25 Noyabr 2020

Buğdadan sonra ikinci bitki: çəltik

16 Sentyabr 2020
71
bugdadan-sonra-ikinci-bitki-celtik

Bitkilər insanların ən qiymətli qida mənbələrindəndir. Bəzi bitkilər var ki, əhəmiyyət dərəcəsinə görə əvəzedilməzdirlər. Belə bitkilərdən biri də çəltik (düyü) bitkisidir. Demək olar ki, Yer üzərində yaşayan əhalinin təqribən yarısı düyü ilə qidalanır. Çəltik əkin sahəsinə görə bütün kənd təsərrüfatı bitkiləri içərisində buğdadan sonra ikinci yeri tutur. Düyü insan orqanizmi üçün lazımlı qida maddələri ilə zəngindir. Bu bitkinin tərkibində 12,2% su, 6,4% azotlu maddələr, 2,1% yağ, 69,3% azotsuz ekstrativ maddələr, 6,5% oduncaq və 3,5% kül var. Düyünün tərkibində olan maddələrin miqdarından da görünür ki, onun tərkibində nişasta çox, zülal isə azdır.
Düyünün dənindən ən çox yarma hazırlanır. Düyüdən hazırlanmış yarma yaxşı qidalı, dadlı, müalicəvi, pəhriz keyfiyyətli, asan həzm olunan və mədə tərəfindən yaxşı mənimsənlən məhsuldur. Düyünün sortundan, formasından, irili-xırdalığından asılı olaraq onun emalı vaxtı müxtəlif yarma növləri alınır. Onlar özlərinin spesifik formaları ilə fərqlənirlər. Düyü yarmasından müxtəlif qida məmulatı, özəyindən isə vitaminlər alınır, müalicə məqsədi üçün ondan müxtəlif preparatlar hazırlanır. Düyüdən alınan texniki yağlardan sabunbişirmədə və şam istehsalında istifadə olunur.
Nadir hallarda düyüdən un alınması üçün istifadə edilir. Alınan un heyvanlar üçün qarışıq yemlər hazırlanmasında istifadə olunur. Düyü müəyyən miqdarda nişasta, düyü pudrası, spirt, pivə almaq üçün də istifadə edilir. Düyünün yarma və un emalı zamanı əmələ gəlmiş tullantıları heyvanların yemləndirilməsində mühüm rol oynayır. Çəltiyin samanı heyvanların yemləndirilməsində, həmçinin jımıx və kökümeyvəlilərlə qarışdırılaraq qış aylarında otun əvəzinə istifadə olunur, bəzən isə bu samandan silos hazırlanmasında istifadə edilir. Həmçinin çəltiyin samanı kağız, şlyapalar, kisələr, səbətlər və başqa hörmə əşyaların hazırlanmasında işlədilir.
Düyü həm də milli mətbəximizi bəzəyən bəzi xörəklərinin əvəzolunmaz məhsullarındandır. Azərbaycanın milli mətbəxi olduqca zəngin və rəngarəngdir. Düyü ilə hazırlanan milli yeməklərimiz isə dünya şöhrətlidir. Bundan əlavə düyü nişastasından müxtəlif şirniyyat növlərinin hazırlanmasında da geniş istifadə olunur.
Çəltiyin vətəni Asiyadır. Çəltiyin ilk dəfə Asiya ölkələrində becərilməsi (Cənub-Şərqi Asiya, İndoneziya, Çin) onun bu ölkələrdə külli miqdarda növ müxtəlifliyinin olması ilə izah edilir. Hindistanın bütün ilahi yazılarında çəltiyin adı çəkilir. Becərilən çəltik birillik ot bitkisi olaraq taxıllar ailəsinin tarla çəltiyi növünə aiddir. Çəltik (Oruza Sativa) bitkisi dəninin uzunluğuna görə 2 yarım növə ayrılır: 1) adi çəltik – dənin uzunluğu 6 mm-ə qədər; 2) gödək dənli - dənin uzunluğu 4 mm. Mədəni əkinçilikdə hər iki yarım növ – adi və gödək dənli çəltiklər geniş yayılmışdır. 
Qeyd etmək istəyirəm ki, milli mətbəximizin ən ləziz təamlarının hazırlanmasında hər iki növ düyüdən geniş şəkildə istifadə edilir.
