25 Yanvar 2021

Dekorativ ağac, kol və ot bitkilərinin ziyanvericiləri, xəstəlikləri

13 Sentyabr 2020
148
dekorativ-agac-kol-ve-ot-bitkilerinin-ziyanvericileri-xestelikleri

Dekorativ məqsədlə becərilən ağac, kol və ot bitkilərində bir sıra ziyanverici həşəratlar və xəstəliktörədicilər yayılmışdır. Onlar bitkilərin yarpaq və çiçəklərini zədələyərək eybəcər şəklə salır və bitki dekorativ görkəmini itirir. Ona görə də dekorativ bitkilərin becərilməsi sahəsində xəstəlik və ziyanvericilərə qarşı mübarizə ən vacib tədbirlərdən biridir. 
Naxçıvan Muxtar Respublikasının landşaft memarlığında becərilən dekorativ bitkilərin çox hissəsi son illər xaricdən – müxtəlif ölkələrdən gətirilir. Bunu bir nəfər və ya bir təşkilat deyil, müxtəlif peşə sahibləri, ayrı-ayrı şirkətlər həyata keçirir. Bir sözlə hər kim bacarırsa xaricdən bitki gətirə bilir. Belə olan halda karantin tədbirlərinə tam riayət olunmur və təbii ki, həmin bitkilərlə bərabər bir çox ziyanverici və xəstəliktörədicilər də ölkəyə daxil olur. Bu səbəbdəndir ki, son illər elə zərərverici və xəstəliklər peyda olub ki, onlar indiyədək respublikanın heç bir yerində müşahidə olunmayıb. Məhz bu səbəbdən dekorativ bağçılıqda ziyanverici və xəstəliklərlə mübarizə daha artıq diqqətdə saxlanılmalıdır. Ən geniş yayılmış ziyanvericilərdən yastıcaların bir çox növlərini, mənənələri, Amerika ağ kəpənəyini, tor gənələrini və sitrus ağqanadlısını, xəstəliklərdən isə fuzariozu, unlu şehi, pası və bir çox bakterial xəstəlikləri göstərmək olar. Qeyd etdiyimiz kimi, dekorativ bağçılıqda həmin ziyanverici və xəstəliktörədicilərin yayılmasının bir səbəbi karantin tədbirlərinə (sağlam əkin və səpin materialının əldə olunması) düzgün riayət olunmamasıdırsa, digər səbəbi də aqrotexniki qaydaların düzgün aparılmamasıdır. Kökü yumrulu, soğanaqlı-yumru və soğanaqlı dekorativ bitkilər (dağlalələri, sünbülçüçəyi, süsənlər, zəfəran və b.) tez-tez və çoxlu su norması ilə suvarıldıqda, alaq otlarını vaxtında təmizləmədikdə, dibləri yumşaldılmadıqda, onlarda bakterial xərçəng (kök və ya kök boğazı çürüməsi) xəstəliyi əmələ gəlir. Belə hal müşahidə edildikdə xəstə bitkilər dərhal sahədən kənarlaşdırılaraq, ərazi mis kuporosu məhlulu ilə dezinfeksiya olunmalıdır. Yəni, aqrotexniki və karantin tədbirlərinə düzgün riayət olunmadıqda, bitkilər ziyanvericilərə və xəstəliklərə daha tez tutulur və kimyəvi preparatların tətbiqinə zərurət yaranır.
Dekorativ bitkilərin əsas zərərvericisi sayılan mənənəyə bitki biti də deyilir. Yağmurlu yaz aylarında demək olar ki, əksər bitkilərdə müşahidə olunur. Cavan yarpaqları və zoğları daha çox zədələyir. Həşərat sirayətlənmiş yarpaq və zoğlar qıvrılıb bükülür və inkişafdan qalır. Bitkidə mənənənin olmasını ilk nişan verən qarışqalar olur. Yəni, hansı bitkidə çoxlu sayda qarışqalar görünsə, deməli artıq orada mənənələr bitkiyə ziyan vurmaqdadırlar. Mənənə sirayətlənmiş bitkilərin yarpaq və budaqları qara, hisəbənzər örtüklə örtülür və uzun müddət (bir ilə qədər) bitki bu şəkildə qalır, dekorativliyi itir. Ən çox qızılgülə, petuniyaya (tənbəkiçiçəyi), payızgülünə (xrizantema), hind yasəməninə, tekomaya, otaq bitkilərindən çin qızılgülünə, sitruslara və b. ziyan vurur.
