25 Yanvar 2021

Heyvanların saxlanması, yetişdirilməsi QAYDALARI

10 Sentyabr 2020
180
heyvanlarin-saxlanmasi-yetisdirilmesi-qaydalari


2.1. Heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatlarına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı hasarlanmalı və  yaşıllaşdırılmalıdır.
2.2. İri maldarlıq, qoyunçuluq, donuzçuluq , quşçuluq və s. təsərrüfatlarda heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması üçün yaradılan fermalar bir-birindən təcrid olunmuş şəkildə 2 şöbədən -istehsalat və təsərrüfat şöbələrindən ibarət olmalıdır.
İstehsalat şöbəsində qaramal saxlanan tövlələr, qoyun, donuz və quş damları, təsərrüfat şöbəsində isə yem anbarı, yem sexi və başqa heyvandarlıq obyektləri, o cümlədən baytarlıq məntəqəsi yerləşdirilir.
2.3. Yeni tikilən heyvandarlıq obyektləri heyvanlar yerləşdirilməmişdən əvvəl təmizlənməli və dezinfeksiya edilməlidir.
2.4. Müxtəlif növ heyvanların və quşların, eləcə də ayrı-ayrı yaş qrupuna aid heyvanların bir yerdə saxlanmasına yol verilməməlidir.
2.5. Heyvanların sağlam və gümrah olması, onlardan yaxşı çəki artımı, keyfiyyətli ət,süd məhsulları əldə edilməsi məqsədilə onlar hava cərəyanı yaxşı olan binalarda saxlanmalı, binanın içi və ətrafı vaxtaşırı təmizlənməklə ağardılmalı, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır.
2.6. Heyvanlar keyfiyyətli yemlərlə və içməli su ilə təmin edilməlidirlər.
2.7. Stasionar şəraitdə saxlanan heyvanlar, xüsusilə boğaz heyvanlar hər gün gəzintiyə buraxılmalıdır.
2.8. Otlaq şəraitində saxlanan heyvanlar vaxtaşırı qan parazitar xəstəliklərinə görə işlənməlidir.
2.9. Heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək məqsədilə yeni qəbul  edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla, epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra   ümumi heyvanlar qrupuna daxil edilməlidir.
2.10. Karantin müddətində yeni gətirilən heyvanlar arasında hər hansı bir xəstəlik aşkar edilərsə, bu barədə ərazinin dövlət baytarlıq orqanına təcili məlumat verilməlidir və əhalinin, eləcə də heyvanların sağlamlığına təhlükə yaradan heyvanların zərərsizləşdirilməsi təmin edilməlidir.
2.11. Hər hansı bir səbəbdən (infeksiyadan başqa) heyvan saxlanan binalar boşaldılarsa, onlar təmizlənib dezinfeksiya, lazım gəldikdə dezinseksiya və deratizasiya edildikdən 5 gün sonra yeni heyvanlar qrupu ilə komplektləşdirilə bilər.
2.12. Ayrı-ayrı heyvanların sağlamlıq durumunun və maddələr mübadiləsinin vəziyyətini müəyyənləşdirmək məqsədilə onlar planlı şəkildə ildə iki dəfə (yazda və payızda) dispanserizasiyadan   keçirilməlidir. Belə ki, kliniki müayinə, qanın, sidiyin, südün və s. laboratoriya analizləri aparılmalı, yemlənmə və saxlanma şəraitləri öyrənilməli, doğub-törəməyə yaramayan heyvanlar  çıxdaş edilməlidir.
2.13. Tibbi müayinədən keçməyən, vərəmlə xəstə, eləcə də bədənlərində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara qulluq etməsinə icazə verilmir.
2.14. Heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi  şəxslər onları həddindən artıq istismar etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməlidir.
2.15. Heyvanların növlərindən asılı olmayaraq naxır, sürü və vətəndaşlara məxsus qruplarda saxlanan heyvanlar yalnız sağlam heyvanlardan komplektləşdirilməlidir, onların hər hansı məqsəd üçün istifadəsi baytar işçilərinin nəzarəti altında həyata keçirilməlidir.
2.16. Heyvanların kəsimini aparmaq üçün xüsusi şəraiti olan yerlər (kəsim sexi və s.) təşkil edilməli, baytarlıq xidməti işçilərinin icazəsi olmayan və ekspertizadan keçirilməyən ət, süd məhsullarının, eləcə də xammalın satılmasına yol verilməməlidir.
2.17. Yüksək məhsuldar və sağlam heyvanlar, o cümlədən quşlar , arı ailələri yetişdirmək və sanitariya baxımından sağlam məhsul əldə etmək üçün zoobaytarlıq elminin  yeni nailiyyətlərindən, qabaqcıl təcrübədən istifadə edilməli, damazlıq işlərinə ciddi fikir verilməli və mütəmadi olaraq seleksiya işləri aparılmalıdır.
2.18. Bu Qaydaların yerinə yetirilməsində məsuliyyət heyvan sahiblərinin, görülən tədbirlərə nəzarət edilməsi isə dövlət baytarlıq orqanlarının üzərinə düşür.
(Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların  saxlanması, yetişdirilməsi və istifadə olunması” QAYDALARI)

"Aqrobiznes" 
 

CV YARAT