Aqroekoloji xassələrinə görə çəltiyin tarixi yaranma bölgələri subtropik və tropik olduğuna görə, istiyə çox tələbkardır. Ancaq çəltiyin normal boy və inkişafı üçün temperatur həddi becərilmə coğrafiyasından, torpaq-iqlim şəraitindən və sortların bioloji xüsusiyyətlərindən asılı olaraq geniş miqyasda dəyişir. Çəltik üçün vegetasiya ərzində optimal temperatur həddi 24-dən 30°C-ə qədərdir. Azərbaycanda çəltik vegetasiya müddətində 21-23°C hüdudunda temperatur optimal hesab edilir. Çəltik nəmişliyə çox tələbkardır. Çəltiyin mütləq sulanması xüsusiyyəti onun tropik və subtropik ölkələrdə məhz çox suyu olan çayların vadilərində geniş becərilməsinə səbəb olmuşdur. Bu xüsusiyyətini nəzərə alaraq çəltik sahələrini suya basdırmaq tövsiyələri geniş yayılmışdır. Bu çəltiyin torpaq nəmişliyinə göstərdiyi fizioloji tələblərə tam uyğun gəlir və onun qida maddələri ilə tam təminatı həyata keçirilir. Çəltik torpaq nəmişliyinə müxtəlif dərəcədə təlabat göstərir. Belə ki, bəzi çəltik növləri sahənin uzun müddət su altında olmasını, bəziləri isə vaxtaşırı su altında olmasını tələb edir. Çəltik üçün ən yaxşı torpaqlar çay vadilərində turş, bataqlaşmış və güclü duzlaşmış torpaqlar hesab edilir. Çəltik sahəsində torpağın işlənməsində nəzərə almaq lazımdır ki, vegetasiya ərzində sahə uzun müddət su altında olduğuna görə torpağa havanın daxil olması çətinləşir. Ona görə də torpaqda torpaqda zərərli birləşmələrin toplanmasına səbəb olur. Çəltik sahəsinin torpaqlarının xüsusiyyətlərini yaxşılaşdırmaq və orada faydalı mikroorqanizmlərinn həyat fəaliyyəti üçün optimal şərait yaratmaq məqsədilə torpağın dərin şum olunması çox zəruridir.
Torpağın səpinqabağı yaxşı işlənməsi həm çəltik üçün, həm də çəltik ilə növbələşən bitkilər üçün böyük əhəmiyyət kəsb edir. Səpinqabağı torpağın işlənməsində əsas məqsəd torpağı yaxşı yumşaltmaqdan və onun səthinin hamarlanmasından ibarətdir. Səpinqabağı torpağın işlənməsi zamanı alaqların çoxunu məhv edir. Səpinə 1-2 gün qalmış sahədə dişli katokların çəkilməsi əhəmiyyətli hesab olunur. Çünki bunun nəticəsində səpinin dayaz aparılması mümkün olur və suvarma suyunun filturizasiyası azalır. Xam torpaqları da dərin şumlamaq lazımdır.
Çəltik bitkisi gübrəyə çox tələbkardır, xüsusilə suvarılan sahələrdə bu tələbkarlıq daha da yüksək olur. Bu zaman nəzərə almaq lazımdır ki, çəltiyin kök sistemi zəif boyatma xüsusiyyətinə malikdir və gübrələrdən istifadə əmsalı çox zəifdir. Çəltik üçün azot gübrəsi çox əlverişlidir. Kollanmaya qədər çəltik torpaqdan bütün vegetasiya ərzində istifadə olunacaq azotun ¼-ni, çox az miqdarda fosfor turşusunu və 15-20% kalium oksidi qəbul edir. Süpürgə açan zaman çəltik torpaqdan 90% azot və kalium gübrələrini tam mənimsəyir, fosforu isə kollanma və çiçəkləmə fazasında qəbul edir. Çəltiyin məhsuldarlığına mineral gübrələrlə yanaşı üzvi gübrələr, o cümlədən peyin, yaşıl gübrələr də müsbət təsir göstərir.
