3 Dekabr 2020

Heyvanlarda qarayara xəstəliyi

23 Sentyabr 2020
70
heyvanlarda-qarayara-xesteliyi

Heyvanların qarayara xəstəliyinə qarşı profilaktik peyvənddən yayındırılması insanların özlərinin və heyvanlarının xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər.
Torpaq infeksiyası olan qarayara kəskin yoluxucu xəstəlik olub, septisemiya, müxtəlif böyüklükdə karbunkullar əmələ gəlməsi və ağır intoksikasiya ilə özünü göstərir. Qarayaranın baş verməsi nəticəsində təsərrüfatlara böyük iqtisadi zərər dəyir. Təbii halda xəstəliyə iri və xırdabuynuzlu heyvanlar, dəvə, at, maral və başqa heyvanlar həssasdırlar. Bundan başqa bir çox vəhşi heyvanlar da xəstəliyə tutulur. Qarayaraya insanlar da həssasdır.
Heyvanlarda xəstəlik çox vaxt itigedişli və ildırımvari gedişli olur, ölüm qısa zaman ərzində baş verə bilir. Qarayarayadan tələf olan heyvan cəsədi çox tez köpür, bütün təbii dəliklərdən qanlı köpük axır, selikli qişalar göyərir, qan sızmaları görünür, dərialtı toxuma şişkinləşir. Qan tünd rəngli, qatı və laxtalanmamış olur.
Hal-hazırda kənd təsərrüfatı heyvanlarının xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrinin (vaksin) alınması təmin edilib. Belə ki, əvvəllər qarayara xəstəliyinə qarşı Şt-55 vaksininin quru forması işlədilirdi ki, bu zaman da onun istifadə olunmasında biotəhlükəsizlik tələblərinə riayət olunması çətinlik yaradırdı. Bunu nəzərə alaraq cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Heyvanlar o cümlədən iribuynuzlu heyvanlar, qoyunlar, keçilər, atlar və dəvələr ildə bir dəfə bu vaksinlə peyvənd edilir.
Aqrar Xidmətlər Agentliyi qarayara xəstəliyinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini və aidiyyəti yerli qurumları baytar mütəxəssisləri ilə əməkdaşlığa dəvət edərək, xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər. Odur ki, heyvan sahibləri vaxtında sahə baytarlıq məntəqəsinə, rayon(şəhər) baytarlıq idarələrinə və ya Nazirliyin 1652 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.
"Aqrobiznes"
 

CV YARAT