Sitrus ağqanadlısı – çox xırda, ağ və ya sarımtıl rəngli kəpənəklərdir. Bitkinin yarpaqlarının alt hissəsində məskən salır, yarpaq şirəsi ilə qidalanmaqla onun görkəmini pisləşdirir və qurudaraq tökülməsinə səbəb olur. Ən çox limon, çin qızılgülü, lantana, fuksiya və b. bitkilərdə müşahidə olunur.
Torlu gənə – adi gözlə çətin görünən, əsasən yarpağın alt hissəsində yaşayan və yarpaq şirəsi ilə qidalanan xırda həşəratdır. Koloniya halında yaşamaqla, özlərinə tor quraraq mühafizə olunurlar. Çox sürətlə çoxalırlar. Xüsusilə isti havalarda və istixanalarda bitkilərə çox ziyan verirlər.
Yastıcalar – dekorativ məqsədlə becərilən bitkilər üzərində bir çox yastıca növləri – qalxanlı yastıcalar, unlu yastıcalar və b. geniş yayılmışdır. Onlar ağ, şabalıdı, boz rəngli olub, əl ilə sıxdıqda qanabənzər maye çıxır. Əvvəlcə yarpaq üzərində əhəng ləkələrinə bənzər ulduzcuqlar müşahidə olunur. Sonra isə sürətlə çoxalaraq bitkinin bütün orqanlarına yayılır, tək-tək və koloniya halında qidalanaraq bitkini zəiflədir. Qeyd olunan bu zərərvericilər – yəni, mənənələr, yastıcalar, gənələr, ağqanadlılar hamısı deşib-soran ağız aparatına malik həşəratlardır. Ona görə də bunlara qarşı kimyəvi mübarizə məqsədilə sistem təsirli preparatlardan istifadə olunmalıdır. Konfidor, hekplan, desis, avantaj, sumialfa və b. preparatların 0,1-0,3%-li məhlullarını çiləməklə effekt əldə etmək olar. Qeyd etmək lazımdır ki, dərmanlama işləri zərərvericinin inkişafının ilk mərhələsində aparılmalıdır. Gecikdirildikdə zərərvericilər özlərinə müdafiə vasitələri yaratmaqla müdafiə oluna bilirlər və dərmanlamanın səmərəliliyi aşağı düşür.
Qeyd olunan zərərvericilərdən əlavə bitkilərə dəyişik ipəksarıyan, qış qarışçısı, Amerika ağ kəpənəyi, may böcəyi və başqaları da zərər verir. Onlarla mübarizə digər həşəratlarda olduğu kimidir.
Dekorativ bitkilərin xəstəlikləri: 
Bitkilər bir sıra səbəblərdən xəstələnir:
1. Mikroorqanizmlər, bakteriyalar, viruslar və göbələklər tərəfindən;
2. Aqrotexniki tədbirlərin vaxtlı-vaxtında və düzgün aparılmaması;
3. Torpaq məhlulunda bəzi qida elementlərinin çatışmaması;
4. Ekoloji amillərin bitkilərə mənfi təsiri.
Dekorativ bağçılıqda hal-hazırda ən çox müşahidə olunan fuzarioz, pas, unlu şeh, yarpaqlarda qara ləkəlik xəstəlikləridir. Fuzarioz – solma və ya kök boğazı çürüməsi xəstəliyi də adlanır. Bu xəstəlik bir sıra parazit göbələklər tərəfindən törənir. Ağac və kol bitkilərinin şitillərində, soğanaqlı bitkilərin soğanlarında və digər ot tipli bitkilərdə müşahidə olunur. Xəstə bitkinin yarpaqları saralır, sonra isə bütün bitki solaraq quruyur. Solmaqda olan bitkini (şitilləri) torpaqdan çıxarıb kökünə baxdıqda, kök boğazının nazilərək quruduğu görünür. Rütubətli, ağır torpaqlarda xəstəlik daha sürətlə inkişaf edir. Bu xəstəliyə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün əkin, səpin yerini dəyişdirmək, həmin yerə 3-4 il başqa bitki əkmək, toxumları səpindən qabaq 1:400 nisbətində formalinlə islatmaq, xəstəlik müşahidə olunan sahədə bitkiləri 0,4%-li Bordo məhlulu ilə 10-15 gündən bir 2-3 dəfə çiləmək, xəstə bitkiləri sahədən kənarlaşdırmaq.