Səpinqabağı toxum təmizlənir. Səpin materialında çılpaq və zədələnmiş dənlər olmamalıdır, çünki səpindən sonra tarla şəraitində onlar çıxış vermirlər. Toxum materialı alaq otlarının toxumlarından və qılçıqlardan təmizlənməlidir, çünki bunların hər ikisi maşınlarla səpinin normal getməsinə mane olurlar (toxum keçən boruda toxumun qabağını tuturlar). Bir çox təsərrüfatlarda toxumu səpinqabağı ammonium sulfatın 35-40%-li məhlulunda isladırlar ki, toxum azotla yaxşı təmin olunsun. Bu da məhsuldarlığın xeyli artmasına səbəb olur. Belə toxumları səpinə qədər 5-7 gün saxlamaq olar, çünki yüksək nəmişlik şəraitində onlar isinə bilər və cücərmə qabiliyyətini itirər. Bəzən cücərmiş (2-3 mm) toxumlar səpində istifadə olunur, ancaq toxumların səpici aparatdan yaxşı keçməsi üçün onları yüngülcə qurudurlar. Cücərmiş toxumlar tarlada 5-7 gün tez çıxış verirlər və dənin yetişməsi quru toxum səpininə görə bir həftə tezləşir. Çəltik toxumlarının cücərməsi üçün istilik 13°C-dən aşağı olmamalıdır. Torpağın və suvarma suyunun istiliyi 14-16°C-yə çatanda kütləvi səpin başlanır. Çəltik toxumunun 2 cür səpin üsulu var: cərgəli və dağınıq səpin üsulu. Cərgəli üsulda toxumların səpin dərinliyi 1,5-2 sm-dir. Dağınıq səpin zamanı bəzən səpin ləklər su ilə doldurulduqdan sonra aparılır. Səpin norması səpin vaxtından, səpilən sortun bioloji xüsusiyyətlərindən, ləkin hamar olmasından asılı olaraq hesablanır.
Çəltiyin şitil üsulu ilə becərilməsinin bir neçə üstünlükləri vardır: bu, torpağın bir qədər intensiv becərilməsini artırır; alaq otları və zərərvericilərlə mübarizəni yüngülləşdirir və həmin çəltik bitkisinin kök sisteminin inkişafını yaxşılaşdırır və onlar yaxşı kollanır; suvarılma suyuna qənaət olunur, çünki şitillik ümumi sahənin 1/10-ni tutur; həmin ildə başqa bitkilərin əkilib becərilməsinə imkan verir. Ona görə də şitil üsulu ilə çəltik bitkisinin gecyetişən sortlarının becərilməsində çox səmərəli olur.
Hal-hazırda çəltik bitkisinin becərilməsində 3 cür suvarma üsulu mövcuddur: 1) həmişə su altında; 2) qısa müddətli suya basdırma; 3)vaxtaşırı suya basdırma. Ən qədim və çox yayılmış suvarma üsulu çəltiyin səpinindən dərhal sonra suya basdırmaq və vegetasiyanın axırına qədər sahəni su altında saxlamaqdır. Qısa müddətli suya basdırmada səpindən kütləvi çıxışa qədər çəltik sahəsi suvarılmır. Kütləvi çıxışdan sonra sahədə suyun səviyyəsi tədricən artırılır və 5-7 sm-ə çatdırılır.
Çəltiyin yetişməsi sortun bioloji xüsusiyyətlərindən, hava şəraitindən, rayondan və aqrotexnikadan çox asılıdır. Məhsul yığımı çəltiyin yetişməsi ilə yanaşı, başqa şəraitlərdən (sahənin maşınla yığıma hazırlamaqdan, ləklərin qurudulmasından, ləklərin tirələrindən və arakəsmələrdən azad olmağından və s.) də çox asılıdır. Məhsulun yığımı dənlərin tam yetişməsindən sonra həyata keçirilir. Yetişməmiş yığılan məhsulda dənlər tam dolmamış olur, kiçik, cılız qalır və nəticədə dənin çəkisi nisbətən yüngül olur. Çəltiyin biçilməsi ilə döyülməsi arasındakı müddət 5 sutkadan çox olmamalıdır. Unutmayaq ki, bu müddətin uzanması dənin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Lamiyə Quliyeva
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi 
 

CV YARAT