25 Noyabr 2020

Yaşıl yemin heyvanlar üçün əhəmiyyəti nədir?

20 Avqust 2020
162
yasil-yemin-heyvanlar-uecuen-ehemiyyeti-nedir

Yaşıl otun heyvandarlığın inkişafında böyük əhəmiyyəti ondadır ki, o, heyvan orqanizmində asanlıqla həzm olunur və digər yemlərə nisbətən daha tez mənimsənilir. Bu yemin tərkibində mal-qaranın inkişaf etməsi və məhsuldarlığının artması üçün lazım olan və yaxşı həzm edilən zülal, karbohidrat, vitamin və mineral maddələr çox olur. Yaşıl otun zülalları isə tam qiymətli zülallar (amin turşuları) hesab olunur. Bunun üçün çalışmaq lazımdır ki, mal-qara ilboyu çoxlu miqdarda yüksək keyfiyyətli yaşıl ot və şirəli yemlə təmin olunsun. İldə inəklərdən lazımi qədər süd sağan heyvandarlıq təsərrüfatları buna yalnız yaz, yay və payız fəsillərində inəklərə bol miqdarda yaşıl ot və şirəli yemlər verməklə nail ola bilirlər. Yaşıl yemin təşkilində bitkilərin lazımınca seçilməsi əsas şərtdir. Çalışmaq lazımdır ki, bu bitkilər yerli şəraitə uyğun, yüksək yaşıl kütlə verən və eyni zamanda da az su tələb edən bitki olsun. Yaşıl yemlər başqa yemlərdən tərkibində karotinin, vitaminlərin çoxluğu və yaxşı həzməgediciliyi ilə fərqlənir. Onun tərkibində 60- 90 faizə qədər su, bir kiloqramda 150-200 milliqram və daha çox karotin ola bilir. Qaramal onun üzvi maddəsini 75-85 faizə qədər həzm edir. Zərifliyinə və xoşagələn iyinə görə yaşıl yemləri bütün növ heyvanlar yeyirlər. Yaşıl yemlərin əksəriyyəti istər südlük, istər kökəldilən və istərsə də boy inkişafında olan heyvanların bütün qida maddələrinə olan tələbatını ödəyə bilir. Heyvanları daimi yaşıl yemlə yemləmək üçün ərazinin iqlim şəraitinə görə bitki növləri seçilməlidir. Təsərrüfat sahibləri bununla yaxından maraqlanmalıdırlar. Muxtar respublikamızın torpaq-iqlim şəraiti bütün kənd təsərrüfatı bitkilərinin becərilməsinə və onlardan yüksək məhsul alınmasına böyük imkanlar verir. Bundan səmərəli istifadə edilərsə, heyvanları yüksək keyfiyyətli, yaşıl yemlə təmin etmək olar. Məlumdur ki, bitkiçilik sahəsindən alınan məhsul, əsasən, insanların qidalanmasında ərzaq, heyvanların bəslənməsində yem və yüngül sənayedə xammal kimi istifadə olunur. Bunun üçün əlverişli torpaq sahəsi və məhsuldar bitki növləri seçmək lazımdır. Elə torpaq sahəsi seçmək lazımdır ki, bitkiləri vegetasiya ərzində istifadə olunacaq formada su və qida maddələri ilə təmin etmək qabiliyyətinə malik olsun. Heyvanların yaşıl yemə olan tələbatını ödəmək üçün növbəli əkin sistemi təşkil etmək lazımdır. Bu sistem çox böyük əhəmiyyətə malikdir. Növbəli əkini taxılçılıq, yemçilik və tərəvəzçilik istiqamətində təşkil etmək daha məqsədəuyğundur. Bunun üçün elə sələf bitkilər seçmək lazımdır ki, məhsul tez yığılsın və səpinə qədər sahədə lazım olan becərmə işləri optimal müddətdə aparıla bilsin. Bundan əlavə, sələf bitkisi özündən sonra torpaqda müəyyən miqdarda qidalı maddələr saxlamış olsun və torpağın strukturunu yaxşılaşdırsın. Belə sələf bitkilərinə birillik dənli, paxlalı bitkiləri, cərgəarası becərilən taxıl, taxıl fəsiləsinə aid bitkiləri (qarğıdalı, sorqo), tez yetişən kartof, çuğundur sortlarını, bir-iki il istifadə edilən yonca və xaşanı misal göstərmək olar. Növbəli əkin sistemi sayəsində heyvanları otlaqsız saxladıqda bel,onları yaz, yay və payız fəsillərində arası kəsilmədən yaşıl və şirəli yemlərlə təmin etmək mümkündür. Bütün fermer təsərrüfatları yaxşı gəlir əldə etmək, heyvanların məhsuldarlığını artırmaq və eyni zamanda əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsi üçün yaşıl yemin əhəmiyyətinə çox ciddi fikir verməlidirlər.
Gülgəz Məmmədova
Naxçivanxeberleri.com


 

CV YARAT