Pas xəstəliyi – bir neçə növ göbələk tərəfindən törənir. Yarpaqların üst tərəfində narıncı və ya qırmızı, paslı ləkələr əmələ gəlir və güclü inkişaf etdikdə yarpaqları, cavan zoğları qurudaraq bitkinin inkişafını ləngidir. Xəstəlik rütubətli illərdə və ərazilərdə daha çox təsadüf edir. Xəstəlik intensivləşdikdə (erkən yazda) 1%-li Bordo məhlulu ilə 10-12 gündən bir 2-3 dəfə çiləmə aparılmalıdır. Qeyd olunan xəstəliklərdən başqa dekorativ bitkilərdə unlu şeh, bakterioz, xloroz xəstəlikləri də az hallarda müşahidə edilir.
Ən önəmli cəhətlərdən biri budur ki, bitkilərə düzgün, kompleks aqrotexniki qulluq göstərməklə, onların normal böyümə və inkişafı təmin olunduqda bitkilər az hallarda xəstələnir. Aqrotexniki tədbirlər kompleksinə aşağıdakılar daxildir:
1. Xarici görünüşcə sağlam, zədəsiz, illik böyümə gücü normal olan əkin materialı əldə etmək;
2. Səpin üçün sağlam və etibarlı mənbələrdən əldə olunmuş toxumlardan istifadə etmək;
3. Bitkinin əkin və səpin vaxtlarına düzgün əməl etmək;
4. Bitkilərin suvarılma rejiminə daimi riayət etmək;
5. Əsas bitkinin (və ya bitkilərin) becərildiyi ərazilərdə başqa bitkilərin (öz-özünə əmələ gəlmiş bitkilərin) qarşısını almaq;
6. Qurumuş və xəstə bitkiləri vaxtında ərazidən çıxarmaq;
7. Ərazidə çox sıxlıq olmaması üçün mütəmadi olaraq sıxlıq yaradan bitkiləri və ya budaqları kəsərək kənarlaşdırmaq;
8. Növbəli əkin sistemi tətbiq etmək.
Aqrotexniki tədbirlər kompleksi bitkilərin zərərverici və xəstəliklərlə yoluxmaması üçün qabaqlayıcı tədbirlərdir. Yəni, bütün yuxarıda qeyd etdiyimiz tədbirlər tam həyata keçirildikdən sonra da bitkidə xəstəlik müşahidə olunarsa, o halda xəstəliyin mənşəyini müəyyən etməklə, müvafiq dərmanlardan istifadə olunmalıdır.
Dərman preparatlarından istifadə qaydaları:
1. Dərman preparatlarlarından hazırlanmış bütün məhlullar 24 saat müddətində istifadə olunub qurtarmalıdır;
2. Tozlama halında istifadə olunanlar (məs. kükürd tozu) səhər saatlarında, çiləmə halında istifadə olunanlar isə axşam saatlarında tətbiq olunmalıdır;
3. Çiləmə və tozlama zamanı çalışmaq lazımdır ki, dərman yarpaqların əsasən alt hissəsinə dəysin;
4. Çiləyici aparatın ucluğu elə nizamlanmalıdır ki, məhlul duman şəklində püskürsün;
5. Çiləyici və tozlayıcının ucluğu bitkidən 0,5-1,0 m məsafədə saxlanılmalıdır;
6. Küləkli, yağmurlu və qızmar günəşli (günorta saatlarında) vaxtlarda, və çiçəkləmə dövründə dərmanlamaq məsləhət deyil;
7. Dərmanlama apardıqdan sonra yağış yağarsa, yağış kəsdikdən və yarpaqlar quruduqdan sonra dərmanlama təkrar aparılmalıdır;
8. Torpaq zərərvericilərinə qarşı zəhərli aldadıcı yemlər günün axşam saatlarında qoyulmalı və səhərlər yığışdırılmalıdır;
9. Dərmanlarla ancaq səriştəsi olan bağbanlar, təhlükəsizlik tədbirləri keçmiş işçilər, sahə mütəxəssisləri işləməlidir;
10. Yadda saxlamaq lazımdır ki, xəstəlik və ziyanvericilərə qarşı istifadə olunan bütün dərmanlar (pestisidlər) insan sağlamlığı üçün də təhlükəlidir. Bu səbəbdən pestisidlərlə iş ərəfəsində xüsusi mühafizə geyimlərindən istifadə olunmaqla iş qurtardıqdan sonra işçi yaxşıca yuyunmalı və dərhal təmiz hava olan ərazilərdə dayanmalıdır.
Lamiyə Quliyeva
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi 

CV YARAT