18 Sentyabr 2021

Yovşan - parazit qurdların qənimi

24 Avqust 2020
yovsan-parazit-qurdlarin-qenimi

Hələ keçmiş zamanlardan sahibkarlar baytarlığın kifayət qədər inkişaf etmədiyi dövrlərdə belə heyvandarlıqda xəstəliklərə qarşı mübarizədə xalq-müalicə üsullarında dərman bitkilərindən istifadə etmişlər. Belə bitkilərdən biri də müalicəvi xüsusiyyətlərinə görə baytarlıqda geniş iştifadə olunan yovşan bitkisidir.
Yovşan çöl bitkisi olub, mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Azərbaycanda yovşan bitkisinin 16 növü yayılmışdır. Bunlardan adi yovşana mülayim iqlimə malik qurşaqların hər yerində rast gəlinir. Muxtar respublika ərazisində yabanı halda yol kənarlarında, çay və göl sahillərində yayılıb. Həmçinin yovşandan quru halda ədviyyat kimi də istifadə olunur. Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda becərilir. Yovşanın tərkibində kifayət qədər efir yağı, flavonoid, kumarin, sekviterien laktonları, absintin, anabsintin, artabsin, xamazulin, vitaminlər, üzvi turşular, şəkər, selikli və az miqdarda alkoloidli maddələr vardır. Tərkibində efir yağının olması onun qurdqovucu, valerian turşusunun olması sakitləşdirici, fenol birləşmələrinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini göstərir. Tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin olduğundan tibbdə bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Acı yovşanın tərkibində əsas təsiredici maddə efir yağlarıdır. Efir yağı göy və ya tünd-yaşıl rəngdə, acı, duru mayedir. Efir yağının tərkibində tuyil spirti, tuyon, pinen, kadinen, fellandren, kariofillen, selinen, bizabolen, kurkumen və sair maddələr var. İsti havada ətrafa daha çox efir yağı ifraz edir. Buna görə də yay aylarında heyvanlar onu az yeyirlər.

Yovşanın əsas xüsusiyyətlərindən biri parazit qurdlarına qarşı öldürücü təsirə malik olmasıdır. Acı yovşandan taun xəstləyinə, qurd xəstəliklərinə və dəri parazitlərinə qarşı dərman vasitəsi kimi istifadə olunur. Yovşan mərkəzi sinir və qanyaradıcı sistemin fəaliyyətini artırır, asteniya, zəiflik, anemiya və epilepsiya kimi xəstəliklərin müalicəsində istifadə edilir. Tərkibində hərarətsalıcı və öskürəkkəsici maddələr olduğundan temperaturla müşayiət olunan malyariya, qrip və kəskin respirator xəstəliklərinin profilaktika və müalicəsində istifadə edilir. Xalq təbabətində may ayında yovşanın toplanmış hissələrini qaynatmaqla əldə olunmuş məlhəmdən titrətmə, qusma, ishal, sarılıq, bədən boşluğuna yığılmış mayelərin və bir sıra bağırsaq xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. Yovşan bitkisinin arıçılıqda da böyük əhəmiyyəti vardır. Belə ki, arıların parazitar xəstəliyi olan nozematozda geniş istifadə olunur. Yazda əmələ gələn yovşanın xırdalanmış yarpaqları və cavan zoğlarının 10 qramının üzərinə 100 ml su, yaxud spirt əlavə edilir. 3 gündən sonra cövhər arıların yedizdirilməsi üçün istifadə edilir. Nozematoza olan şübhəli ailələrə 0,5 litr miqdarında hazırlanmış şərbət verilir. Şərbətin içərisinə bir xörək qaşığı yovşan əlavə edilir. Şirə arılara 3-4 dəfə, 5-7 günlük intervalla verilir. Həmçinin nozematoza qarşı acı yovşan urotropinlə birlikdə də istifadə edilir. Birinci yemləmədə arı ailəsinə 0,5 ml təmiz qənd şərbəti verilir. İkinci yemləmə urotropin qatılmış 100 qram şərbətlə hər çərçivəarası arıya verilir. 1:1 nisbətində hazırlanmış qənd şərbətinin 1 litrinə bir həb (0,5 qram) urotropin qatılır. Üçüncü dəfə hər çərçivəarası arıya yovşan cövhərindən hazırlanmış 1200 ml şirə verilir. Yemləmə aralarındakı fasilə 3 gündür və 3 dəfə təkrar edilir. Yovşan bitkisinin heyvandarlıq və arıçılığın inkişafında xüsusi əhəmiyyəti vardır.
Rübabə Hüseynzadə


 

CV YARAT