarkən diqqət yetirmək lazımdır ki, meyvə verən tumurcuqlu budaqlar saxlanılsın. Budama elə aparılmalıdır ki, ağacda şah budaq və onun ətrafındakı budaqlara da günəş şüaları düşə bilsin. Ümumiyyətlə, bağçılıqda quru və yaşıl budama işləri hər bir meyvə sortu üçün özünəməxsus qaydada aparılmalıdır. Badam ağacı da digər ağaclar kimi xəstəliklərə, əsasən monolioz, boz çürüntü, müxtləlif zərərvericilərə yoluxur. Monolioza qarşı bordo məhlulu, boz çürüntüyə yoluxan budaqları mexaniki yolla ilk mərhələdə kəsib atmaqla, zərərvericiləri isə ilk mərhələdə yığmaqla mübarizə aparmaq olar. Bütün bu qaydalara əməl etsək, ağaclar da bol məhsulla bizi sevindirər. 
Hicran Əliyeva
naxcivanxeberleri.com
 

CV YARAT